Prezident Administrasiyasının qarşısına toplaşan yüzə yaxın vətəndaşı polis qovdu
m/Aran agentliyi
Avqustun 14-də “Qasid” yayım firmasının yüzə yaxın əməkdaşı köşklərinin götürülməsinə etiraz olaraq Prezident Administrasiyasının (PA) qarşısında etiraz aksiyası keçirib. Qəzet satıcılarının “Yeni Müsavat”a verdiyi məlumata görə, onlar köşklərinin götürülməsinə və administrasiyaya ünvanladıqları müraciətlərinin cavablandırılmamasına etiraz edbilər.
Satıcıları qurumda heç kim qəbul etməyib. Əksinə, onlar polislər tərəfindən zorla ərazidən uzaqlaşdırılıblar. Satıcılar deyirlər ki, bu zaman onlara qarşı polislər tərəfindən zorakılıq tətbiq edilib.
Satıcıların sözlərinə görə, onlar bir neçə günə ailələri ilə birgə Prezident Administrasiyasının qarşısında silsilə aksiyalar keçirəcəklər. Qeyd edək ki, “Qasid”in əməkdaşları iyulun 17-də də Prezident Administrasiyasının qarşısında aksiya keçirmişdilər. Onların qarşısını kəsən polislər aksiyaçılara qurumun qəbul otağına getməyə imkan verməmişdi. Ancaq mübahisələrin sonunda aksiya iştirakçılarından beş nəfəri qəbul otağına buraxılmışdı. Qurumdan şikayətçilərə bildirilmişdi ki, onlara köməklik ediləcək və məsələ araşdırılacaq. Qasidçilər həmin gün administrasiyaya rəsmi şəkildə şikayət təqdim etmişdilər. Lakin aradan keçən bir aya yaxın müddət ərzində “Qasid”in köşkləri ilə bağlı vəziyyət daha da pisləşib. Yayım firmasının paytaxtdakı bütün köşklərinin götürüləcəyi gözlənilir.