Tarix : 2012 Aug 31
Kod 32388

''Xamneyi ağa bizim dini liderimizdir…''

Elçin Manafov: « narkotik bizə heç yaraşmayan bir şeydir»
/Aran Agentliyi

Elçin Manafov: « narkotik bizə heç yaraşmayan bir şeydir»

Quba Rayonunun keçmiş icra başçısı Rauf Həbibovun istintaqa verdiyi ifadədə maraqlı məqamlar var.. Xüsusən də zərərçəkmiş qismində dindirilən keçmiş icra başçısının rəhbərliyi etdiyi rayonda baş verənlərdə İslam Partiyasını ittiham etməsi bir sıra suallara yön açdı. Bu məqsədlə suallarımızı İslam Partiyasının sədr əvəzi Elçin Manafova ünvanladıq.

- Elçin bəy, Qubanın keçmiş icra başçısı Rauf Həbibovun istintaqa ifadəsi mətbuatda yayılıb. O, İslam Partiyasının xarici qüvvələrə işləməkdə ittiham edir. Bunu necə qiymətləndirirsiniz

- Sabiq başçı kiçik ifadəsi ilə nə qədər dərdlərimizi gündəmə gətirib. İstər iqtidar, istərsə müxalifət, əlbəttə müxalif düşərgənin sağlam qüvvələri çoxdur və biz onlarla normal münasibətdəyik, amma çox təəssüf ki, kimsə xarici təşkilatlar qarşı etimad qazanmaq istəyirsə, İslam Partiyasını hədəfə alır. Hesab edirlər ki, problemlərdən yayınmaq üçün diqqəti İslam Partiyasına yönəltmək daha asan yoldur. Halbuki, bu gün partiyamız açıq şəkildə repressiyalara məruz qalıb. Bu yaxınlarda partiyamızın önəmli şəxsi Hacı Vaqifi həbsxanada şəhid etdilər, daha sonra Lökbatanda Füzuli qardaşımız eyni aqibətlə üzləşdi. Hazırda həbsxanalarda İslam Partiyasının üzvləri çoxluq təşkil edir. Partiyamıza qarşı aparılan repressiyalardan belə məntiq yaranır ki, ölkədə narkotik işinə baxan islamçılardır. Yaxşı, biri, daha sonra ikisi narkoman çıxar, daha bu qədər də yox. Özü də elə təmiz və saf insanları narkotik daşıyıcısı adı ilə həbs edirlər ki, onları biz şəxsən tanıyırıq və irəli sürülən ittiham onların heç yanından keçə bilməz.

- Rauf Həbibov həbsdə olan sədriniz Mövsüm Səmədovun qubalı olmasına əsaslanaraq bildirir ki, İslam Partiyası Bakı şəhərində yaşayan funksionerlərinin, onların İranda yaşayan havadarlarının ayrı-ayrı Quba sakinlərini təsir altına salmaq, onlardan dövlətçiliyə qarşı istifadə etmək məqsədilə fəaliyyət göstərib, həmin sakinlərin evlərinə 30-40 manatlıq bazarlıq edib göndərib...

- Bunlar hamısı cəfəngiyyatdan başqa bir şey deyil. Mənim özümü də məlum həbslər zamanı 10 sutka azadlıqdan məhrum etmişdilər. Həbs zamanı müxtəlif orqanlarından olan müstəntiqlərlə söhbətimiz olurdu, o zaman da Hacı Mövsüm barəsində ittihamlara münasibəti soruşanda, yalan olduğunu demişdim. Müstəntiq niyə belə inadla danışdığımı sual edəndə, cavab verdim ki, mən özüm də heç bir bəhanə olmadan 10 sutka azadlıqdan məhrum edilmişəm. Təsəvvür edin ki, evə gedən vaxt aparıb 10 sutka azadlıqdan məhrum etdilər və üstəlik də dedilər ki, 10 sutka nədir, darıxma, gəlib keçəcək. Onlara dedim ki, sizin kimilər üçün 10 sutka heç nə ola bilər, mənə 1 dəqiqə də önəmlidir. Təəssüf ki, hüquq-mühafizə orqanlarının qanunsuzluqlara əl atması adi hala çevrilsə də, etiraz edənlər çox azdır. Bəziləri öz hüququnu tələb etmənin heç bir faydasının olmadığı qənaətindədir.

