Tarix : 2012 Aug 20
Kod 32193

EVLƏRİ YANAN QAÇQINLAR İNDİ DƏ ÇADIRDA “YANIR”

Onlar ən geci avqustun 25-dək təmir edilmiş yataqxanaya köçəcəklər
m/Aran agentliyi

Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 31 ünvanındakı yataqxanada baş verən yanğın nəticəsində zərər çəkən məcburi köçkünlər hələ də çadırlarda yaşayırlar. Məcburi köçkünlər artıq nə olur-olsun bu istilərdə çadırlardan qurtulmaq istədiklərini deyirlər.

Füzulidən olan məcburi köçkün Şəfəq Cəfərova istidən təzyiqinin tez-tez qalxdığını dedi: “Gündüzlər istidən çadırlarda oturmaq olmur. Gedib ağacların dibində otururuq. Axşam olan kimi də gəlirik yenidən çadırlara. Məni gün vurub. Təzyiqim çox yüksəkdir. Artıq dözə bilmirəm. Dünən xəstəxanaya getmişdim. Pulsuz yardım göstərdilər. Müalicəm üçün yazılan dərmanları almalıyam. Amma pulum yoxdur, işə oktyabrda başlayacağam. Ona kimi nə edəcəyimi bilmirəm? Burada FHN-in tibb məntəqəsi var. Amma mənə yazılan dərmanlar orada yoxdur. Artıq bezmişəm. Bu cür yaşamaq istəmirəm”.

Ağdamdan olan məcburi köçkün Sevda Əliyeva FHN-dən başqa heç kimin onlarla maraqlanmadığını dedi: “Bir imkanlı şəxs öz hesabına ət gətirmişdi. Onu bizim aramızda paylaşdırdılar. O da hamıya çatmadı. Bizə əsgərlərə verilən kimi yemək verilir. Bundan narazı deyilik. Amma bizim istədiyimiz tək şey bu cəhənnəmdən qurtulmaqdır. Körpə uşağım var. İstidən allergiya olub”.

Gülam Ağayeva Binəqədi Rayon İcra Hakimiyyətinin Qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədovun onlara “Ramin” şadlıq sarayında iftar təşkil etdiyini dedi: “Fövqəladə Hallar Nazirliyi bizə yaxşı baxır. Tək problemimiz istilərlədir. Çimmək üçün şəraitimiz var. Əvvəllər yox idi. Amma indi ayaqyolu və hamam tikiblər. 3 gündən bir bizə yuyunmaq üçün sabun verilir. Deyirlər bina Ramazan bayramına artıq hazır olacaq. Əvvəllər deyirdik ki, ora getmərik. Amma indiki zülmü gördükdən sonra nə olur-olsun məcburuq ki, həmin qəzalı binaya gedək”.

Burada Əzizağa Məmmədovla da görüşdük. Ə.Məmmədov açıqlamasında bildirdi ki, binanın artıq 80 %-nin təmiri yekunlaşıb: “Ramazan bayramına kimi çalışacağıq ki, məcburi köçkünləri binaya köçürək. Əgər çatmasa ən geci avqustun 25-nə kimi bu insanlar evlərinə gedəcəklər”.

Ə.Məmmədov binanın qəzalı vəziyyətdə olduğu barədə iddialarla razılaşmadığını dedi. (musavat)

  • Yazılıb
  • da (də) 2012 Aug 20