Avqustun 17-də vəkil Cavad Cavadov Kürdəxanı təcridxanasında Hacı Mehdi Şamilli ilə görüşüb
/Aran Agentliyi
Avqustun 17-də vəkil Cavad Cavadov Kürdəxanı təcridxanasında Hacı Mehdi Şamilli ilə görüşüb. Bu barədə “Yeni Müsavat”a C.Cavadov məlumat verdi. Vəkil bildirdi ki, görüş səhər saatlarında baş tutub: “ Hacı Mehdi özünü indi nisbətən yaxşı hiss edir. Mətbuatın, ictimaiyyətin dəstəyini yüksək qiymətləndirir. Mən proses barədə ona məlumat verdim. Eyni zamanda bir nüans barədə danışdıq. Ombdusman Aparatının əməkdaşları Hacı Mehdi ilə görüşə gələndə onlarla birlikdə MTN əməkdaşları da olub. Hacı Mehdi bildirdi ki, MTN əməkdaşları onu sorğu-sual ediblər. İrana tez-tez getməsinin səbəbini soruşublar, o da özünün və anasının müalicəsi üçün getdiyini deyib”.
Vəkil bildirdi ki, Ramazan bayramından sonra məhkəmədə Hacı Mehdinin ev dustaqlığına buraxılması və döyülmə ilə bağlı ekspertiza keçirilməsi üçün vəsatətlərinə baxılacaq. C.Cavadov dedi ki, aradan uzun müddət keçdiyi üçün artıq Hacı Mehdinin üzərində döyülmənin izləri itib. Vəkil bu faktın müdafiə tərəfi üçün çətinlik yaradacağını qeyd etsə də, ekspertizanın keçirilməsinə tərəfdar olduğunu bildirdi.
Qeyd edək ki, ötən gün ailə üzvləri də Hacı Mehdiyə yemək, geyim aparıblar. Qardaşı Tərlan Şamilov bildirib ki, növbəti dəfə qardaşına yemək, geyim və dərman aparıblar.
Xatırladaq ki, Hacı Mehdi Şamilli avqustun 7-də Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Vəkilin bildirdiyinə görə, saxlanılan zaman 3 gün ərzində polis idarəsində ona işgəncə verərək döyüblər. Polis Hacı Mehdinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edildiyini elan edib. Ancaq M.Şamilli bu ittihamları qəbul etmir, etiraz olaraq ifadə verməkdən imtina edib.(musavat.com)