Sabunçu polisi tərəfindən saxlanılan Hacı Mehdi Şamillinin Azərbaycan İslam Pratiyasına (AİP) heç bir aidiyəti yoxdur
/Aran Agentliyi
Sabunçu polisi tərəfindən saxlanılan Hacı Mehdi Şamillinin Azərbaycan İslam Pratiyasına (AİP) heç bir aidiyəti yoxdur. Bu barədə SalamNews-a AİP sədrinin müavini Hacı Akif Heydərli bildirib.
O deyib ki, Hacı Mehdi vaxtilə partiyanı yaradanlardan biri kimi Ali Məclisin üzvü olub. Lakin 1999-cu ildən partiya sıralarını tərk edib və hazırda onun AİP ilə heç bir əlaqəsi yoxdur: “Hacı Mehdinin həbsi ilə bağlı bu səhər məlumat almışıq. Eşiddiyimiz odur ki, Mehdi Sabunçu polisi tərəfindən saxlanılıb, lakin hansı ittihamla bizə bəlli deyil”.
Xatırladaq ki, ötən gün polis tərəfindən keçirilən əməliyyat zamanı Mehdi Şamilli saxlanılıb. Sabunçu RPİ-nin yaydığı məlumata əsasən, onun üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkarlanıb. Onun barəsində Azərbaycan Respublikası CM 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.