miri/Aran Agentliyi
“Orda bir generalın villası var, gözümüzün önündə əsgərləri qul kimi işlədirdilər”
Ötən saylarımızda intihar etdiyi deyilən əsgər Pərviz İsgəndərlinin anasının açıqladığı şok faktları dərc etmişdik. Dünən isə əsgər anası Kifayət İsgəndərli vəziyyətlə bağlı mətbuat konfransı keçirdi.
İsgəndərova təkrar bəyan etdi ki, oğlunun öldürüldüyündən əmindir: “Övladımın meyiti bizə təhvil veriləndə dedilər ki, Pərviz 4 saat əvvəl ölüb. Amma meyitə iydən yaxın durmaq olmurdu. 4 saat qalan meyitdən məgər o cür iy gələr? Meyitin üzərində kifayət qədər xəsarət izləri var idi. Qolu, ayağı, boynu sınmışdı. Məgər özünü asan adamın harasısa sınır ki? Bəs özünü asıbsa, onda sifətində və başının arxasında olan xəsarət izləri nə idi? Onu əvvəlcə vəhşicəsinə döyüblər, sonra isə öldürüblər. Oğlumun cəsədindəki cırmaq yerləri və qançırlar işgəncənin nəticəsidir. Ölümündən sonra xəbər tutduq ki, əsgərlikdə olarkən dostlarına zəng edib deyirmiş ki, məni incidirlər, bacarırsınızsa, evinizi satın əsgərliyə gəlməyin”.
Anasının dediyinə görə, Pərviz öncə Bərdənin yaxşı şəraitli hərbi hissələrindən birinə düşüb, sonra da pul verilmədiyinə görə rayondakı digər bir hərbi hissəyə göndərilib “Nə baş veribsə, həmin hərbi hissədə olub. Təzə getdiyi hərbi hissədə bir ay ərzində 8 nəfər əsgər ölüb. Hamısının da ölümü müəmmalı olaraq qalır. Pərviz 8-ci əsgər oldu”.
Dərdli qadın ekspertiza rəyini ona vermədiklərini bildirdi. Əlavə etdi ki, yerli sakinlər həmin hərbi hissənin komandiri Qasımlının amansızlığı haqda ona danışıblar: “Dedilər ki, bu hərbi hissədə əsgərlər komandirlərin obyektlərində işçi kimi işləyirlər, ərzaq məhsulları oğurlanır. Bundan başqa, komandirlər əsgərləri təhqir edir və alçaldırlar. Əsgərlərə gətirilən ərzaq hərbi hissənin arxasında olan dükanda satılır”.
K. İsgəndərovanın sözlərinə görə, oğlunun müəmmalı ölümü ilə bağlı məlumatlar mətbuatda yayılandan sonra, onu Nəsimi Rayon Hərbi Prokurorluğuna çağırıblar: “Bu gün (dünən -red.) səhər Fəxrəddin İsayev adlı müstəntiqin yanında olduq. Müstəntiq bizə bildirdi ki, hazırda işlə bağlı araşdırma aparılır və 3 nəfər əsgər saxlanılıb. Lakin əsgərlərin kimliyi ilə bağlı bizə hər hansı bir məlumat vermədi”.
Əsgər anası başqa tükürpədici ittihamlar da səsləndirdi: “Övladımın meyitini alarkən, daxili orqanları çıxarılmışdı. Hətta orada eşitdik ki, öldürülən 8 əsgərin hamısının daxili orqanları götürülərək xaricə satılıb. Hərbi hissəsinin yanında yerləşən dükanda əsgərlərin ərzaqları əhaliyə satılır. Əsgərlər orda-burda yemək yeyirlər. Əksəriyyəti ac qalır. Yerli əhali də əsgərlərə aid ərzaqların onlara satılmasını təsdiqləyir. Hərbi hissənin yanında hansısa generallardan birinin villası var. Əsgərlər səhərdən axşam qədər orada işlədilirdilər. Uşaqların günün altında qalmaqdan rəngləri solmuşdu. Əgər hərbi hissə ilə bağlı vaxtında tədbir görülməsə, mənim kimi bir neçə ananın gözü yaşlı qalacaq. Mən istəmirəm ki, mənin balamın başına gələn bədbəxt hadisə digər əsgərlərin də başına gəlsin”.
Kifayət xanım oğlunun ölümünə səbəb olacaq bir hadisəni də xatırlatdı: “Pərviz xidmət zamanı rabitədə olarkən, iki zabit aralarında gizli danışırmış. Sonra Pərvizin komandiri rabitə vasitəsilə səslənib ki, “İsgəndərli sən xətdəsən?” Pərviz də cavabında “bəli” deyib. Yəni Pərviz onların arasındakı danışığı eşidib. Oğlumun ölüm hadisəsi də məhz həmin gecə baş verib. Mən əslində belə demək istəmişəm. Lakin bundan öncə deyilən məlumatda müəyyən anlaşılmazlıq olub”.
Tədbirdə çıxış edən hüquq müdafiəçisi Ələkbər Məmmədov olayla bağlı müraciət hazırlanaraq aidiyyəti qurumlara və şəxslərə göndəriləcəyini dedi. K. İsgəndərova da bildirdi ki, işin araşdırılması xahişi ilə müvafiq orqanlara müraciət edib, Hərbi Prokurorluq araşdırmaya başlayıb, lakin hələlik araşdırmanın nəticələri bəlli deyil.
Dünən məsələ ilə bağlı Hərbi Prokurorluqdan və ya Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdlərimizsə nəticə vermədi.