- Quba rayonunda partiyanızın təşkilatlanması hansı vəziyyətdədir?

- Hərçənd ki, Hacı Mövsüm Səmədovun Qubadan olmasına baxmayaraq bu rayonda başqa rayonlarla müqayisədə təşkilatlanmamız güclü deyil. Mən söyləsəm ki, Hacı Mövsüm Qubadan olduğu üçün təsiri güclüdür, elə deyil. Əslində, qonşu Xaçmaz rayonunda partiyadaşlarımız daha fəaldır. Ona görə də keçmiş icra başçısının dedikləri inandırıcı deyil və bəhanədir. Narahatçılıq Rauf Həbibovun zərərçəkmiş qismində ifadə verməsidir. Belə anlarda “oğru elə bağırdı ki, doğrunun bağlı yarıldı” məsəli yada düşür. Sanki qubalıları təhqir edən Rauf Həbibov deyilmiş. Halbuki, günahı kiçik bilmək daha böyük günahdır. Biri var günahını etiraf edəsən, biri də var bu barədə soruşanda “əcəb etmişəm” cavabını eşidirsən. İcra başçısının söylədikləri heç cür məntiqə sığmır və günahdır. Əslində, Rauf Həbibov ittiham olunmalıdır, çünki yerli əhalini təhqir edib.

- Necə hesab edirsiniz, məlum ifadədən sonra partiyanıza qarşı repressiyaların güclənməsi ehtimalı varmı?

- Doğrusu, biz artıq repressiyalara təəccüblənmirik və öyrəşmişik. Hansısa gün həbslər olmayanda, düşünürük ki, yəqin iş günü deyil. Ən azı həbs etməsələr də, saytlarda və başqa elektron mediada əleyhimizə etikaya sığmayan ifadələr səslənir. Yəni biz bunlara artıq alışmışıq, hədələr olmayanda təəccüblənirik.

- Hazırda İslam Partiyasının nə qədər üzvü həbsdədir?

- Dəqiq rəqəm deyə bilməyəcəm, hazırda funksionerlərlə bərabər sıravilərdən də həbsdə olanları var. Ona görə konkret cavab verə bilməyəcəm ki, bir də görürsən birini həbs edib başqa birini azad edirlər. Təzəlikcə Hacı Arif Qəniyevi buraxmışdılar, 1 gün əvvəl yenə həbs etdilər. Halbuki, onun heç bir günahı yoxdur. Partiyamıza qarşı repressiyalar son həddini yaşayır, bundan o tərəfi yoxdur.

- İslam Partiyasının adı çəkiləndə, daha çox İran xatırlanır. Bu mənada partiyanızın İrana münasibətini necə izah edərdiniz?

- Bizim mövqeyimiz nizamnaməmizdən bəllidir. İstəyimiz və fəaliyyətimizin məqsədi dövlətçiliyimizin möhkəmliyidir. Biz nəinki İranı, heç bir dövlətə bağlılığı qəbul etmirik. Elə əsas da odur ki, Azərbaycan heç bir dövlətdən asılı olmamalıdır, hakimiyyət xalqa etimad göstərib qüdrətli bir dövlət yaratmalıdır. Yoxsa indiki kimi asılı vəziyyətdə yaşamamalıyıq. 20 ilə yaxındır ərazilərimiz işğal altındadır, amma hələ də bu məsələdə ixtiyar sahibi deyilik, onun bunun ağzına baxırıq ki, görən, nə deyəcək?! Biz hələ də həqiqi mənada müstəqil ola bilməmişik.

- Partiyanız İranın Ermənistanla iqtisadi-siyasi əlaqələrini necə qiymətləndirir?

