Kifayət İsgəndərli: ''Hərbi hissədən bizə məlumat verdilər ki, övladınızı 4 nəfər zabit döyərək öldürüb''
/Aran Agentliyi
Kifayət İsgəndərli: "Hərbi hissədən bizə məlumat verdilər ki, övladınızı 4 nəfər zabit döyərək öldürüb"
İyun ayının 11-də Bərdədə yerləşən “N” saylı hərbi hissədə Gədəbəy rayonundan hərbi xidmətə çağırılmış 18 yaşlı Pərviz İsgəndərli intihar etməsi barədə xəbər vermişdik. Müdafiə Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada əsgərin intihar edərək özünü öldürdüyü bildirilirdi. Lakin mərhumun anası Kifayət İsgəndərli övladının intihar etməsi ilə bağlı deyilənlərin ağ yalan olduğunu söyləyir. FaktXeber.com-a açıqlama verən Kifayət ana övladının hərbi xidmətdə olduğu 6 ay ərzində hər hansı bir problemlə üzləşmədiyini, bütün zabitlərin onun xidmətindən razı qaldığını bildirdi: “Oğlumun xidmətindən hamı razı qalmışdı. O, çox vətənpərvər və əxlaqlı bir övlad idi. Lakin onun rabitə vasitəsilə ermənilərə casusluq etdiyini söyləyirlər. İyun ayının 11-də Pərviz axşam saatlarında qardaşı ilə danışaraq hər bir şeyin yaxşı olduğunu deyib. Lakin iyunun 12-də hərbi hissənin zabitlərindən olan Quliyev Cavanşir o biri oğluma zəng edərək bildirdi ki, qardaşın hərbi hissədən qaçıb. Səhərin gün hərbi hissəyə gedəndə bizə dedilər ki, Pərviz özünü həyətdəki ağacdan asaraq öldürüb. Ağacın budağının üstünü bıçaqla qopartmışdılar ki, guya Pərviz özünü asarkən ağac zədələnib.”
Övladının meyitinə baxarkən dəhşətə gəldiyini qeyd edən Kifayət ana, “mənim balam özünü necə asıb ki, onun əli, qolu, boynu, ayağı sındırılmışdı. Təpik zərbələrindən üzündə və başında xəsarət izləri var idi”, - deyə bildirdi: “Hərbi hissədən bizə məlumat verdilər ki, övladınızı 4 nəfər zabit döyərək öldürüb. Guya Pərviz rabitə sirlərini kiməsə yayacaqmış. Zabitlər törətdikləri cinayətin üzə çıxmaması üçün mənim balamı öldürüblər. “
Sonda övladını müəmmalı şəkildə itirmiş Kifayət ana, aidiyyəti qurumlardan balasını qanının yerdə qalmaması üçün yardım etmələrini istəyib.
Xeber44.Com