Tarix : 2012 Aug 07
Kod 32099

Evsiz köçkünlərə... xərçəng təhlükəsi var

Qarabağ sakinlərinin ikinci dəfə qaçqın düşdükləri çadırlardan reportaj
miri/Aran Agentliyi

Avqustun 1-də Binəqdəi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 31 ünvanındakı yanğın 114 köçkünü evsiz qoyub. Onlardan 32 köçkün ailə köhnə trolleybus parkında qurulan çadırlarda yerləşdirilib. Artiq həmin yerdəyəm. 

...Kreditə götürdüyü əşyalar yanıb

...Parkın giriş qapısında mühafizəçilər dayanıb. İçəri keçib çadırlara girirəm. Günorta vaxtı içəridə nəfəs almaq olmur. Fövqəladə Hallar Nazirliyi hər ailəyə bir sərinkeş verib, amma asfaltda qurulmuş çadırlarda sərinlik olmur. Yanğından sonra evsiz qalan qadın qəzetimizə deyir ki, verilən kompensasiya əşyalarını almağa bəs etməyəcək; təzəlikcə paltaryuyan maşın, soyuducu, divan alıbmış. Özü də hamısını kreditə götürüb, hələ borcunu da verməyib.

Qadının dərdi açılır: “Deyirlər, binanı təmir edib bizi ora yerləşdirəcəklər. Divarlar tökülür. Bu gün təmir edəndə beşinci mərtəbənin balkonu uçub, hamı aşağı düşüb. Deyirlər, iki balan var, yanğından qurtarmısan, indi də, get, uçan binada saxla!”

Qadın deyir ki, o bina 4 dəfə yanıb. Hər dəfə yananda komendant rəsmi qurumlara müraciət edib ki, burada yaşamaqn təhlükəlidir. Amma fikir verməyiblər: “Yanğın köhnə naqillərə görə olub. Hər qış evlərdə naqillər partlayıb, yanğın törədib. Bina iki dəfə də qazdan elə partlayıb ki, evin qapısını çıxarıb eyvandan yerə atmışdı. Sonra qazı da kəsdilər. Hamı işıq işlədirdi. Səkkiz-on ildir qaz yoxdur. İndi bir-iki aya təmir eləyib evimizi verəcəklər. Bəs o vaxta qədər küçədə, çadırlarda necə dözək?”

Çadırdakı 5 nəfərin əynində olan paltarlar qonşunundur: hərə bir geyim əşyası verib. Onlar üç gündür çimə bilmirlər. Hər gün isti çadırlarda tərə batsalar da, nə dəyişəkləri, nə də hamamları var. FHN-nin işçiləri sakinlərə deyib ki, bu gün (dünən-red.) hamamı hazır edəcəklər”.

Yeməkdən narazıdırlar

Köçkün onlara nahar yeməyində verilən toyuq supunu göstərib deyir: “Bunu gör kim yeyər? Duru yağla supu mən necə yeyim? Mən belə yeməkləri balama yedizdirmirəm. Dünən makaron veriblər, yeyə bilməmişik. Gedib, kolbasa alıb, uşaqlara yedirtmişəm. Suyu alüminium qazanda qaynadırlar. İçinə də şəkər atırlar. Qapqara tökürlər bu kapron qablara, gətirirlər, ağzına ala bilmirsən”.

Qadın deyir ki, yanan bina təmir olunsa da, orada yaşamalı deyil: “Bizə deyirlər ki, siz özünüz binanı yandırmısınız. Mən necə balamın qaldığı evi yandıra bilərəm? Evimdən bir stəkan belə çıxara bilməmişəm. Bizə ev versən də, boş ev verəcəksən, mən 20 ildə yığdığımı niyə yandırmalıyam?”

Məcburi köçkünlərin ermənilərin əlindən qaçırdıqları əşyaları Bakıda yanğında külə dönüb. Qadınlardan biri qızına yığdığı cehizin də yandığını deyir.
“Yanğından iki gün sonra televiziya kanallarından gəldilər. İki nəfər də rütbəli şəxs gəldi ki, buradakı şəraitdən danış. Məndən soruşdular ki, “Fövqəladə Hallar Nazirliyinin işindən razısan?” Qadın deyir, tərpənəndə toz adamı boğur: “Əməliyyat edilmiş uşaq hərəkət eləyəndə, burnu tutulur. FHN-nin işçisi də deyir: “Bəs biz eləməsəydik necə olardı?” Kanallar gündüz çəkirlər, axşam gedib qonşuların evində baxırıq hamısı tərsinə verir. Kim hərtərəfli danışırsa, başdan iki cümləni verir, arxası yoxdur”.

