Ukrayna ilə Ermənistan arasında 300 min dollarlıq silah alverinin baş tutduğunu təsdiqləyən sənədlər ortaya çıxıb
/Aran Agentliyi
Ukrayna ilə Ermənistan arasında 300 min dollarlıq silah alverinin baş tutduğunu təsdiqləyən sənədlər ortaya çıxıb. APA-nın əldə etdiyi sənədlərdən aydın olur ki, Ukraynanın “Ukrspetseksport” Dövlət Şirkətinin törəmə müəssisəsi olan “Ukrinmaş” Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə Ermənistan Respublikasının «DG Arms Corporation» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 5/107-k saylı, 26 avqust 2011-ci il tarixli müqaviləyə əsasən, «DG Arms Corporation»ın “Ukrinmaş”dan aldığı 298 min dollar dəyərində 12,7x108 mm-lik 800 000 ədəd patron (264 min dollar) və 12,7x108 mm-lik patron üçün 200 000 ədəd patron həlqəsinin (34 min dollar) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) çatdırılması prosesi uğurla yerinə yetirilib.
Sözügedən müqaviləyə əsasən, Ermənistan şirkəti aldığı hərbi əmlakı BƏƏ-yə satmalı, satıcı – “Ukrinmaş” isə yükü Albaniyanın paytaxtı Tirana şəhərindəki aeroporta çatdırmalı və orada alıcıya verməli idi. Müqavilənin digər şərtinə görə, çatdırılmış hərbi əmlakın son istehlakçısı BƏƏ Silahlı Qüvvələridir.
Alğı-satqının uğurla başa çatdığı Albaniyanın “MEİCO” şirkətinin “Ukrinmaş” və «DG Arms Corporation»a göndərdiyi məktubdan aydın olur. Hərbi əmlakın 2011-ci ilin sentyabrında BƏƏ-yə uğurla çatdırıldığının qeyd olunduğu məktubda “MEİCO” bu barədə “Ukrinmaş” və «DG Arms Corporation»dan Çatdırılmanın Təsdiqlənməsi Sertifikatı istəyir. Bu isə Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq çərçivəsində daha bir silah-sursat alğı-satqısı əməliyyatının uğurla yerinə yetirildiyinin təsdiqi deməkdir.
Qeyd edək ki, bir müddət əvvəl də Ukraynanın Ermənistana gizli silah satması barədə məlumatlar yayılıb. Həmin silah satışının da məhz “Ukrspetseksport” Dövlət Şirkəti ilə «DG Arms Corporation» şirkəti tərəfindən həyata keçirildiyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda əksini tapıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan «Ukrspesexport» Dövlət Şirkəti ilə Ermənistanın «DG Arms Corporation» şirkəti arasında «Smerç» reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və «İqla» tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib.
Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün «Ukrspetsexport»a «Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə «öz ətrafında etibarsız təchizatçı» kimi «Ukrspetsexport»un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub.
Məlumatda həmçinin «Smerç»lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda «İqla» zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
islamazeri.az