Ötən həftənin cümə günü Hacı Mehdi Şamillinin vəkili Cavad Cavadov Kürdəxanı təcridxanasında müvəkkili ilə görüşüb
/Aran Agentliyi
Ötən həftənin cümə günü Hacı Mehdi Şamillinin vəkili Cavad Cavadov Kürdəxanı təcridxanasında müvəkkili ilə görüşüb.
Bu barədə qəzetimizə C.Cavadov özü məlumat verib. Onun sözlərinə görə, Hacı Mehdi özünü yaxşı hiss etdiyini deyib. Ancaq vəkil eyni zamanda bildirdi ki, Hacı Mehdinin MTN-ə köçürülməsi təhlükəsi qalır: “Dedi ki, məni MTN-ə köçürsələr etiraz olaraq aclıq aksiyasına başlayacam. Ancaq ümumi durumundan şikayətçi deyil, elə bir problemi yoxdur”.
İttihamın qərəzli olduğunu deyən vəkilin sözlərinə görə, istintaq faktiki olaraq Hacı Mehdiyə qarşı sübutlara malik deyil: “Hacı Mehdinin işində istintaqın ”yapışası" heç bir məqam yoxdur. Ona qarşı irəli sürülən ittiham saxtadır. Sadəcə, ortada onun İrana gedib-gəlməyi var. Bu da anasının xəstəliyi ilə əlaqədar olub. Hacı Mehdi dəfələrlə anasını İrana aparıb gətirib, anasında bədxassəli şiş tapılıb, Hacı Mehdi hətta burda anasına iynə vurulmasına icazə verməyib. Onun İrana getməsindən narahat olublar".
Cavad Cavadov bildirdi ki, Hacı Mehdinin ev dustaqlığına çıxarılması ilə bağlı vəsatətə bu günlərdə baxılacaq. Ancaq vəkil deyir ki, məhkəmə qapalı keçiriləcək. Vəkil onu da bildirdi ki, müstəntiq bu günə qədər Hacı Mehdinin üzərindən narkotik tapılması ilə bağlı protokolu verməkdən imtina edib. Yalnız bu gün fikrini dəyişərək müdafiə tərəfini protokolla tanış edə biləcəyini deyib: “Artıq müstəntiq fikrini dəyişib, mənə bildirdi ki, gəlin protokolla tanış olun. Qanunla surətini çıxarmaq göstərilmir, ancaq protokolla tanış olmaq üçün verməli idi. Görünür təcrübəsizliyindən protokolu verməkdən imtina eləyirdi. Ən azı baxıb tanış olacağam, orda imza atan şəxslərin adlarını öyrənə biləcəm”.
Hacı Mehdi avqustun 6-da Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. M.Şamilli bu ittihamları qəbul etmir, etiraz olaraq ifadə verməkdən imtina edib. Vəkilin bildirdiyinə görə, saxlanılan zaman 3 gün ərzində polis idarəsində ona işgəncə verərək döyüblər. /Haqqyolu.com - (musavat)