Tarix : 2012 Aug 21
Kod 32211

Azərbaycan qızı, yol üstündə bitən çiçəyə bənzəmə!

Hər saatını, gününü doya- doya yaşamağa çalışdığımız Ramazan İlahidən bizlərə hansı lütfü qazandırdı, bircə, Sahibimiz Özü bilir
/Aran Agentliyi

Ona həmd olsun ki, bizləri bayrama da çatdırdı. Möminlərin bayram namazının gözəlliyini də göstərdi. Bu bayram günü bir neçə möminə xanımla bayramın sevincini yaşamaq üçün gəzintiyə də çıxdıq hələ. Ekskursiyamızın təfərrüatını danışmaq fikrim yoxdur. Amma diqqətinizi bir məsələyə yönəltmək istərdim. O gün gəzintinin yekunu olaraq Bakı bulvarına çıxdıq. Bulvar “əhvalatları” barədə dönə- dönə eşidib görsəm də, xeyli vaxt idi bulvarda olmamışdım. Bakının özü kimi gözəlləşib bulvarımız. Xanımlarla yaşından və cinsindən asılı olmayaraq hər kəsin oturub istirahət etdiyi açıq havada, güllü- çiçəkli bir kafedə çay sifariş etdik. O qədər sevinirdik ki… Hər birimizin içində bayram coşqusu vardı. Birdən yanımda əyləşən xanım “mənim üçün “kuxna”da çay içmək buradan yaxşıdır” dedi. Soruşdum: “ Nə üçün?” Cavab olaraq gözləri ilə qarşı stola işarə etdi. Baxışlarımı döndərib qarşı tərəfə diqqətlə nəzər saldım. 2-3 addımlığımızda gənc oğlan və qız arxası bizə tərəf əyləşərək xoşa gəlməyən “oyun”lardan çıxırdı. Onların hərəkəti nə millətimizə, nə də müsəlmançılığımıza xas idi. Bu müqəddəs gündə Uca Tanrının yaratdığı Yerdə murdarlıq edən bu cavanlar heç ətrafdakılara da məhəl qoymurdular. Gördüm ki, qonşu stollardan da tez-tez boylanıb onlara tərəf baxanlar var. Yanımda əyləşən möminə xanıma dedim ki, sən onlara baxma. Ətrafın gözəlliyinə bax və sevincini yaşat. Bir qədərdən sonra ayağa qalxdıq. Ürəyimdən həmin oğlan və qıza nəsə demək fikri keçdi.Amma tez vaz keçdim. Nəzərlərimi haramdan saxlayırmış kimi üzümü döndərib yoldaşlarımla uzaqlaşdım. Pərvərdigar Yeri və Göyü və onların arasındakıları yaratdı. İnsana ən gözəl nemət verdi. Və bu nemətin sevincini dadmağı və onu verənə qarşı şükranlıq duyğusunu da verdi. Bu gözəlliyə nədən pislik qatım ki?!! Mərhəmət, lütf, ehsan, sevinc dolu gün yaşadıq o gün. Artıq geridə qaldı o saatlar. Amma peşimançılıq və təəssüf dolu anlar, hissiyyatlar gətirdi mənə. İndi hey özümü qınayıram. Diliuzunluqda peşəkar olduğum halda nədən o bədbəxt cavanları bir silkələmədim? Nədən bir yol tapıb işarə etmədim? Sonrakı peşimançılıq fayda verərmi? Görəsən, səhv yalnız onlardadırmı? Məncə, biz inanclı insanlarda da səhv var. Başımız məscid, ev, iş və sairə bu kimi yerlərə qarışıb. Parklar, bağçalar və cəmiyyətin sıx olduğu digər istirahət məkanlarında dinimizə, milli- mentoritetimizə yaraşmayan min oyundan çıxanlar məskən salıb. Ay möminlər, bəyəm belə yerlərə getmək harammı? Uca Tanrı bütün bunları halalda yaratdı. Amma haramzadələr hər yeri murdarladığı kimi, təbiəti, dəniz sahilini də murdarlayır. Qəribədir ki, hər kəs buna baxır və susur. Bunu eyibli bilənlər də olur, adi bir iş bilənlər də. Biz nə qədər “Avropa, Avropa” deyib çığırsaq da, müsəlmanıq. Dövlətimiz dünyəvi dövlət olsa da, dinimiz islamdır və islami dəyərlərimiz var. Rəhmətlik C.Cabbarlı qadınlara “çadranı atın” dedi. Demədi ki, paltarınızı da soyunun, üstəlik heysiyyatınızı da. Mühafizəkar islamçılar inciməsin, axı o zaman qadın doğrudan İslam, din pərdəsi altında əzilirdi. İslamın qadına verdiyi hüquqlara riayət olunmurdu. Bəs bu gün nə olub? İslami elmlərin çiçəkləndiyi, savadlı, imanlı, təqvalı insanların yaşadığı bir zamanda niyə bu günün qadını tərəqqi deyibən bu qədər kiçilir, alçalır. Bunu özü edir. Özü istəyir. Bunu müasirlik, sivilizasiya bilir. Bəyəm Mübarizə, Ramilə ana olan, onları dünyaya gətirən qadın bu millətdən deyilmi? Azərbaycan qadını qəhrəmanlar anası olmağa layiqdir. Azərbaycan qızı, yol üstündə bitən çiçəyə bənzəmə! O tozlanır, tapdanır, əzilir. Sən qorunan ətirli bağ gülünə bənzə. O gül ki, sahibindən başqa kimsənin əli ona çatmaz.

Mən bir müəlliməm, azacıq möminəm, bir vətəndaşam. Bir sorğum var. Sizcə, insanları müəllimmi tərbiyə edir, yoxsa dindarmı? Bəs vətəndaşlar necə, bir- birinin tərbiyəsinə, cəmiyyətin saflaşmasına çalışmalı deyillərmı? Mən arzu edirəm, həvəskar gənclər bu mövzunu sosial şəbəkələrdə müzakırə edib önəmli bir nəticəyə gəlsinlər.

Kəmalə Mahmudova/Birlik.az

 

  • Yazılıb
  • da (də) 2012 Aug 21