Tarix : 2012 Aug 31
Kod 32387

AİP sədrinin müavini Arif Qəniyev yenidən həbs olunub

Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyev cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında məhkəmə qərarı ləğv edilərək yenidən həbs olunub
/Aran Agentliyi

Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyev cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında məhkəmə qərarı ləğv edilərək yenidən həbs olunub

Bu barə də Arif Qəniyev özü İslaminsesi.az saytına məlumat verib. Məlumatda deyilir ki, bu gün Şirvan Rayon məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyevin növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə A. Qəniyevə tətbiq olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə cəzasını ləğv edərək, cəzasının qalan hissəsini cəzaçəkmə müəssisəsində keçirməsi haqqında qərar qəbul edib.

Arif Qəniyevin azadlığa buraxılması ilə bağlı məhkəmə qərarı bu il iyunun 5-də qəbul edilib və iyunun 6-da islamçı azadlığa çıxıb.

Xatırladaq ki, A.Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməyib. İslamçı Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı. ( islaminsesi)

  • Yazılıb
  • da (də) 2012 Aug 31