Tarix : 2012 Aug 08
Kod 32115

MUSAVAT: NAZİRLƏRİMİZDƏN BİRİ 153 MİN DOLLARA ÇAXIR ALIB

Əməkdaşımız Bakıda bahalı şərab satan mağazalarda olduqca maraqlı faktlar əldə etdi; paytaxt mağazalarında ən bahalı şərab 4 min manata satılır
/Aran Agentliyi

XXX Yay Olimpiya Oyunlarını izləmək üçün Londona ezam olunan Avstraliyanın aparıcı media quruluşu “The Australian Financial Review”in eyni adlı biznes və maliyyə qəzetinin əməkdaşı Jak Hayes səfər təəssüratlarını qələmə alıb. “Turan” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, jurnalistin Londona gəlişi, olimpiadanın rəsmi açılışı, krallıq paytaxtının həyatı və başqa maraqlı qeydlərlə zəngin məqalədə Azərbaycanın rəsmi nümayəndə heyəti ilə bağlı məqam da yer alıb. Avstraliyalı jurnalist dostları ilə Londondakı dəbdəbəli restoranlardan birində istirahəti zamanı maraqlı mənzərə ilə qarşılaşıb.

Yak Hayes yazır ki, o, dostları ilə nahar edərkən Azərbaycan nümayəndə heyəti də, başda prezident Əliyev olmaqla, həmin restoranda imiş. Jurnalistin yazdığına görə, prezident və restoranda onunla birgə olanlar bahalı çaxır növlərindən dadıblar. Azərbaycan heyətinin həmin gecədə ödədiyi hesab da jurnalistə məlum olub: 40 min funt-sterlinq (60 min dollar!) Jurnalistin yazdığına görə, yeni azərbaycanlılar restorandakı “Chateau d’Yquem” və “Petrus” kimi bahalı çaxırlardan içiblər.

Xəbərdə qeyd olunur ki, “Chateau d’Yquem” və “Petrus” çaxırları dünyada ən bahalı spirtli içkiləri sırasına daxil edilib. Dünyanın müxtəlif şəhərlərindəki restoranlarda belə içkilər olduqca zəngin insanların ziyafətlərini bəzəyir. “Chateau d’Yquem” fransız çaxırı daha çox qədimiliyinə görə bahadır. Onun başlanğıc qiyməti 5-6 min funt sterlinq (7-8 min dollar) dəyərindədir. “Petrus” çaxırının başlanğıc qiyməti isə 1-2 min dollar dəyərindədir. Bu içki də qədim çaxırlar sırasına daxil edilib.

Qeyd edək ki, Azərbaycanda da bahalı çaxır növlərinin satıldığı mağazalar kifayət qədərdir. Xüsusilə paytaxt Bakıda Tiflis prospektində yerləşən şərab mağazalarında dünyanın müxtəlif ölkələrindən gətirilən bahalı şərab növləri satılır. Ötən gün belə mağazalardan bir neçəsinə baş çəkib, oradakı şərab növləri və onların qiymətləri ilə maraqlandıq. Əsas məqsədimiz isə “Chateau d’Yquem” və “Petrus” kimi bahalı içkilərin paytaxt mağazalarında satılıb-satılmadığını öyrənmək idi. Çünki dünyanın bir çox dövlətində standartdan baha çaxırların satılması qadağan olunub. Məsələn, 2010-cu ildə BBC media korporasiyası London restoranlarında çaxırların baha qiymətə satılmasını sərt tənqid etmişdi. Media korporasiyasının apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, London restoranlarında dəyəri 40-50 min funt-sterliq olan çaxırlar da satılır.

