Tarix : 2012 Aug 26
Kod 32295

Mağazaların sayının azlığından şikayətlənir...

21 yaşlı Lətafət Məmmədova bütün bədənini örtən irihəcmli, qara rəngli çarşab geyinir
/Aran Agentliyi

 

21 yaşlı Lətafət Məmmədova bütün bədənini örtən irihəcmli, qara rəngli çarşab geyinir. Deyir ki, çarşab qadının azadlığıdır. Çarşab qadını pis fikirlərdən, pis baxışlardan qoruyur. O, artıq 3 ildir çarşab geyinir.

 

Bakıda dini geyim mağazalarının sayı azdır

Ərəbcə arakəsmə mənasını verən hicab müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Hicabın müxtəlif növləri var: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar (örtüklər) və sair.

Çarşab isə bir rəngli atlasdan, dama-dama keçi parçadan və müxtəlif çeşidli ipək parçalardan olur. İranda və ərəblərdə bu geyim İslamdan əvvəl mövcud olduğundan çarşab onların milli geyimi sayılır. Çoxları çarşaba məcburiyyətdən bürünüldüyünü düşünsə də, Lətafət xanım bu geyimi öz istəyilə seçib: “Ailəmdə heç kəs məni hicab bağlamağa, yaxud da ki, hicabı açmağa məcbur etməyib”. Ancaq onun narazı olduğu bir məsələ var. Deyir ki, qonşu Türkiyədə dini geyim mağazalarının sayı kifayət qədərdir. Amma Azərbaycanda belə mağazaların sayı olduqca azdır. “Dini geyimlər almaq üçün şəhərin çox yerin axtarmalı olursan. Çünki barmaqla sayılacaq qədər dini geyim mağazası var”.

Dini geyim mağazalarının bir neçəsi “Nizami” metro stansiyası ətrafında yerləşir. Elə belə mağazalardan birinin satıcısı da bunu təsdiqləyir. 14 yaşından hicab bağladığını deyən Elnarənin sözlərinə görə, rəsmi orqanlar dini mağazaları çox sıxışdırır: “Vergini bəhanə edib hər həftə dini mağazalarda yoxlama aparırlar. Bütün dini kitabları vərəqləyirlər. Hətta geyimlərin etiketinə də baxırlar. İşləməyə imkan vermirlər. Ona görə də şəhərdə dini mağazaların sayı çox azdır”. Dini geyimlərin satıldığı başqa bir mağazanın satıcısı Elşən bəy isə fərqli düşünür. Deyir ki, Azərbaycanda dini geyimlərə maraq azdır.

                                  

  • Yazılıb
  • da (də) 2012 Aug 26