Tarix : 2012 Aug 07
Kod 32074

ZƏRDÜŞT ƏLİZADƏ 6 RAYONUN VERİLMƏSİNDƏN DANIŞDI

Zərdüşt Əlizadə: ''Kimlərsə itirilmiş Qarabağın əvəzində daşınan-daşınmaz sərvət toplayaraq milyardlara sahib çıxıb və xalqı əzməklə məşğuldur
g/Aran Agentliyi

Qarabağ uğrunda mübarizəni başlayan və qızışdıran Rusiya olub. Həmin dövrdə  dünyada yeganə hərbi, siyasi, maliyyə və kəşfiyyat gücü Rusiyada idi. Ermənistanda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ya Rusiyadan asılı idilər, ya da ki, Rusiyaya qarşı mübarizə aparan beynəlxalq qüvvələr, xüsusilə ABŞ və Qərb dövlətlərinə istinad edirdilər. Ortada Qarabağı düşünən adam yox idi. Yəni siyasi liderlərin heç birini Qarabağ düşündürmürdü.” Bu sözləri FaktXeber.com-a politoloq Zərdüşt Əlizadə son zamanlar mətbuatda ən çox müzakirə edilən “6 rayonu Qarabağa kim verib”, sualına münasibət bildirərkən söyləyib

 

Ekspert qeyd etdi ki, 90-cı illərin əvvəllərində hər bir lider hakimiyyətə gəlmək üçün ilk öncə vəziyyəti ağırlaşdırmağa çalışırdı: “Bundan sonra münaqişənin ağırlığına tab gətirməyən hakimiyyətdəki qüvvələri kənarlaşdırmaq asan olurdu. Ona görə də Azərbaycan özündən həm əhali, həm də ki, ərazi baxımından bütün iqtisadi gücü ilə 3 dəfə zəif olan Ermənistana uduzdu.”

 

Zərdüşt bəy onu da vurğuladı ki, həmin dövrdə hansı qüvvələrin hakimiyyət uğrunda mübarizə apardığı və kimlərin Qarabağ gedəndən sonra milyoner olması hamıya gün kimi aydındır: “Baş verənləri heç açıqlamağa da ehtiyac yoxdur. Hadisələrin hamısı göz qabağındadır. Bəziləri itirilmiş Qarabağın əvəzində daşınan-daşınmaz sərvət toplayaraq milyardlara sahib çıxıb və hakimiyyətdə oturaraq xalqı əzməklə məşğuldur. Kimlərin həmin qüvvənin və adamın tulası, nökəri və casusu olması da hamıya aydındır. Məncə bunu da açıqlamağa ehtiyac yoxdur."

  • Yazılıb
  • da (də) 2012 Aug 07