/Aran Agentliyi
20 may 2012-ci il tarixində Memar Əcəmidə “Killer” kişi geyimləri mağazasının yanında həbs edilmiş və Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edilən jurnalist Nicat Əliyevin istintaq müddəti növbəti dəfə uzadıldı.
Həmkarları Nicat Əliyevə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onun məqalələri ilə bağlı həbs olunduğunu bildirirlər və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edirlər. Birlik.az saytına münasibət bildirən “Azadxeber.org” saytının redaktoru Pərvin Zeynalov jurnalistə qarşı ARCM 234.1-ci maddəsinin işlədilməsini çox gülünc bir addım olmasını bildirdi:
“Nicat Əliyevin həbsi təbii ki, bir mənalı olaraq pislənilir. Onun CM-sinin 234.1-ci maddəsi ilə həbsi isə çox gülüncdür. Cəmiyyət bilir ki, Nicat Əliyev öz əqidəsinə görə həbs edilib. Onun Azərbaycandakı məmur özbaşınalığına qarşı mübarizəsi bu sonuncla nəticələndi. Bu gün Çingiz Mustafayevin doğum günüdür, Nicat Əliyev də Mustafayev məktəbinin yetirməsidir və jurnalistlərə qarşı atılan bu cür addımlar Çingiz Mustafayevin də ruhunun incidilməsi deməkdir. Biz Nicat Əliyevi mübariz insan kimi tanıyırıq. O, xalqımızın dəyərləri uğurunda, islamafobiyaya qarşı öz azadlığını qurban verdi. Mən tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan jurnalistikasında Nicat kimi oğullar çoxalacaqdır.
”“Xəbərlent” İnformasiya Agentliyinin baş redaktoru Səbuhi Vaqifoğlu Nicat Əliyevin həbsini azad mətbuata basqı kimi qiymətləndirir:
“Nicat Əliyevin həbsi azad mətbuatdan kənar bir addımdır. Əgər bu gün KİV haqqında qanuna nəzər salsaq, görərik ki, orada jurnalistin azadlığı birbaşa vurğulanıb. Lakin bu gün ölkəmizdə bu tətbiq olunmur. Düşünürəm ki, nəinki Nicat, həm də digər həbsdə olan jurnalistlər azadlığa çıxmalıdır, onsuz da bir-iki jurnalisti həbsə atmaqla azad fikirlər arxivdə qalmır, haqq onsuz da gec-tez üzə çıxır
”“İslamazeri.az” internet qəzetinin redaktoru Tural Əli bu həbsin sifarişli bir həbs olduğunu qeyd etdi:
“Azərbaycanda son zamanlar azad sözə olan təzyiqin hamımız şahidiyik. Adi bir vətəndaş ölkədəki neqativ hallardan danışsa, həbsə salınacağını bilir. O ki qaldı jurnalist olasan, hakimiyyətin vətəndaşlara tutduğu divanlardan qeyd edəsən. Hamı Nicat Əliyevin sifarişlə həbs olunduğunu bilir. Artıq belə bir hal alıb ki, narkotik və silah maddələri ilə kimsə həbs olunsa, bunun sifarişlə həyata keçirildiyi barədə söhbət açılır. Nicat Əliyevin də saxta ittihamla həbs olunması, azad hayqırtının boğulması kimi dəyərləndirməliyik. Nicat Əliyev haqqsızlığa qarşı dözə bilməmiş, məqalələrində xalqa olunan zülmləri aşkar şəkildə qeyd etmişdi. Onun da digərləri kimi həbs olunacağı aydın məsələ idi. Biz Nicat Əliyevin hüquqlarını müdafiə təşkilatı yaratdıq. Konfrans keçirdik. Lakin tədbirə dəvət olunan hüquq müdafiəçiləri konfransa gəlmədilər. Səbəbi isə Nicat Əliyevin islamçı olmasıdır. Onların marağında deyil ki, islamçının hüquqlarını müdafiə etsinlər. Bu belə olan halda bundan sonra da jurnalistlər həbs olunacaq. Azad fikrin, azad sözün qarşısı alınacaq.
”Müstəqil Jurnalistlər Assosasiyasının (MJA) təşəbbüskarı və təsisçilərindən olan, birlik.az saytının baş redaktoru Vüsal Hətəmov da jurnalist Nicat Əliyevin həbsini kəskin pisləyərək onun dərhal azadlığa buraxılmasını tələb edir:
“Bu Azərbaycan dövləti üçün başucalığı gətirməyəcək. Hakimiyyət narazılığı zor gücünə, jurnalistlərin həbsi ilə ört-basdır etmək, yatırtmaq istəyir. Amma bunun aqibətini biz həmişə ayrı cür görmüşük. Bu xalq ac qalıb, amma kölə olmayıb”
Xəyalbirlik.az