Yenə sual yaranır: 20 faiz torpaqları işğal olunmuş, erməni əlində qadın əsirləri olan Azərbaycan Respublikasında matəm elan olunubmu?
g/Aran agentliyi
Millət vəkili Qənirə Paşayeva Təbrizdə olub. O, lent.az-a bildirib ki, Güney Azərbaycanda zəlzələdən zərər çəkmiş insanlarla görüşüb: “Təbrizdəki Baş Konsulluğumuzda oldum, onlar da zəlzələdən zərər çəkənlərə əllərindən gələn yardımı edirlər. Qardaş-bacılarımız Azərbaycanın bu cür duyarlılığını, dərhal yardım təklif etməsini yüksək qiymətləndirirlər. Bu, hamımızın acımızdı, nə fərqi var o tay, bu tay”.
Və… Paşayeva deyib ki, zəlzələ nəticəsində 300 nəfərin həyatını itirməsinə, 3000-dən artıq yaralı olmasına baxmayaraq, İranın bütün ərazisində matəm elan olunmaması məyusluq yaradıb: ”Sadəcə, Şərqi Azərbaycan əyalərində matəm elan olunub. Bu nə münasibətdir, anlamıram. Türkiyədə gələn yardım da geri qaytarılıb. Baxmayaraq ki, həmin bölgədə insanların yardıma ciddi ehtiyacları var. Amma yardımdan imtina edilib və geri qaytarılıb”.
Yenə sual yaranır: 20 faiz torpaqları işğal olunmuş, erməni əlində qadın əsirləri olan Azərbaycan Respublikasında matəm elan olunubmu? Ümumiyyətlə, cəmiyyətdə, millət vəkillərində işğal əhval-ruhiyyəsi varmı? Atalar “öz gözündə tiri görmür, özgə gözündə çöp axtarır” deyəndə bilmirdi ki, bu səhvə millət vəkilləri də yol verəcək. Yoxsa deyərdilər ki, “öz parlamenti qış yuxusundadır, başqa parlamentlərdə milçək qovur”!
Bu ANS-dən vurub MM-dən çıxan xanıma deyən yoxdur ki, Qarabağ erməni tapdığında ikən Eurovision zurnası üfürən kiçik Azərbaycandan fərqli olaraq böyük İranda şəhidlər təkcə matəm günlərində xatırlanmır, onlar bütün xalq üçün həmişəlik simvoldur. Bakı İslam mədəniyyətinin paytaxtı élan olundu, nə olsun? Bununla İslam dəyərləri gücləndi, yoxsa məscidlər uçuruldu?! Azərbaycanda matəm günləri restoran-barlarda eyş-işrət tufan qopardığı halda İranda bayram günləri də şəhidlər anılır.
Bəlkə də İran Azərbaycanın yardımını qəbul etməkdə səhvə yol verib. Hamı bilir ki, İran 30 ildən çoxdur dünyanın yoxsul müsəlmanlarına əl tutur.
İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatının ləğv edilməsini yada salın. 2011-ci ilin iyun ayında Azərbaycanın Ədliyyə Nazirliyi İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatını ləğv etdi. Səbəb nə oldu? APA-nın xəbərinə görə, qeydiyyatın ləğv olunmasına səbəb kimi qurumun hüquqi ünvanı və hüquqi şəxsi dəyişilərkən bu barədə nazirliyə məlumat verilməməsi göstərilib…
İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatı 17 il idi ki, Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərirdi. Fəaliyyət dövrü ərzində həyata keçirdiyi humanitar layihələri Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırırdı. Təşkilat Azərbaycanın bir çox rayon və qəsəbələrində məskunlaşmış minlərlə qaçqın və məcburi köçkün, şəhid, əlil, yetim, tənha, kimsəsiz və digər aztəminatlı ailələri himayəsinə götürib. Amma belə bir təşkilatın qeydiyyatında süni əngəl yaradılır. İran da əhalisi yoxsulluq içində yaşayan Azərbaycan hökumətinin yardım təklifini bir təşəkkürlə rədd edə bilərdi. Onda Qənirə Paşayeva da Təbrizdə peyda olub İran hökumətinə dərs keçməzdi.