m/Aran Agentliyi
17 avqust 2012-ci il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qıldılar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər. Cümə xütbələrinin ilkində cümə xətibi, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tofiqat diləyən xətib, mübarək Ramazan ayının artıq sonunun çatdığını və bu ayın son günlərindən lazımınca faydalanmağın zəruriliyindən danışdı.
Xətib bu mübarək aydan bağışlanmış halda çıxmağımız üçün dua etdi. Sonra Hacı İlqar İmam Əlidən (ə) mübarək bir buyuruşu xatırlatdı: “Təqva - insanın onu günaha sürükləyən hər bir şeydən çəkinməsidir". Daha sonra hədisi şərh edən imam-camaat, mübarək kəlamda deyilən nöqtələri belə izah etdi: “Günahdan çəkinmək - özü təqvanın göstəricisidir. Hal-hazırda Ramazan ayını yaşayırıq. Ramazan ayı da bizə günahdan çəkinməyi öyrədir. İnsan Ramazan ayı boyunca günahın müqəddimələrindən uzaq olur. İnsanın günahdan çəkindirən bir ay mütləq təqvaya çatdırar. Elə ona görə də Quranda "...oruc sizə də vacib buyuruldu ki, bəlkə təqvalı oldunuz" mesajı var. Yəni bu ay səni günahdan çəkindirməklə təqvaya çatdıran aydır. Allahdan istəyirəm ki, bizə bu ayda günahdan çəkinmiş və paklanmış halda çıxmağımızı nəsib etsin".
İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Xətib israrla vurğuladı ki, əgər İlahi təqva olmasa, insanın həyatı tamamən mənadan məhrum olan bir nəsnəyə çevrilər. Xütbənin davamında dünyada və ölkədə baş verən hadisələrə toxunan xətib, Ramazan ayının son cümə günü - Qüds günündən danışdı: "Ramazan ayının son cümə gününü dəyərli İslam alimləri Qüds günü elan ediblər. Əslində, Ramazan ayında belə bir günün elan edilməsi heç də təsadüfi deyil. Ramazan ayında, təqvaya çatdıran ayda Qüds günü demək, elə bu günün də təqvaya çatdıran bir vasitə olduğunu göstərir. Bu, eynilə həcdəki Bəraətül-müşrikin əməli kimidir. Qüds günü hər mənada insanın öz vəzifələrini dərk etdiyi gündür. Bu barədə çox söz danışılır. Birinə toxunaq ki, Qüds günü həm də işğal olunmuş torpaqlar günüdür. Qarabağ günüdür. Şuşa günüdür. Qüds və Qarabağ eynidir. Qüds günü həm də bir fürsətdir ki, biz torpağımızın işğal olunmasını daha dəqiqliklə dünya ölkələrinə çatdıraq, müsəlman dünyasında Qarabağ dərdimizi bəlli edək”.
Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər,dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.( deyerler)