Tarix : 2012 Aug 20
Kod 32198

''Həbsxanadakı şərait ağır xəstəlikləri şiddətləndirir''

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl 16 saylı cəzaçəkmə müəssisəsində Lökbatan sakini Füzuli Novruzov dünyasını dəyişib
/Aran Agentliyi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl 16 saylı cəzaçəkmə müəssisəsində Lökbatan sakini Füzuli Novruzov dünyasını dəyişib. Mərhum fəal dindarlardan olub, bu il fevral ayında polis onu narkotik ittihamı ilə tutub. Məhkəmənin bir il azadlıqdan məhrum etdiyi F.Novruzov hicab qadağası ilə bağlı məhkum olunduğu bildirilir. Rəsmi versiyaya görə, F.Novruzov ürək tutmasından ölüb.

Qeyd edək ki, ötən ay daha bir hicab məhbusu, İslam Partiyası sədrinin müavini Vaqif Abdullayev həbsxanada dünyadan köçüb. Bugünlərdə İctimai Palata bəyanatla çıxış edərək hicab məhbuslarının həbsxanada dünyadan köçməsini hökumətin məhkumlara diqqətsizliyi və qəddarlığı kimi qiymətləndirib. İctimai Palata bu ölümləri təsadüfi saymır. Bəyanatda həmçinin Hacı Mehdi Şamillinin həyatıyla bağlı narahatlıq ifadə edib. İP yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan hakimiyyətinin sifarişilə həyata keçirilən qanunsuz həbslərə çəkərək, onları günahsız insanların həyatına qarşı məsuliyyətsiz və cinayətkar münasibətə göz yummamağa çağırır.

Nəzərə çatdıraq ki, bir neçə gün əvvəl Azərbaycan ictimaiyyətinin tanınmış simaları Hacı Vaqif Abdullayevin türmədə faciəli vəfatı ilə bağlı bəyanat qəbul etmişdilər. Bəyanatda bildirilirdi ki, Hacı Vaqif Abdullayev öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız və qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Barəsində yetərli tibbi tədbirlər görülməyib, kompetent həkim nəzarəti və ciddi müalicə ilə təmin edilməyib.

Təxminən bir ay ərzində iki məhbusun dünyadan köçməsi ictimaiyyətdə narahatlıqla qarşılanıb. Hüquqşünas Müzəffər Baxışov deyir ki, baş verən ölüm halları Azərbaycan cəzaçəkmə müəssisələrində məhbuslara qarşı normal münasibətin olmadığını göstərir. Ekspertin sözlərinə görə, xəstə məhkumlarla bağlı hüquqi normalar işləmir: “Xəstə məhkumların həbsxanada vəfat etməsi onu göstərir ki, Azərbaycanda məhkum olunmuş şəxslərə münasibət qeyri-adekvatdır. Dəfələrlə barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslər, eləcə də məhkum olunmuş insanlarla bağlı bu kimi vəziyyətlər yarananda məsələ qaldırılıb ki, həbsdan azad olunmalı və yaxud da cəzanın icrası təxirə salınmalıdır. Azərbaycan Cinayət Məcəlləsinə görə və eləcə də Nazirlər Kabinetinin sərəncamında göstərilir ki, ağır xəstəlikdən əziyyət çəkən şəxslər cəza çəkməkdən azad olunmalıdırlar. Yəni cəza təyin olunur, ancaq ağır xəstələrin həbsi xəstəlik dövründə təxirə salınır. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu normalar tətbiq olunmur”.

M.Baxışovun sözlərinə görə, xəstə məhkumların azadlığa buraxılmaması tibb və məhkəmə sisteminin normal işləməməsi ilə əlaqədardır: “İlk növbədə problem ondan ibarətdir ki, Azərbaycanda tibb sahəsi də müstəqil deyil və həkim rəyləri obyektiv olmur. Tibb işçilərinə təsir edə biləcək şəxslər olur və həmin şəxslər qeyri-dəqiq rəy verməyi tələb edirlər. Digər problem müstəqil məhkəmə sisteminin olmamasıdır. Bu, Azərbaycanın ən ciddi, ölkəni uçuruma aparan problemlərindən biridir. Yəni xəstə məhkumlar məhkəmələrə müraciət edəndə məhkəmələr onlara qanunun verdiyi hüquqları təmin etmirlər. Buna görə də ağır xəstə olan məhkumlar cəza çəkməkdə davam edirlər. Son bir ayda iki məhkumun vəfat etməsində bu iki amilin rolu ola bilər”.

Ekspert daha bir mühüm məqam kimi Azərbaycandakı cəzaçəkmə müəssisələrindəki durumu göstərir: “Həbsxanalardakı şərait ağır xəstəlikləri olan məhkumların xəstəliklərini daha da şiddətləndirir. Cəzaçəkmə müəssisəsində olan şərait hətta adi standartlara cavab vermir, nəinki bu cür xüsusi durumlara. Bununla da hökumət Azərbaycan Konstitusiyasında göstərilən vətəndaşların yaşamaq hüququna çox ciddi şəkildə müdaxilə edir. Bu insanların yaxın qohumları bu məsələ ilə bağlı məhkəmələrə müraciət etməlidir. Doğrudur, burda onların hüquqlarının təmin olunacağı aşağı ehtimaldır. Ancaq bununla belə, ölkə daxilində məhkəmələrdən keçib Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsələr, hökumət xəstə məhkumlarla bağlı məsələyə diqqətlə yanaşacaq və həmin məhkumlara kompensasiya ödəmək məcburiyyətində qalacaq”.(deyerler)

  • Yazılıb
  • da (də) 2012 Aug 20