İçərişəhər “Cümə” məscidinin dini icmasının xanımlar heyəti “Qədr gecələrinə doğru” adlı toplantı keçirmişdir
/Aran Agentliyi
Deyerler.org: İçərişəhər “Cümə” məscidinin dini icmasının xanımlar heyəti “Qədr gecələrinə doğru” adlı toplantı keçirmişdir. Seminar bəşəriyyətin xilaskarı Həzrət Muhammədi (s) salamlamaqla başladı. Aparıcı Masiyeva Leyla giriş sözü olaraq xatırlatma etdi ki, Mübarək Ramazan ayını yaşayırıq. Çox fəzilətli günlərin və gecələrin bulunduğu bir ayda fürsətləri əldən verməməliyik. Məsumlarımızdan (ə) bir çox tövsiyələrə toxunaraq, “təharət” libasının mərtəbələrindən, qəlbin paklığının istiğfarla əldə oluna biləcəyindən və s. danışdı. Ramazan ayının zinəti olan Qədr gecəsi və bu gecəyə məxsus nazil olan “Qədr” surəsindən bəhs edərək, xanımları video-çarxa baxmağa dəvət etdi.
“Qədr” surəsinin tilavəti və tərcuməsindən təşkil olunan çarxdan dərhal sonra Hacılı Samirə Qədr gecəsinin fəzilətlərindən, fürsətlərindən bəhs etdi. Qeyd etdi ki, bu gecələri məxsus edən məhz Qurani-Kərimin bu gecədə nazil olmasıdır. “İnsan bu gecə qəflətdə qalmasa, mənəvi mərtəbələri əldə edə bilər” - deyərək, Qədr gecəsinin məxsusi əməllərindən danişdı. Xanımları bu fürsətləri əldən verməməyə səslədi.
Masiyeva Leyla Qədr gecəsinin hüznlü simasından bəhs edərək qeyd etdi ki, bu gecə Kəbə evində doğulan bir Nur səmaya qalxır. Bu Nur azad ruh sahibi Əmirəl-möminin Əli ibn Əbutalibdir. “Bəs biz o Nuru tanıyırıqmı?” - deyərək, sözü Şahverdiyeva Zeynəbə verdi. ““İnsan kimdir?” sualınının cavabıdır Əli (ə)” – deyən Zeynəb xanım, qısa olaraq Həzrət Əlinin (ə) həyatından, əxlaqından, səbrindən, ədalətindən və s. mənəvi mərtəbələrindən danışaraq, çıxışını bu cümlələrlə bitirdi: “Yaşamaq da bir sənətdir, ölmək də bir sənətdir. Allah bütün müsəlmanlara Həzrət Əli (ə) kimi yaşamağı və ölməyi nəsib eləsin”.
Seminarın davamında xanımlar “İmam Əlidən (ə) kəlamlar” adlı video-çarxa baxdılar. Çıxış edən Hacılı Nuranəyə xanımları salamlayaraq, o Həzrətin (ə) şəhadət ərəfəsi haqqında mənəvi sətirlərlə dolu çıxış etdi: “Əli (ə) sevinərkən, hamı hüzn içində idi. Rəbbinin hüzuruna boş mədə ilə getmək istəyiridi, buna görə çox az yeyirdi. Həzrət Əli (ə) öz şəhadətinə hazır idi və bu mübarək günü səbirsizliklə gözləyirdi. Allahın Aslanı yalqız idi o gecə. Həzrət Əli (ə) üçün xoşbəxt bir səhər açıldı. Sübh çağı ilə vidalaşdı və o anlarda hidayət sütunları sarsıldı, seçilmiş İmamlar atası öldürüldü...”.
Növbəti çıxış edən Mirzəxanova Günel Əli (ə) şəhadəti ilə Mövlamız İmami Zaman ağaya başsağlığı verərək “Həzrət Əlinin (ə) Peyğəmbər eşqi” adlı söhbətinə başladı. Həzrət Əli haqqında danışmağın çətinliyindən bəhs edərək qeyd etdi ki, zamanında Əliyə (ə) çox zülmlər olunub, haqqı tapdalanıb. Və bu səbəbdən Əmirəl-mömininin (ə) mübarək məzarı insanlardan 130 il gizli qalıb.
Çıxışçı bir hədisi qeyd etdi ki, Peyğəmbər (s) buyurub: “Ya Əli, səni məndən, məni də səndən başqa kimsə tanıya bilməz”. Həzrət Əli (ə) Peyğəmbər (s) sevgisinin var olmasının bütünlüyü idi. Son olaraq Əliyə (ə) təvəssül etməyin mahiyyətindən danışaraq, sözlərini Əli eşqi ilə dolu olan qəlbdən süzülən dualarla bitirdi.
Seminar “Fərəc” duasının oxunması ilə başa çatdı.
Xəbər xidməti