Bu barədə daxili işlər nazirinə məlumat verilib, ailə üzvləri isə hüquq müdafiəçilərinin onunla görüşməsini istəyir
/Aran Agentliyi
Bu barədə daxili işlər nazirinə məlumat verilib, ailə üzvləri isə hüquq müdafiəçilərinin onunla görüşməsini istəyir.
Hazırda Kürdəxanı təcridxanasında saxlanılan ictimai fəal Hacı Mehdi Şamilliyə ailə üzvləri növbəti dəfə yemək, paltar və dərman göndərib. Bu barədə qəzetimizə Hacı Mehdinin qardaşı Tərlan Şamilov məlumat verib. Onun sözlərinə görə, qardaşının durumu normaldır, yalnız müdafiəsi istiqamətində fəaliyyətin artırılmasını xahiş edib: “Vəkil Anar Qasımlı hələ də məhkəmədədir, istintaq onun müdafiə işinə qoşulmasına maneə yaradıb. Yalnız vəkil Cavad Cavadov müdafiə prosesini aparır. Qismət olsa, yaxın günlərdə daha bior tanınmış vəkil Osman Kazımov da Hacı Mehdinin müdafiə prosesinə qatılacaq”.
T.Şamilov hüquq müdafiəçilərinə müraciət etidklərini, ancaq hələlik bir reaksiya olmadığını, yalnız Eynulla Fətullayevin Ədliyyə Nazirliyinə Hacı Mehdi ilə görüş üçün müraciət etdiyini dedi. Qeyd edək ki, ailə üzvləri respublikanın bir sıra tanınmış hüquq müdafiəçilərinə müraciət edərək Hacı Mehdinin saxlanılarkən işgəncəyə məruz qalması ilə bağlı məsələni araşdırmasını istəyib.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə əməkdaşımızla söhbətində daxili işlər naziri ilə görüşdüyünü və Hacı Mehdinin işgəncəyə məruz qalması ilə bağlı məlumatları nazirin diqqətinə çatdırdığını deyib.
Hacı Mehdi Şamilli avqustun 7-də Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. M.Şamilli bu ittihamları qəbul etmir, etiraz olaraq ifadə verməkdən imtina edib. Vəkilin bildirdiyinə görə, saxlanılan zaman 3 gün ərzində polis idarəsində ona işgəncə verərək döyüblər. musavat.com