Amerikanın Azərbaycandakı din azadlığı haqqında mövqe bildirməsinə mənəvi haqqı çatır
/Aran Agentliyi
Tanınmış ruhani Hacı Şahin Həsənli ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasında dini azadlıqların pozulmasına dair hsabatı ilə bağlı deyib:
“Amerikanın Azərbaycandakı din azadlığı haqqında mövqe bildirməsinə mənəvi haqqı çatır.”
Hacı Şahin Həsənli vurğulayıb : “Hər halda, kiminsə bizim bəyənməsi üçün yox, ümumən, Azərbaycanın dini etiqad və vicdan azadlığını təmin etməliyik. Etiqad azadlığı Konstitusiyada vətəndaşların təsdiq olunmuş üquqlarındandır. Heç kəsə də sirr deyil ki, illər ərzində dini etiqad və vicdan azadlığı ilə bağlı müəyyən problemlər olub. Bəzən dini icmalara süni maneələr yaradılıb. Bu maneələr nəticəsində, əslində, radikal cərəyanların fəaliyyətinə imkan yaradılır.”
Bakıda Məşədi Dadaş məscidinin İmam Cüməsi əlavə edib : “ Problemlərin bəzilərinin Azərbaycanda mövcud olduğu heç kəsə sirr deyil. Amma hesab edirəm ki, o problemlər olsa da, son dövrdə problemlərin həllinə doğru addımlar atılmaqdadır. Xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişikliklər ümid yaradır ki, qarşılıqlı anlaşma və dialoq yolu ilə cəmiyyətdə olan problemlər həllini tapacaq”.
Dini icmaların qeydiyyatı ilə bağlı Hacı Şahin Həsənli qeyd edib : “Qanunvericilikdə dəyişiklik edilib. Əvvəl təsisçilərin sayı 10 nəfər idisə, hazırda icma təsis etmək üçün 50 nəfər olmalıdır. Bu, qanuni yolla olsa da, qeydiyyat prosesini çətinləşdirir. Bütün icmalar Qafqaz Müsəlmanları İdarəsinin rəyindən sonra Komitə tərəfindən qeydiyyata alınır”.
Şagirdlərin hicabla məktəbə getməsinə qoyulan qadağa barədə danışan ruhani deyib : “Hər hansı bir qanunvericilik aktında, Konstitusiyada belə bir şey yoxdur. “Təhsil haqqında” qanunda da belə bir məhdudiyyət nəzərdə tutulmayıb. Əksinə, Konstitusiya bunu dini etiqad hüququ kimi təsdiqləyir. Sadəcə olaraq, məktəblərdə məktəbli forması ilə bağlı qərar verilib. Sadəcə, təhsilin dünyəvi xarakterdə olduğu əsas gətirilərək məktəblilərin hicabla məktəbə getməsinə qadağa tətbiq olunub. İnkişaf etmiş dünyəvi və qərb dövlətlərində belə bir problem yoxdur. Dünyəvilik dini dəyərlərdən imtina etmək deyil. Təhsil müəssisəsində hər hansı bir insan öz istədiyi tərzdə geyinə bilər. Bu bizim mövqeyimizdir. Bu qadağalar da yersiz şəkildə narazılıq, dinlə dövlət arasında müəyyən anlaşılmazlıqlar yaradır. Dindar bir vətəndaş dövlətin qayğısını və bərabərhüquqlu vətəndaşlıq mövqeyini hiss etməlidir ki, kənardakılar narazılıqlardan yararlana bilməsin. Kənardakı müəyyən qüvvələr maraqlıdır ki, Azərbaycanda dövlətlə dindarlar arasında münasibətlər korlansın. Bu əsası biz verməməliyik”.