Tarix : 2012 Aug 01
Kod 31947

İslamçıların taleyi ilə bağlı Qızıl Xaç Komitəsinə müraciət olunub

Azərbaycan Respublikasında Həbs Edilmiş İslamçıların taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı Nümayəndəliyinə müraciət ünvanlanıb
/Aran Agentliyi

Azərbaycan Respublikasında Həbs Edilmiş İslamçıların taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı Nümayəndəliyinə müraciət  ünvanlanıb.

İslamın səsi saytının məlumatına görə, Həbs Edilmiş İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri  Məşədi Natiq Kərimovun imzası ilə Nümayəndəliyin Başçısı xanım Şerin Polliniyə ünvanlanan   müraciətdə oxuyuruq:

 

Hörmətli Xanım Şerin Pollini!

Məlumunuz olsun ki, ölkəmizdə 20 illik siyasi fəaliyyəti, kifayət qədər sosial bazası olan və Azərbaycan ictimaiyyətində insan haqları və mənəvi dəyərlərin qorunmasında çəkinmədən mübarizə aparan Azərbaycan İslam Partiyası həmişə təzyiq və təqiblərə məruz qalmışdır. Partiyanın rəhbərliyinin son həbsi də məhz partiya sədri Mövsüm Səmədovun qurumun 02 yanvar 2011-ci il tarixli Baş Məclisindəki məlum çıxışından sonra, yəni siyasi hakimiyyətin rüşvətə və korrupsiyaya uğraması hallarını, sosial problemləri, dini atributlara, o cümlədən hicaba qarşı yaradılmış süni qadağaları dilə gətirərək kəskin tənqid etməsi səbəbindən baş verdi.

Yalançı şahid ifadələri nəticəsində Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə Azərbaycan İslam Partiyasının sədri M.Səmədov 12 il, Partiyanın təşkilat məsələləri üzrə sədr müavini Vaqif Abdullayev 11 il və qurumun Astara Rayon Komitəsinin sədri Ruhulla Axundzadə 11 il 6 ay müddətinə azadlıqdann məhrum edilmişlər.

Günahsız həbs olunan islamçılara qarşı hətta cəzacəkmə müəssisələrində də belə neqativ və ağrıdıcı hallar təkrar olunmaqdadır. Belə ki bronxial-astma və allergiya xəstəliklərindən əziyyət çəkən Vaqif Abdullayevi   təbii iqlim şəraiti belə xəstələr üçün çox ağır fəsadlar törədə bilən 12 saylı “Güzdək” cəzaçəkmə müəssisəsinə göndərmişlər. Nəticədə qısa müddət –cəmi bir aya yaxın zaman keçməsinə baxmayaraq siyasi məhbus Vaqif Abdullayev dünyasını dəyişmişdir. Və sağalmaz xəstəliyə düçar olsa da qanunun tələb etdiyi kimi o, həbsxanadan ailəsinin yanına buraxılmalı olduğu halda, qəddarlıq nümunəsi olaraq ailəsi ilə son vida görüşü istəyinə belə məhəl qoyulmamış, müxtəlif bəhanələrlə yaxınları ilə son görüşə icazə verilməmişdir.

İslam partiyasının həbs olunmuş üzvləri arasında Ruhulla Axundzadə də 15 saylı cəzaçəkmə müəssisəsində eyni faciəli aqibəti yaşamaqdadır. R.Axundzadənin səhhəti bu gün çox ağırdır. Məhbus üçün xarici ölkələrin birindən həkim gətirilməsi zərurəti yaranmışdır.

 

Hörmətli Xanım Şerin Pollini!

Siz İnsan haqlarının müdafiəsi naminə müasir dünyamızda insanların təməl hüquqlarının pozulması və cəmiyyətdən süni ittihamlarla məhrum edilməsi,siyasi baxışlarına, ictimai mənsubiyyətlərinə görə həbsxanalara salınması hallarına qarşı mübarizə aparırsınız. Ümüd edirik ki, sizlərin köməyinə ehtiyacı olanların ədalət və insanlıq naminə haqlarını tanıyacaq, siyasi və vicdan məhbuslarının haqsız yerə həbsxana divarları arasında uzun illər qalacaq, mənəvi sarsıntılara, təzyiqlərə, fiziki sağlamlıqlarını itirilməsini və vaxtsız məhv olmalarına, qarşı addımlar atacaq, kömək edəcəksiniz.

Həbs olunandan bu günə qədər nə Mövsüm Səmədov, nə də onunla birgə həbs olunan digər məhbuslar, o cümlədən Ruhulla Axundzadə heç bir informasiya vasitəsi ilə təmin olunmamışlar. Bu isə məhbusların, xüsusən siyasi məhbusların istədikləri rəsmi mətbuat vasitələri ilə təmin olunmaq hüquqlarının pozulması deməkdir.

Sizdən xahiş edirik humanistlik göstərib baş verən halların araşdırılması, ciddi addımlar atılması üçün 11 saylı cəzaçəkmə müəssisəsində Mövsüm Səmədovun, 15 saylı cəzaçəkmə müəssisəsində Ruhulla Axundzadənin, 7 saylı cəzaçəkmə müəssisəsində Fəramiz Abbasovun, 1 saylı cəzaçəkmə müəssisəsində Firdovsi Məmmədrzayevin, 12 saylı cəzaçəkmə müəssisəsində Dəyanət Səmədovun səhhəti, həbsxana şəraiti ilə yaxından maraqlanasınız. Qeyd etməliyik ki, adını çəkdiyimiz insanlara AŞ Hüquq Məsələləri və İnsan Haqları komitəsində siyasi məhbus statusu verilmişdir.

  • Yazılıb
  • da (də) 2012 Aug 01