Elxan Şahinoğlu : “Azərbaycanla rəsmi Ankara arasında müəyyən soyuqluq yarana bilər”
/Aran Agentliyi
Fransanın yeni prezidenti Fransua Olland, “erməni soyqırımı” ilə bağlı iddiaların sentyabrın 4-dən etibarən Fransanın orta təhsil proqramında tədris olunacağını bildirib. Mövzu ilə bağlı İslaminsesi.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu Fransa prezidentinin “erməni soyqırımı” məsələsində sələfi N.Sarkozinin siyasətini davam etdirdiyini deyir: “ Olland seçki öncəsi erməni lobbisinə vəd verib. O, bu vədi zaman keçdikcə həyata keçirməyə çalışacaq. Bunun ilk təzahürü “erməni soyqırımı” məsələsinin məktəb dərsliklərinə salınmasıdır. Görünür, erməni lobbisinin maraqlarına xidmət etmək ona dövlət maraqlarından daha üstündür. Bu maraqların əleyhinə birinci Türkiyə çıxacaq. Olland keçmiş prezidentin siyasətini davam etdirəcəyi təqdirdə Fransa -Türkiyə münasibətlərinin yenidən gərginləşməsi şübhəsizdir.”
Ollandın bu qərarına Azərbaycan hakimiyyətinin reaksiyası nə olacaq sualına aydınlıq gətirən politoloq, Sarkozi dönəmində rəsmi Bakının bu məsələsəyə ciddi yanaşmadığını vurğuladı. “Bu dəfə də eyni siyasəti sərgiləyərsə, Azərbaycanla rəsmi Ankara arasında müəyyən soyuqluq yarana bilər. Hesab edirəm ki, Ollandın bu qərarına ilk olaraq Türkiyə cavab verməlidir”-, deyə ekspert qeyd etdi.