Tarix : 2012 Aug 22
Kod 32240

Vəkil Hacı Mehdi ilə bağlı protokolu ala bilmir

Cavad Cavadov: “Bu, qanunsuzdur və istintaqın obyektiv aparılmadığını göstərir”
/Aran Agentliyi

HaqqYolu - Cavad Cavadov: “Bu, qanunsuzdur və istintaqın obyektiv aparılmadığını göstərir”

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Zabrat sakini, ictimai fəal Hacı Mehdi Şamilinin istintaqında ciddi qanun pozuntularına yol verilir. Bu barədə qəzetimizə Hacı Mehdinin vəkili Cavad Cavadov məlumat verdi.

Onun sözlərinə görə, istintaq Hacı Mehdinin üzərindən tapıldığı iddia olunan narkotik qablaşdırılmasının üzərindəki əl izlərinin ekspertizasının keçirilməsi və eləcə də axtarışla bağlı protokolun nüsxəsinin müdafiə tərəfinə verilməsi ilə bağlı vəsatəti rədd edib. Sitat: “Hacı Mehdinin üzərindən tapılan narkotik vasitənin üzərindəki əl izlərinin Hacı Mehdiyə məxsus olub-olmadığını müəyyən eləmək üçün ekspertiza keçirilməsi üçün müraciətimiz müstəntiq tərəfindən rədd olunub. Müstəntiq dedi ki, bu vəsatəti rədd edib, qərarı da axşam verəcək. Bundan başqa mən müstəntiqdən Hacı Mehdinin üzərindən narkotik vasitənin tapılması ilə bağlı protokolu istəmişdim. Çünki adətən polisin hal şahidləri eyni adamlar olur, bunu hamı bilir. Biz bunu aşkara çıxara bilərik. Ancaq müstəntiq yenə də bu sənədi bizə verməkdən imtina edir. Bu isə tamamilə qanun pozuntusudur”.

Vəkil istintaqın bu hərəkətinin prosesin qeyri-obyektiv aparılacağını göstərdiyini deyir: “Müstəntiqin bu addımı qanunsuzdur və istintaqın obyektiv aparılmadığını göstərir”. C.Cavadov deyir ki, Hacı Mehdinin üzərində tibbi ekspertizanın aparılması və ev dustaqlığına buraxılması ilə məhkəməyə verdiyi vəsatətə gələn həftə baxılacaq: “Gələn həftə Hacı Mehdiyə işgəncə verilməsi və ev dustaqlığına buraxılması ilə bağlı verdiyimiz vəsatətlə bağlı proses keçiriləcək. Ancaq proses qapalı keçiriləcək”.

Qeyd edək ki, Hacı Mehdi Şamillinin daha bir vəkili, tanınmış hüquqşünas Anar Qasımlı istintaqın qərəzi üzündən proses qatıla bilmir. Vəkilin məhkəməyə ünvanladığı şikayətə isə hələ də baxılmayıb. Yeri gəlmişkən, ailə üzvlərindən aldığımız məlumata görə, yaxın zamanlarda Hacı Mehdinin müdafiəsinə ölkənin tanınmış hüquqşünaslarından olan Osman Kazımlı da qoşulacaq. Qeyd edək ki, ailə üzvləri ağır xəstəlikdən əziyyət çəkən M.Şamilliyə bayram günlərində yemək və dərman aparıblar. Yaxınları MTN əməkdaşlarının Hacı Mehdini dindirməsindən narahatlıq keçirir. Ona qarşı dövlətə xəyanət ittihamı hazırlandığını güman edirlər.

Yada salaq ki, ötən həftə MTN əməkdaşları Kürdəxanı təcridxanasında Hacı Mehdini dindiriblər. Onun İrana səfəri və Rusiyada yaşayan tanınmış azərbaycanlı ilahiyyatçı-filosof Heydər Camalla münasibətləri barədə sorğu-sual ediblər.

Xatırladaq ki, Hacı Mehdi Şamilli avqustun 7-də Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Vəkilin bildirdiyinə görə, saxlanılan zaman 3 gün ərzində polis idarəsində ona işgəncə verərək döyüblər. Polis Hacı Mehdinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edildiyini elan edib. Ancaq M.Şamilli bu ittihamları qəbul etmir, etiraz olaraq ifadə verməkdən imtina edib.

KƏNAN/musavat

  • Yazılıb
  • da (də) 2012 Aug 22