Tarix : 2012 Aug 17
Kod 32127

“HACI VAQİFİN ÖLÜMÜNƏ BAİS OLANLAR CƏZALANMALIDIR”

İctimaiyyətinin 100-dən çox tanınmış siması etiraz bəyanatı qəbul edib
m/Aran agentliyi

Azərbaycan ictimaiyyətinin tanınmış simaları Hacı Vaqif Abdullayevin türmədə faciəli vəfatı ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda bildirilir: “Biz, aşağıda imza edənlər, siyasi məhbus Hacı Vaqif Abdullayevin dünyadan köçməsi ilə bağlı dərin narahatlığımızı bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Biz hesab edirik ki, İslam Partiyasının sədr müavini olan Hacı Vaqif Abdullayev öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız və qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumedilmə yerlərində onun xəstəliyinin şiddətlənməsinə baxmayaraq, barəsində yetərli tibbi tədbirlər görülməyib, kompetent həkim nəzarəti və ciddi müalicə təmin edilməyib. Bu azmış kimi, xəstəliyinin son dərəcə şiddətlənməsi mərhələsində belə vəkili Anar Qasımlının həyəcan təbili çalmasına baxmayaraq, Hacı Vaqif Abdullayevin xilası üçün zəruri və kafi addımlar atılmayıb. Bunun nəticəsində 2012-ci il, iyulun 12-də o, zindanda dünyasını dəyişib”.

Bəyanatda Hacı Vaqifə qarşı qəddar davranışa qəti etiraz bildirilir, onun ölümündə günahkar olanların aşkar edilib məsuliyyətə cəlb edilməsi, faktın hərtərəfli araşdırılması üçün kompetent və səlahiyyətli komissiyanın təşkil edilməsi tələb edilir: “Biz ümumiyyətlə, siyasi məhbusların həyat və sağlamlıqlarına birbaşa və aşkar təhlükənin mövcudluğundan narahatlığımızı bildirir, bu sahədə vəziyyətin təcili düzəldilməsini, siyasi və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın o cümlədən azadlıqdan məhrumedilmə yerlərində də hüquqlarının qorunmasını tələb edirik”.

Bəyanatı İsa Qəmbər, Əli Kərimli, Hacı İlqar İbrahimoğlu, Rauf Arifoğlu, Pənah Hüseyn başda olmaqla, Azərbaycan ictimaiyyətinin 100-dən çox tanınmış siması imzalayıb (Tam siyahı ilə deyerler.org saytında tanış ola bilərsiniz).( musavat)

  • Yazılıb
  • da (də) 2012 Aug 17