Tarix : 2012 Aug 25
Kod 32271

İcra başçısının kor elədiyi Qarabağ əlili haray çəkir

Maşallah Cəbiyev: “Baş prokuror Zakir Qaralovun qəbulunda dəfələrlə olmuşam, amma...”
/Aran Agentliyi

Maşallah Cəbiyev: “Baş prokuror Zakir Qaralovun qəbulunda dəfələrlə olmuşam, amma...”

HaqqYolu - Maşallah Cəbiyev: “Baş prokuror Zakir Qaralovun qəbulunda dəfələrlə olmuşam, amma...”

“Prezidentin təyin etdiyi məmurlar ona səs verən xalqın gözünü çıxartdırır. Ümidim prezidentə qalıb. Mənə qarşı açıq-aşkar cinayət törədilib. Vurub gözümü çıxarıblar. Ancaq işi ört-basdır etmək istəyirlər. Baş prokuror Zakir Qaralovun qəbulunda dəfələrlə olmuşam. Ancaq iş araşdırılmır. Əgər bu dövlət vətəndaşına sahib çıxmırsa, onda mən başqa ölkənin vətəndaşlığını qəbul etməyə məcbur olacağam”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında II qrup Qarabağ əlili, Naxçıvan sakini Maşallah Hüseyn oğlu Cəbiyev bildirdi. M.Cəbiyev Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun onun gözünü çıxartdırmasından xeyli vaxt keçdiyini və hələ də cinayət işi açılmadığını söylədi. Şikayətçinin sözlərinə görə, hadisə ilə bağlı şahidlər dindirilib, iş Baş Prokurorluqda istintaq rəisi Nazim Abbasovun icraatındadır. N.Abbasov isə zərərçəkmişi əmin edib ki, cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq. Lakin cinayət işi başlanmayıb.

M.Cəbiyev ədalət tələb edir: “Vətənim uğrunda döyüşmüşəm. Budurmu Qarabağ əlilinə verilən qiymət? Mikayılovun göstərişi ilə mənim gözüm çıxarılıb, hadisəni törədənlərin kimliyi məlumdur. Tədbir görülmür. Dövlət başçısından diqqət gözləyirəm. Xahiş edirəm ki, bu işin düzgün araşdırılıb həqiqi qiymət verilməsi üçün müvafiq orqanlara tapşırıq verilsin”.

Şikayətçi dedi ki, ötən il avqustun 22-də S.Mikayılovun göstərişi ilə 30-dan çox polis silahlı vəziyyətdə onun Qaradağ rayonundakı Gülbax daş karxanama hücum edib: “Mənimlə birlikdə işçilərimi də vəhşicəsinə döydülər. Polislər gözyaşardıcı qazdan da istifadə etdi. Polislərə yaxınlaşıb bu vəhşiliyə son qoyulmasını tələb edəndə onlardan biri əlindəki beşbarmaqla sol gözümə vurdu. Sonra işçilərimlə bizi polis idarəsinə apardılar”.

Avqustun 23-də gözündən əməliyyat edilən Cəbiyev sonra aldığı digər xəsarətlər səbəbindən Daxili İşlər Nazirliyinin hospitalına göndərilib. Qarabağ əlilinin daş karxanası isə əlindən alınaraq icra başçısının əslən Şamaxıdan olan Səxavət adlı yaxın adamına verildiyi iddia olunur. Qeyd edək ki, M.Cəbiyev 1991-ci ildən 2001-ci ilə qədər Naxçıvan şəhəri üzrə mühafizə xidmətində komandır işləyib. Polis əməkdaşı kimi müharibəyə gedib və Qarabağ döyüşlərində iştirak edib. O, 1992-ci il, iyunun 7-də Sədərək döyüşlərində ayağından yaralanıb.

  • Yazılıb
  • da (də) 2012 Aug 25