Tarix : 2012 Aug 28
Kod 32340

Kür qaçqınları Avropa Məhkəməsinə çıxır

Yerli məhkəmələrin həll etmədiyi problem böyük qalmaqallar vəd edir
/Aran Agentliyi

 

2010-cu ilin yazında baş vermiş Kür- Araz daşqınlarının təsirinə məruz qalmış, mülkiyyət hüquqları bu günə qədər bərpa olunmamış sakinlərin məhkəmə çəkişməsi davam edir. Hələ 2 il öncə, 2010- cu ilin oktyabr ayından məhkəmələrə müraciət edən 100-dən çox adamın iddiasına baxılması prosesi məhkəmələrin süründürməçiliyi ucbatından yekunlaşmayıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən iddia sənədləri hazırlanıb məhkəmələrə təqdim olunan 128 nəfərin iddiasına öncə 1 saylı İnzibati İqtisad Məhkəməsində baxılıb. Məhkəmə baxışı zamanı 30 nəfər sakinin iddiası həllini tapıb. 2 nəfər iddiasını geri götürüb.

Hazırda 96 nəfərin iddiası ilə bağlı 1 saylı İnzibati İqtisad Məhkəməsi hakimiyyətin siyasi qərarı ilə işlərə baxılmasını 2010- ci ilin aprel ayından başlayaraq Şirvan İnzibati İqtisad Məhkəməsinə göndərib. Sonuncu instansiya isə sənədləri Şirvan Apelliyasiya Məhkəməsinə göndərərək işə baxmaqdan imtina edirdi. Nəhayət ki, Şirvan İnzibati İqtisad Məhkəməsi iddia sənədlərini məhkəmə baxışına qəbul edib və Kür daşqınları ilə bağlı ilk məhkəmə iclasını sentyabr ayının 3- nə təyin edib. Hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçirləcək ilk məhkəmə prosesində İmişli rayon sakinləri Elman Şahbazov, Əsəd Xəlilov və başqalarının Fövqəladə Hallar Nazirliyi və İmişli rayon İcra Hakimiyyətinə qarşı dəyən ziyanın ödənilməsi tələbinə dair iddialarına baxılacaq.

Kür- Araz daşqınları ilə bağlı məhkəmələrdə davam edən süründürməçiliklərlə yanaşı artıq bəzi iddialara baxılması prosesi yuxarı instansiyalara qədər gedib çıxıb və Ali Məhkəmə səviyyəsində baxılıb. Hətta daşqınlar zamanı təsərrüfatına ciddi ziyan dəymiş və dəyən ziyana uyğun dövlətin ayırdığı kompensasiyadan məhrum edilmiş Saatlı rayonundan bir nəfər fermerin şikayəti bir neçə gün öncə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Təsirə məruz qalmış fermer də hökümət komissiyasının və FHN-nin ona qarşı tutduğu mövqedən narazılıq edir. Hazırda Sabirabad rayonundan daha bir neçə nəfərin də iddia sənədləri Avropa Məhkəməsinə hazırlanır.( bizimyolinfo)

  • Yazılıb
  • da (də) 2012 Aug 28