Tarix : 2012 Aug 06
Kod 32054

“Yazıq Yapon”

Dağıstanlının yapon üzərində saxta qələbəsini azərbaycanlıların xeyrinə sənədləşdirməsi üçün İşanquludan istifadə olunub - əsl “Birləşmiş Millətlər Təşkilatı” qurulubmuş
/Aran Agentliyi

HaqqYolu - Milli serialımızın növbəti hissəsi

Hardasa 11-12 il qabaq o vaxtkı prezident Heydər Əliyev Bakı aeroportunda, ümumən sərhəd-gömrük sistemində rüşvətxorluğun tüğyan etməsi haqda bir müşavirə düzəltmişdi. Məsələn, ən çox tənqid edilənlərdən biri həmin dövrdə Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov olmuşdu. Əliyev ona demişdi ki, bahalı saatlar taxırsan, saatını göstər. Heydərov da qolunu açıb göstərmişdi, Əliyev isə demişdi: “Bura sadə saat taxıb gəlirsən, qızıl saatı evdə qoymusan”.

Həmişəki kimi Heydər Əliyevin müşavirələri koloriti ilə seçilirdi. Sonradan medianın “Aeroport müşavirəsi” adı ilə möhürlədiyi həmin iclasın keçirilmə səbəbini isə Əliyev belə izah etmişdi: sən demə, bir yapon biznesmen Bakıya hansısa iqtisadi iş qurmaq üçün gəlirmiş. Yapon aeroportda düşüb Bakıya varid olmaq istəyəndə sərhədçilər, ya da gömrükçülər ondan 100 dollar rüşvət istəmişdilər. Biznesmen rüşvəti verməmiş, ümumiyyətlə Azərbaycana girməkdən imtina eləmişdi və başqa reyslə uçub getmişdi. Əliyevin sözündən belə məlum olurdu ki, yapon gedib ayrı ölkədə biznes qurub və intervü verib Azərbaycanda rüşvətxorluğu biabır edibdir. Heydər bəy çıxışını belə bitirmişdi: “Yazıq yapon”. Bu adı çəkilməyən yaponun “yazıq yapon” adlandırılması mənim yaddaşıma, necə deyərlər, qızıl hərflərlə həkk olunmuşdu.

Təzəlikcə Azərbaycanın adı növbəti “Yazıq yapon olayı”nda səsləndi. London Olimpiadasında ölkəmizi təmsil edən boksçuya saxta qələbə verilməsi dünya mediasının diqqətində oldu. “Assoşieyted press”dən tutmuş “Şpigel”ə qədər bir çox tanınmış media orqanları bu faktı yazıb yapokratiyanı biabır ediblər.

Əhvalatın qısa məzmunu belədir ki, boksçumuz Maqomed Abdulhamidov yapon Satoşi Şimitzu ilə yarışa çıxıbmış, hakimliyi də İşanqulu Meretniyazov edirmiş. Yapon döyüş ərzində Abdulhamidovun mitilini atsa da sonda Meretniyazov qələbəni Maqomedə verib, sonra Beynəlxalq Boks Federasiyası bu oyunu ləğv edib, İşanqulunu və bizim Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevi yarışdan qovublar.

Əsl beynəlxalq olaydır. Özünüz baxın: Abdulhamidov da əslində azərbaycanlı deyil, yapokratlar çoxlu pul verib bu adamı Dağıstandan alıblar. Deməli, dağıstanlının yapon üzərində saxta qələbəsini azərbaycanlıların xeyrinə sənədləşdirməsi üçün türkmən İşanquludan istifadə olunub. Necə deyərlər, əsl “Birləşmiş Millətlər Təşkilatı” qurulubmuş. Azərbaycan rejimindən bundan artıq nə qabiliyyət, mərifət gözləmək olardı?

İşin maraqlı tərəfi odur ki, hələ bir neçə ay qabaq BBC Azərbaycanın olimpiadada boks üzrə medalları pulla, rüşvətlə almaq cəhdlərindən süjet hazırlamışdı. Hardasa 10 milyon dollara yaxın pulun söhbəti gedirdi. Beynəlxalq qalmaqal olmuşdu, Boks Federasiyamızın sədri, yuxarıda adını çəkdiyimiz “qızıl saatlı” Kamaləddin Heydərov məsələyə münasibət bildirməyə məcbur olmuşdu. Demişdi guya beynəlxalq boks yarışlarına rəsmi şəkildə pul vermişik, sponsorluq eləmişik, rüşvət-zad ola bilməz. Yəni bütün dünyanın diqqəti onsuz bu məsələ üzərində idi, gərək nə qədər gerizəkalı olasan ki, bu durumda təzədən İşanqulunun “xidmətindən” yararlanmaq istəyəsən.

Yapon Şimitzunun xarici jurnalistlərə açıqlaması isə Azərbaycan reallıqları baxımından unikaldır. Boksçu deyib: “Mən şokdayam. Azərbaycanı təmsil edən boksçu dəfələrlə rinqdə yıxıldı, onu döydüm, ancaq niyə qələbə mənim olmadı, başa düşmürəm”.

Doğrudan da “yazıq yapon”... Onun bizim ölkədən xəbəri yoxdur axı. Medianın yüngülvari ittihamına görə baş nazirlərin istefa verdiyi, ləyaqətini nəinki beş-on manata satan, əksinə, ona balaca kölgə düşəndə ölməyi yaşamaqdan üstün seçən bir xalqın oğludur. Bir neçə il qabaq sunami Yaponiyanı alt-üst edəndə dünya mediasında belə xəbərlər yazılırdı: dağıntı bölgələrində bircə oğurluq faktı da qeydə alınmayıb! Əksinə, camaat su çəkiləndən sonra tapdıqları pulları, qiymətli əşyaları, seyfləri polisə təhvil verirdilər. İndi sən bu yapona elə həmin boks federasiyası sədri fövqəlnazirin sel daşqınlarına ayrılan yardımları udmasını necə izah edə bilərsən?

Yapon əl dəymədən nokauta düşər. Bax, belə lazım idi - İşanquluya pul verməkdənsə yapona Azərbaycan həqiqətlərini danışmaq gərək idi...

Zamin Hacı

 

 

  • Yazılıb
  • da (də) 2012 Aug 06