“Nazirlər Kabinetinin ayırdığı 3200 manat yaramızı sağaltmayacaq”

Çadıra sığınan qadın Nazirlər Kabinetinin 4 nəfər ailə üzvü üçün təyin etdiyi 3200 manatı alıb. Amma bu pulun yaralarını sağaltmayacağını deyir: “Sentyabrda yağış düşəcək. Nə uşağımın, nə özümün bir dənə qollu paltarım yoxdur. O 3200 manat mənim hansı yaramı sağaldacaq? O pulla evimə əşya alım, ya əynimə paltar? Orası-burası açıq bir pozğun gəlir oxuyur, gör, hökumətimiz ona nə qədər pul xərcləyir? 1 milyarda Tarkanı gətirirlər. O pulla buranı brilyant qaşla bəzəmək olar”.

Bu vaxt FHN işçiləri ağcaqanad dərmanı gətirir. İzah edirlər ki, bu kremi əllərinə, ayaqlarına sürtüb yatsınlar. Bundan sonra onların üstünə ağcaqanad qonmayacaq. Çadırdakı qadın etiraz edir ki, parkdakı qərargahın, tibb məntəqəsinin, yeməkxanasının kondisioneri var, amma çadırlarda yaşayan insanların yoxudur. FHN işçisi cavab verir ki, kondisionerləri isti hava vurur.

“İki dəfə etiraz aksiyası keçirmişik”

Evsiz qalan qadın deyir ki, bura gəldikləri ilk gün etiraz aksiyası keçiriblər. Onlarla heç kimin maraqlanmadığını görüb Dərnəgül yolunu bağlamaq istəyiblər. Amma polis qoymayıb: “Polislər bir hay-küy saldılar, qayıtdıq gəldik. Sonra dedilər ki, binanın o biri tərəfinə yenə sakinlər yığılıblar. Bu zaman evsiz qalan qadını polislər vurublar”.

Laçın köçkün Azər Süleymanov evlərinin təmirdən sonra da düzəlməyəcəyini deyir: “Səhərdən onun dərdini çəkirəm ki, eyvanımız uçur, biz orada necə duracağıq? Qonşular deyir ki, binadakı naqillərdə qığılcım olub, tez işığı söndürüblər, amma yenə alışıb. Bundan sonra bazar alışdı. Üçüncü mərtəbədən bazara su töküblər ki, yanğın sönsün. Keçən il ekspert gəlib yoxladı, dedi ki, binanın bir tərəfi 1 metr çöküb. İndi bina çökən tərəfindən yanıb. Keçən dəfə yanğın olanda neçə nəfər sakin şəkər xəstəliyinə tutuldu”.

FHN-nin həkimi: “24 saat xidmət göstəririk...”

...FHN-nin tibbi sanitariya çadırına keçdim. Həkim Nizami İsmayılov qəzetimizə deyir ki, bu günə qədər sakinlər qrip və günvurmaya görə onlara müraciət ediblər: “Müraciət edən şəxsə lazım olan ilkin tibbi yardımı göstəririk. Sakinlər çadırlarda sərinkeşlə təmin olunublar. Onların qalmağa yerləri var, axşam olanda bura gəlirlər. Onlara 24 saat xidmət edirik”.

Məntəqədə ilkin tibbi yardım üçün dərmanlar və avadanlıq var. Həkim deyir ki, məntəqədə 4 həkim işləyir. 6 saatdan bir növbələrin dəyişirlər. Sakinlərin dediyi kimi, FHN-nin həkim məntəqəsində kondisioner var, amma sərinkeş də işləyir. Bunu soruşduqda həkim deyir ki, kondisionerin sərinliyi qarşı tərəfə keçmədiyinə görə sərinkeş qoyublar ki, sərinliyi onları vursun.

