/Aran Agentliyi
"Göydə bulud görünən kimi sularımız kəsilir. Mən suyla bağlı işlərimi demək olar ki, havayla tənzimləyirəm. Külək əsəndə, yağış yağanda, hava bir az tutulanda bütün işlərimi yarımçıq qoyuram. Bilirəm ki, su bu dəqiqə kəsiləcək. Ona görə başlayıram vedrələrı, qazanları suyla doldurmağa". Bu sözləri Mingəçevir şəhərinin Sağ Sahil qəsəbəsində yaşayan Nazilə Hacıyeva deyir. İki ildir bura köçən Nazilə xanım gəldiyi gündən su problemiylə üzləşdiyini söyləyir.
Həmin ərazidə yaşayan Baxtilə Kərimova isə deyir ki, suya sayğac qoyulanda seviniblər: “Düşündüm, nə yazacaq onu da ödəyəcəyik. Yəqin bundan sonra sularımız da kəsilməz. Ancaq heç bir fərqi olmadı. Sayğac qoyulandan sonra daha çox su pulu ödəyirik”.
Digər müsahibim Sevil Səlimova bildirir ki, gün ərzində suyu fasilələrlə verirlər. Əllərində də yaxşı bir bəhanə var. Deyirlər ki, boru partlayıb: "Hər gün gecə birdən səhər saat 6-ya qədər sularımız gəlmir. Görəsən, onda da boru partlayır?".
"Həyat yoldaşım ikinci növbə fəhlə işləyir. Evə gecə saat 2-3 arası gəlir.Yoldaşım evə gələndə sularımız kəsilmiş olur. Mən onun yuyunması üçün məcburiyyətdən su götürməli oluram. Elə bil şəhərdə yox, kənddə yaşayırıq", - bunu da Şəlalə İsmayılova deyir.
Kazım İbrahimov isə bildirir ki, bu şəhərdə su probleminin yaşanmasının səbəbini anlamağa çalışsa da, bacarmır: "Sənin şəhərini Kür çayı iki hissəyə bölə, şəhərində su anbarı, kanal ola, amma sən susuzluqdan əziyyət çəkəsən.Vallah bu, biabırçılıqdır. Bizim dərdimiz heç açılıb-büküləsi dərdlərdən deyil".
"Getdikcə havalar daha da isinir. Bunun yaşlısı var, xəstəsi var .Gəcə biri özünü narahat hiss etsə, üzünə vurmağa bir damcı su tapmayacaq. Camaat nə qədər qab-qacağı, vedrələri suyla doldurmalıdır?" - deyə Hörmət Məhərrəmov sual edir.
Validə İbrahimova deyir ki, səhər suyu açanda içindən balaca balıqlar, kol-kos, mamır gəlir: "Suyu düz-əməlli vermirlər, bari təmiz versinlər. Bizə su kanaldan gəlir. Camaat gedir orada çimir, ürəyi istiyəni edir. Həmin suyu da təmizləməmiş verirlər bizə ki, için. Üstəlik həmin su üçün filan qədər pul da ödəyirik".
Ümumiyyətlə Sağ Sahil qəsəbəsində yaşayan insanların əksəriyyəti mövcud problemdən əziyyət çəkir. Qəsəbə sakinləri deyirlər ki, on gündən bir su kranını dəyişməli olurlar.
"Gecədən su kəsilir. Səhər su qapqara mazut kimi gəlir. Su durulanacan qəribə səslər eşidilir. Elə bilirsən, su kranı bu dəqiqə qopub düşəcək. Bunun nəticəsidir ki, həftə səkkiz, mən doqquz kran xarab olur, hər dəfə yeniləmək üçün pul da çatdıra bilmirik", - Hörmət Məhərrəmov bildirir.
Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev bildirir ki, şəhərin su hövzəsi təbii və çökdürücü olmaqla, dövlət standartlarına tam cavab verir. Ona görə də bu hövzələrdəki suyu təmizləmədən də əhaliyə vermək olar: "Ancaq heç kim tam zəmanət verə bilməz ki, Mingəçevir su hövzəsində xüsusi təhlükəli infeksiyaların bakteriyalarına heç vaxt rast gəlinməyəcək. Məhz buna görə də su ilk olaraq mexaniki təmizlənmədən keçməlidir.Yəni kiçik balıqlardan, həşəratlardan, çör-çöpdən arınmalıdır. Suyun bioloji və baktereoloji təmizlənmədən keçməsi də olduqca vacibdir".
Mingəçevir Su Kanal İdarəsinin müdiri Mustafa Kərimov bildirib ki, gecələr suyun kəsilməsində əsas məqsəd qəzaların qarşısını almaq və sayını azaltmaqdır: "Şəhərin Sağ Sahil qəsəbəsinə su nasosla verilir. Su xətləri isə istismar müddətini iki dəfədən artıq başa vurub. Onsuz da gecə su sərfiyyatı azalır. Arzuolunmaz qəzaların yaşanmaması üçün gecə suyu kəsmək məcburiyyətində qalırıq".
Mustafa Kərimov gündüzlər isə suyun kəsilməsinin həm işıqla, həm də mövcud qəzaların aradan qaldırılması ilə əlaqədar olduğunu deyir. Onun sözlərinə görə, qəsəbə sakinləri hələ il yarım səbr etməlidirlər: "Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə start verilib. Dövlət proqramı 2013-cü ilin sonunda tamamilə yekunlaşacaq. Bundan sonra isə şəhərdə suyla bağlı heç bir problem olmayacaq".
Mingəçevir Su Kanal İdarəsinin rəsmisi qəsəbə sakinlərinə məsləhət verməyi də unutmur: "Qəsəbədə yaşayan hər kəs suyun gecə kəsilməsindən xəbərdardır. Özlərini bir az əziyyətə versinlər, qab-qacaqlarını, vedrələrini suyla doldursunlar".(bizimyolinfo)