Tarix : 2012 Aug 25
Kod 32268

Əli Həsənov: ''Azərbaycan hakimiyyəti hər zaman İranla yaxşı münasibətlərin tərəfdarı olub''

Azərbaycan tərəfi hər zaman İranla münasibətlərinin yaxşı olmasının tərəfdarı olub
/Aran Agentliyi

 

 Azərbaycan tərəfi hər zaman İranla münasibətlərinin yaxşı olmasının tərəfdarı olub. Bunu SalamNews-a eksklüziv müsahibəsində Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O vurğulayıb ki, Azərbaycan ilə İranın müştərək dini, mədəniyyəti və tarixi var. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti hər zaman İranla yaxşı münasibətlərin tərəfdarı olub və bu mövqe indi də davam etdirilir.

Ötən gün İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçının Azərbaycana etdiyi səfərinə də toxunan Ə.Həsənov deyib: “Biz dəfələlərlə bütün səviyyələrdə bəyan etmişik ki, istənilən halda, İranın daxili və xarici, beynəlxalq güclərlə və Qərblə apardığı siyasətdən asılı olmayaraq, Azərbaycan və İran qonşu dövlətlərdir. Ona görə də İran və Azərbaycan arasında qarşılıqlı şəkildə həyata keçirilən yüksək vəzifəli məmurların səfərlərinə iki ölkə arasında münasibətlərin yaxşılamasında vasitə kimi baxırıq. Əgər bu kimi səfərlər Azərbaycan və İran arasında münasibətlərin yaxşılaşmasına xidmət edirsə, bu, bizim üçün məqbuldur”.

Xatırladaq ki, avqustun 24-də İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər zamanı qonaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, regionda cərəyan edən proseslər, Tehranda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı məsələlər müzakirə olunub.(SalamNews)

  • Yazılıb
  • da (də) 2012 Aug 25