- Bu barədə dəfələrlə suallar verilib. İrana münasibətimizi iki məqam üstə götürürük: müsəlman dövləti olması və əsasən də dini liderimizin qonşu ölkədə yaşamasıdır. Dini lider də elə bir şeydir ki, onun siyasətlə bağlılığı yoxdur və həmişə də öz ölkəmizin Azərbaycan olduğunu qeyd etmişik. Ancaq Xamneyi Ağa bizim dini liderimiz olduğundan dini məsələləri İlham Əliyevlə müzakirə edə bilmərik. Biz şəriət məsələlərimizi onunla təlqin edirik.

- Məgər, Allahşükür Paşazadəni dini lider hesab etmirsiniz?

- Əgər Allahşükür Paşazadəyə də bu barədə sual versəniz, o, özü də ona müqəllid olduğunu söyləyər, yəni onun dediklərini şərt bilir. Ayın görsənməsi və başqa məsələlərdə Xamneyi Ağanın təqlidi əsas götürülür. Bəli, ölkəmizin qanunları və Konstitusiyası var və biz də onlara tabeyik. Bu mənada İran İslam Respublikasının müdafiəçisi deyilik ki, Tehranla bağlı suallara cavab verək. Əgər Tehran Ermənistanla sıx əlaqədədirsə, bu bizi narahat edə bilər. Amma etiraza gələndə, bu məsələləri səfirliklə müəyyənləşdirmək olar ki, İran niyə belə edir.

- Dini lideriniz Xamneyinin əli azərbaycançıların qanına batmış Sərkisyanla görüşməsindən heç narahat deyilsinizmi?

- Bu bir siyasətdir. Siyasət elə bir şeydir ki, belə hallar olur. Məsələn, İlham Əliyev də Rusiya və Ermənistan prezidentləri ilə görüşür, xizək sürür, gülüb-danışır. Bu dünyada qəbul olunan bir şeydir.

- Axı dini liderin siyasətə qarışmamasına eyham vurdunuz...

- Yox, axı bizim dini liderimiz Sərkisyanla xizək sürmür, istirahət etmir, heç ona o qədər vaxt da ayırmaz. Amma Azərbaycanın diplomatı Polad Bülbüloğlu Qarabağ separatçılarının liderinin qəbuluna düşmək üçün nə qədər gözləyir?! Bu bizim başımızı aşağı salmırmı? Bülbüloğlunun həmin hərəkəti separatçıları tanımaq demək deyilmi? Bunlar bizi narahat edir.

- Bəs İran hakimiyyətinin iki gənc azərbaycanlı şairi girov kimi saxlamasından narahat deyilsinizmi?

- Bu, İran İslam Respublikasının iddialarıdır, biz nə deyə bilərik. Bizdə islamçıları bu cür həbs edəndə, onlar nəsə deyə bilərlərmi? Əgər irad tutulsa, Tehrana deyə bilərik ki, sənin həbsxanan heç bir günahı olmayan azərbaycanlılarla niyə doludur?

- Axı həmin gənc şairlər Azərbaycan vətəndaşıdır, bizim həbsxanalarda İran vətəndaşı o cür saxlanılmır...

- Bilirəm Azərbaycan vətəndaşıdır və həbsxanalarımızda olanlar da öz vətəndaşlarımızdır. Həm də Azərbaycanın güclənməsini, inkişaf etməsini istəyən insanlar həbsxanalardadır. İstər başqa müxalifətçilər, istərsə də islamçılar olsun, bu insanlar Azərbaycanın rifahını istədikləri üçün həbs ediliblər. İslamçıları ona görə deyirəm ki, həbsxanalarda onların sayı daha çoxdur və islama yaraşmayan ittihamlarla azadlıqdan məhrum ediliblər. Təsəvvür edə bilərsənmi ki, bizdən narkoman çıxsın. narkotik heç yaraşmayan bir şeydir. Adətən bu cür ittihamları hökumət yox, sahə müvəkkilləri adamı üstünə qoyurlar. Ölkəmizdə bu cür özbaşınalıqlar olduğu halda başqalarını necə qınaya bilərik.( bizimyolinfo)

  • Yazılıb
  • da (də) 2012 Aug 31