 

Daha çox məmurların sifarişini yerinə yetiririk

Şərab mağazalarından öyrəndik ki, “Chateau d’Yquem” və “Petrus” şərablarıı sifarişlə satılır. Satıcı Azər deyir ki, “Petrus”u tapmaq elə də çətin deyil. “Chateau d’Yquem”, “Cognac”, “Glenddich”, “Lheraud” kimi şərab növləri isə ilinə və qiymətinə görə fərqlənir. Yəni sözügedən markaların 90-cu ildə istehsal olunmuş növlərinin qiyməti 8 min manatdan yuxarıdır. 2001-2007-ci illərdə istehsal olunan növlərinin qiyməti isə 2000-3800 manat arası dəyişir: “Əsasən imkanlı insanlar, dövlət məmurları gəlib alırlar. Bahalı çaxırları əvvəlcədən dadmaq olmur. Çünki onlar ilinə görə satılır. Bir qədər ucuz çaxır növlərini almaq istəyən müştərilərimiz üçün isə əvvəlcədən məhsulun dadına baxmağa şərait yaradırıq”.

 

Dünyanın ən bahalı şərablarından biri Bakıya satılıb

Bir başqa şərab satılan mağazada olarkən maraqlı bir hadisənin şahidi oluruq. İki satıcı içəri girərək əllərindəki iki şüşə çaxırı ehtiyatla hədiyyə paketinə bükürdülər. Öyrənirik ki, həmin çaxırlar sifariş olunub. Satıcıdan şərabların adını və qiymətini soruşuruq. Sahil adlı satıcı dedi ki, “2004 Block 42" adı ilə istehsal edilən üçüncü nəsil şərab 4 min manata satılır. Satıcının sözlərinə görə, Avstriya istehsalı bu şərab 70 hektar üzüm sahəsindəki ən yaxşı üzümlərdən toplanıb. Birinci yığımda istehsal olunan çaxır Azərbaycana bir dəfə gətirilib. Sifarişlə gətirilən çaxır, internet vasitəsi ilə 153 min dollara hansısa nazirə satılıb: ”Təbii ki, ondan da bahalı çaxır növləri var. Dünyanın ən köhnə “Cabernet Sauvignon” şərablarını istehsal edən şərab evində hazırlanan içkilər qiymətlərinə görə rəqiblərini geridə qoyur. Bizim bildiyimiz faktlar azdır. Azərbaycanda elə imkanlı məmurlar var ki, onlar bahalı şərab düşkünüdür".

Mağazanı gəzərkən “Chateau d’Yquem”i tapmasaq da, onun bir qədər ucuz növü olan “Chateau Larrivet Haut-Brion”a rast gəldik. Satıcı dedi ki, qiyməti 4 min manatdır. Əlavə etdi ki, ikisini alsaq 400 manat endirim edə bilərəm. Satıcıdan bizə bahalı şərab növləri barədə məlumat verməsini xahiş etdik. O dedi ki, şərab xəzinə kimi bir şeydir, baxır onu nə vaxt tapmısan: “Sözsüz qədim şərablar daha baha satılır. Bunlar kolleksiya növünə aiddir. Çünki illər keçdikcə bu şərab növləri daha da yaxşılaşır, keyfiyyəti artır. Avropada bahalı şərablar daha çox satılsa da, onların ən çox alıcısı elə asiyalılardır. Hazırda Avropada ən bahalı, 17-ci əsrə aid bir şüşə ”Dul qadın Kliko" şərabı 200 min, “Juqlar” şərabı isə 340 min avroya satılır".

 

Yerli istehsal rəqabətə girə bilmir

Sonda qeyd edək ki, olduğumuz şərab mağazalarında Azərbaycanda istehsal olunan şərab və konyak növlərinin vitrində daha arxa sıralarda olduğunu görüb, bunun səbəbini soruşduq. Satıcılar deyir ki, burada bir necə faktor var - qiymət, keyfiyyət və görüntü. “Tovuz” Şərab Zavodunun istehsal etdiyi “Nizami”, “Ağdam”, “Şuşa”, “Qarabağ” konyak və şərablarının qiymətləri 100 manatdan başlayır. Bu şərab növlərinə tələbatın az olmasının yeganə səbəbi Gürcüstandan gətirilən ucuz və keyfiyyətli ordinar şərab növlərinin Bakı bazarına ayaq açmasıdır.

Müsahiblərimiz onu da dedilər ki, hazırda Ramazan ayı olmasına və orucluğa baxmayaraq, məmurların və digər zənginlərin şərab sifarişləri azalmayıb.

Fərahim İLQAROĞLU

  • Yazılıb
  • da (də) 2012 Aug 08