Elçin Behbudov: “Ramil Usubovla görüşəndə bu məsələni nazirin diqqətinə çatdıracağam”
m/Aran agentliyi
Xəbər verdiyimiz kimi, iki gün əvvəl vəkil Cavad Cavadov Kürdəxanı təcridxanasında Hacı Mehdi Şamilli ilə görüşüb. C.Cavadov müvəkkilinin həbs olunarkən fiziki zorakılığa məruz qaldığını, döyüldüyünü bildirmişdi: “Həbs olunduqdan sonra Hacı Mehdinin üzərindən narkotik vasitə çıxdığı rəsmiləşdirilib. Amma bu rəsmiləşdirməyə qədər özünün dediyinə görə, onu 3 gün döyüblər. Sadəcə olaraq, aradan uzun zaman keçdiyi üçün döyülmə izləri qalmayıb. Bəzi kiçik qızartılar qalıb”.
Ötən gün bizimlə söhbətində vəkil C.Cavadov bildirdi ki, Hacı Mehdiyə fiziki zor tətbiq olunaraq döyülməsi ilə bağlı vəsatət hazırlayıb, bundan başqa, Hacı Mehdinin üzərindən tapılan narkotikin ekspertiza olunması ilə bağlı müraciət edib. Vəkil deyir ki, Hacı Mehdinin üzərindən tapıldığı iddia olunan narkotikin üzərində onun əl izləri olmalıdır.
Hacı Mehdi Şamillinin qardaşı Tərlan Şamillidən aldığımız məlumata görə, ailə üzvləri məruz qaldığı işgəncələrlə bağlı Azərbaycan İşgəncələr Əleyhinə Komitəyə və hüquq müdafiəçisi Eynulla Fətullayevə müraciət ediblər: “Biz hüquq müdafiəçilərinə müraciət etmişik. Hacı Mehdi həbs olunarkən ona qarşı zor tətbiq olunmasını, döyülərək işgəncəyə məruz qalmasının araşdırılmasını tələb edirik”.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bizimlə söhbətində dedi ki, Hacı Mehdinin işgəncəyə məruz qalması ilə bağlı ailə üzvlərindən müraciət alıb. Hazırda Bakıda olmadığını deyən E.Behbudov yaxın günlərdə Bakıya dönəcəyini və bu məsələni araşdıracağını bildirdi: “Cümə günü qayıdıb bu mövzunu araşdıracam. Eyni zamanda yaxın günlərdə daxili işlər naziri Ramil Usubovla görüşüm olmalıdır, bu görüşdə Hacı Mehdinin məsələsini nazirin diqqətinə çatdıracağam”.
Xatırladaq ki, Hacı Mehdi Şamilli avqustun 7-də Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik əldə etmə, saxlama, daşıma, göndərmə, satma) maddəsi ilə cinayət işi başlanıb. Həbs olunan gün polis onun yaşadığı evdə axtarış aparsa da ailə üzvlərinin dediyinə görə, heç nə tapılmayıb. Yalnız polis idarəsində elan olunub ki, M.Şamillinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edilib. Sabunçu Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Vəkilin bildirdiyinə görə, istintaq ona qarşı casusluq maddəsi ilə iş başlamaq istəyir.