/Aran Agentliyi
Gül kimi saçsan qoxunu
Gül kimi saçsan qoxunu,
Təəccüb bürüyər çoxunu,
Səhər tezdən sən yuxunu
ver güdaza, özünü qoyma naza,
Gəl namaza, özünü qoyma naza.
Boğazını gəl yaşla görüm,
Ağıllı bir başla görüm,
Dur hazırlaş, başla görüm
Dəstəmaza, özünü qoyma naza,
Gəl namaza, özünü qoyma naza.
Nəfsi istəyə dönmüsən.
Nökərdin, bəyə dönmüsən.
Bilirsən, nəyə dönmüsən?
Hoqqabaza! Özünü qoyma naza,
Gəl namaza, özünü qoyma naza.
Allahımız əl-qol verib,
Nə istədiksə, bol verib,
Bəndə bəs necə yol verib
boş avaza? Özünü qoyma naza,
Gəl namaza, özünü qoyma naza.
Gül kimi bitmək istəsən,
Fənada itmək istəsən,
Ziyarət etmək istəsən,
Get Hicaza, özünü qoyma naza,
Gəl namaza, özünü qoyma naza.
Rövşən Fərhadoğlu/deyerler