“Anbar” yazılan çadıra girdim. Burada yeməklər, ərzaqlar və plastik qablar saxlanılır. FHN-nin aşbazı “Bizim Yol” a deyir ki, sakinlərə yeməklər ən keyfiyyətli ərzaqlardan hazırlanır: “Ən bahalı yağlardır. Onlara elə yemək veririk ki, camaat evində bunu tapa bilmir. Makaron, düyü, çay, təzə pomidor-xiyar...”

Aşbaz deyir ki, çadırda yaşayanlara səhər pendir, kərə yağı, 2 ədəd yumurta, şirin çay, naharda və şam yeməyində müxtəlif qazan yeməkləri verirlər. Diqqətimi o da çəkir ki, isti yeməklər və çaylar birdəfəlik istifadə olunan plastik qablarda servis edilir. Mütəxəssislər hər zaman bildirirlər ki, birdəfəlik istifadə olunan plastik qablarda isti yeməklərin verilməsi orqanizmə ziyandır. Plastik qabları 20 dərəcədən yüksək temperaturda saxlamaq olmaz, amma kondisioneri olmayan isti anbarda temperatur 35 dərəcədən yüksəkdir. Mütəxəssislər deyirlər ki, hərarət artdıqca, bu qablarda olan zərərli elementlər içindəki məhsula hopur və orqanizmi tədricən zəhərləyir. İsti yemək qabın tərkibi ilə qarışır. Amerikalı alimlər deyir ki, bu qablar xərçənğ xəstəliyi yaradır.

Müfafizəçi: “İndiyə qədər heç bir problem olmayıb”

...Trolleybus parkını tərk edəndə qapının çıxışında duran mühafizəçidən sakinlərin aksiyası barədə soruşdum. Mühafizəçi Telman Muradov deyir ki, heç bir etiraz aksiyası olmayıb: “Buranı 24 sutka mühafizə edirik. İndiyə qədər heç bir problem olmayıb”.

Usta: “Yanan binanı bir aya təmir edərik...”

Yanan yataqxanaya yollanıram. Ustalar yanmış əşyaları eyvanlardan yerə atırlar. Mənzilləri təmir edən usta qəzetimizə deyir ki, təmirdən sonra bu binada yaşamaq mümkün olacaq: “Təmiri, inşallah, bir aya qurtararıq”. Mənzildən çıxan başqa usta danışmağa yasaq qoyulduğunu deyir: “Bizə deyiblər ki, işinizi görün, heç kimə heç nə deməyin”.

Yataqxananın yanmayan hissəsində yaşayan İlahə Atakişiyeva “Bizim Yol” a deyir ki, onlar evlərində qorxu içində yatırlar: “Naqillər köhnədir. Yenə qısaqapanmadan yanğın baş verə bilər. Bura üçüncü dəfədir yanğınsöndürənlər gəlir. Bundan əvvəlki yanğının fəsadları hələ qurtarmayıb. Mənzilləri yalandan yamayıb camaatı aldatmasınlar”.
Mənzili yanan 64 yaşlı İmamqulu Talıbov deyir ki, zəlzələ və qaz partlayışından sonra bina zədələnib. Binada qaz partlayarkən onun nəvələri də xəsarət alıb. “Bura rəng, döşəmə vursalar da xeyri yoxdur. Yanğın bu evlərin betonlarını zədələyib”.

Lal qadının... harayını eşidən yoxdur

Bu arada nitq qüsurlu xanım əlini bir neçə il öncə partlayan naqil şəbəkəsinə uzadıb bir əlini ürəyinə qoyur. Narahatdır, amma demək istədiklərini çatdıra bilmir. Bizə anlada bilmədiklərini oğlu- 9 yaşlı İlkinin sözə çevirməsini istəyir. Uşaq deyir: “Burada yanğın olur, anam da qorxur”.

Yanmış binadakı vəziyyət o nitq qüsurlu qadının durumuna bənzəyir. Hər kəs təhlükəni hiss edir, amma səsini çatdıra bilmir, elə bil yuxuda səni boğurlar, qışqırırsan, səsini eşidən isə yoxdur...

  • Yazılıb
  • da (də) 2012 Aug 07