Tarix : 2012 Aug 27
Kod 32301

İsraillə Ermənistanın ''soyqırımı'' qardaşlığı

İsrailin informasiya və diaspora naziri Yuli Edelşteyn bu günlərdə Ermənistanda səfərdə olub
/Aran Agentliyi

 Səfər çərçivəsində o, İrəvanda “erməni soyqırımı” memorial kompleksini ziyarət edib. Nazir “soyqırım qurbanları”nın abidəsi önünə əklil qoyub və bir dəqiqəlik sükutla “qurbanların” xatirəsini yad edib.Ardınca “iki toplumun bəşəriyyət əleyhinə ən ağır günah olan soyqırım qurbanları” olduğunu söyləyən nazir əlavə edib ki, hər iki ölkə “insanlıq adına böyük utanc olan soyqırım gerçəyini” bütün dünyaya daha effektli şəkildə anladacaq: “Hər iki muzeydə qarşılıqlı olaraq yaşanan vəhşətlərlə bağlı səhnələr, məlumatlar yer alacaq. İrəvandakı muzeyi gəzənlər yəhudi soyqırımının, Qüdsdəki muzeyə gələnlər isə erməni soyqırımını görəcəklər. Ayrıca olaraq dünyanın müxtəlif muzeylərində ortaq bölümlər hazırlayıb soyqırım həqiqətlərini dünyaya sərgiləyəcəyik”.

İsrail rəsmisinin bu addımı faciəvi “Mavi Mərmərə” olayından sonra aşağı səviyyəyə enmiş Türkiyə-İsrail münasibətləri fonunda diqqət çəkməyə bilmir. Bu, birbaşa qardaş ölkəyə, deməli, həm də Azərbaycanın köklü maraqları əleyhinə yönəlmiş addımdır, təhdiddir. Azərbaycanla Türkiyəni, onların toplumunu qıcıqlandıran bir hərəkətdir.

Şübhəsiz, ermənilər Ankara-Təl Əviv münasibətlərinin korlanmasından maksimum yararlanmağa, iki ölkənin arasını daha da vurmağa çalışır. Bir ara uydurma məsələni İsrail Knessetinin (parlamentinin) gündəminə israrla gətirmək səyləri də ən əvvəl buna hesablanmışdı. Lakin alınmadı - İsrailin praqmatik düşüncəli çevrələri buna imkan vermədilər.

Amma belə görünür, Ermənistanla yaxınlaşma siyasətinin tərəfdarları da az deyil - ancaq hələlik mədəni tərəfdaşlıq adı ilə. Edelşteynin səfərində əsas məqsədin də məhz keçmiş Sovet İttifaqı ölkələrində yaşayan yəhudi icmaları ilə mədəni əlaqələri gücləndirmək (?) olduğu deyilir. Halbuki monoetnik Ermənistanda çoxdan başqa millətlərin nümayəndələri yaşamır...

İkinci yandan, Türkiyə-İsrail münasibətləri ikincinin günahı üzündən korlansa da, bu dəqiqə Azərbaycanla İsrail arasında əlaqələr kifayət qədər yaxındır, istidir. Ələlxüsus hərbi-strateji əməkdaşlıq və təhlükəsizlik sahəsində bu əməkdaşlıq xeyli irəli gedib və güclənməkdədir. Ən təəccüblüsü də elə yəhudi nazirin Ermənistana reveransının bu yaxınlaşma və əməkdaşlıqla ziddiyyət təşkil eləməsidir. Axı məlumdur ki, ermənilər saxta iddiaları tanıtmaqla həm də Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq, işğalı rəsmiləşdirmək istəyirlər.

Türkiyə mətbuatı da Edelşteynin səfərinə diqqət ayırıb. Qeyd edilir ki, uydurma erməni məsələsinin 100-cü ildönümü (2015) yaxınlaşdıqca Ermənistan saxta iddianı dünyada rəsmən tanıtmaq üçün dəridən-qabıqdan çıxmaqda, daha böyük canfəşanlıq göstərməkdədir. Bu yöndə əlbəttə ki, İsrailə, yəhudi diasporun imkanlarına xüsusi önəm verilir.

Artıq İrəvanda imzalanan anlaşmaya görə, “soyqırım” məsələsi iki ölkə arasında öncə diplomatik və kültürəl olaraq tanınacaq. Bu xüsusda İrəvandakı Soyqırım Muzeyi İnstitutu ilə Qüdsdəki eyni adlı muzey arasında anlaşma da əldə edilib. Muzeylərdə ortaq “soyqırım” bölümləri təşkil ediləcək.

Maraqlıdır ki, indiyədək İsrailin Ermənistanda, Ermənistanın da İsraildə səfirliyi açılmayıb. Ancaq belə getsə açılacaq deyəsən. Bütün hallarda son baş verənlərin Azərbaycanın rəsmi dairələrində hansı reaksiya doğuracağı çox maraqlıdır. Bakıdan Təl Əvivə Rəsmi etiraz göndəriləckmi, nəzərə alsaq ki, Türkiyə ilə Azərbaycan bir millətin iki dövlətidir və qardaş ölkəyə yönələn təhlükə, təhdid Azərbaycana da yönəlib.

Məsələyə Azərbaycanın yəhudi icmasının, İsrail səfirliyinin münasibətini bilmək də maraqlı olardı.

Musavat

 

 

  • Yazılıb
  • da (də) 2012 Aug 27