Tarix : 2012 Sep 03
Kod 32448

Ayətullah Xameneinin QH sammitində çıxışı

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام على الرّسول الأعظم الأمین و على ءاله الطّاهرین‌ و صحبه المنتجبین و على جمیع الأنبیاء و المرسلین
/Aran Agentliyi

 

بسم‌الله‌الرّحمن‌الرّحیم‌

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام على الرّسول الأعظم الأمین و على ءاله الطّاهرین‌ و صحبه المنتجبین و على جمیع الأنبیاء و المرسلین

 

Siz əziz qonaqlara, Qoşulmama Hərəkatı ölkələrinin başçıları və nümayəndə heyətlərinə, eləcə də bu beynəlxalq iclasa qatılanlara xoş gəldiniz deyirəm.

Bu məclisə toplaşmışıq ki, Allahın hidayət və yardımı ilə ötən altı onillikdə bir neçə qəlbiyanan və məsuliyyətli siyasi rəhbərin uzaqgörənlik və şücaəti ilə bünövrəsi qoyulmuş hərəkatı dünyanın bugünkü vəziyyəti və tələbləri səviyyəsində davam etdirək, ona yeni həyat və hərəkət verək.

Qonaqlarımız uzaq və yaxın məntəqələrdən bu məclisə toplanıb. Onlar müxtəlif millətləri, irqləri, etiqadları, mədəniyyətləri, tarixləri, irsləri təmsil edirlər. Hərəkatın banilərindən olan Əhməd Sokarnonun 1955-ci ildə Bandunqda təşkil olunmuş konfransda söylədiyi kimi hərəkatın bünövrəsi coğrafi, irqi, dini yox, ehtiyac duyulan ümumi vəhdətdir. O zaman hərəkata üzv ölkələr onları imperialist güclərin hakimiyyətindən qoruyacaq bir ittifaqa ehtiyaclı idilər. Bu gün imperializm vasitələri inkişaf edib genişləndiyindən həmin ittifaqa ehtiyac da yerində qalır.

Mən başqa bir həqiqəti dilə gətirmək istəyirəm:

İslam bizə öyrədib ki, insanların milli mənsubiyyəti, dili, mədəniyyəti fərqli olsa da fitrətləri eynidir, onları paklıq, ədalət, xeyirxahlıq, həmdərdlik və həmkarlığa çağırır. Bu ümumi fitrət azdırıcı amillərdən amanda qalsa bəşəriyyəti tövhid və Allah-Taalanın zatını tanımağa istiqamətləndirir.

Bu həqiqət elə bir tutuma malikdir ki, azad, inkişaf etmiş, ədalətli bir cəmiyyətin yaranmasına arxa ola bilər. O, mənəviyyat nuru ilə insanların bütün dünyəvi işlərini işıqlandırıb axirət behiştindən öncə dünya behişti yaradar. Bu həqiqət müştərək həqiqət olaraq irqi baxımdan oxşarlığı olmayan millətlərin qardaşcasına həmkarlıqlarına təminat verir.

Beynəlxalq həmkarlıqlar belə bir prinsip üzərində qurulsa, dövlətlərin arasındakı rabitələr qorxu, hədə, zora əsaslanmaz. Bu zaman xain və satqın fərdlər öz mənafelərinə uyğun vasitəçilik etməz, müştərək və sağlam mənafelər önə gələr. Bəşəriyyətin mənafeyi əsas olar, oyaq vicdanlar millətlərin mənafeyi xatirinə problemləri aradan qaldırar.

Əziz qonaqlar!

Qoşulmama Hərəkatının əsas amalları altı on ildən sonra yenə gündəmdədir. Anti-imperializm fəaliyyətləri, siyasi, iqtisadi, ideoloji müstəqillik, güc qütblərindən asılı olmamaq, üzv ölkələrin həmkarlığı həmin amallardandır. Dünyanın bugünkü reallığı həmin amallardan xeyli fərqlənir. Amma ümumi istək, hərtərəfli təlaşlar bu amallara doğru yönəlib, çətin də olsa ümidvericidir.

Biz yaxın keçmişdə soyuq müharibə dövrü siyasətlərinin məğlubiyyətinə şahid olduq. Bundan sonra dünya birqütblü oldu. Dünya tarixi təcrübələrdən yararlanaraq yeni beynəlxalq sistemə keçiddədir və Qoşulmama Hərəkatı bu sahədə müsbət rol oynaya bilər. Bu sistem ümumi həmkarlıq, millətlərin qardaşlığı üzərində qurulmalıdır. Bu hərəkata üzv ölkələrin həmrəyliyi yeni sistemin formalaşmasında əsrin zərurətlərindəndir.

Xoşbəxtlikdən dünyada baş verən hadisələrə nəzər saldıqda bir neçə yönlü ümidverici sistem perspektivləri özünü göstərir. Ənənəvi qütblər öz yerini çeşidli mədəniyyətlər məcmuəsinə, iqtisadi, ictimai-siyasi tələblərə verməkdədir. Son üç onillikdə şahid olduğumuz böyük dəyişikliklər aşkar göstərir ki, yeni güclərin meydana gəlişi əvvəlkilərin zəifləməsi ilə yanaşıdır. Güclərin tədrici yerdəyişməsi Qoşulmama Hərəkatı ölkələrinə fürsət verir ki, dünya siyasətində səmərəli rol oynasın. Bu vəziyyətdə dünya boyu ədalətli və həmkarlıqlara əsaslanan müdiriyyətə zəmin yaranır. Biz Qoşulmama Hərəkatı ölkələri uzun zaman fasiləsində baxışlardakı fərqlərə baxmayaraq müştərək ideyalar ətrafında birliyimizi qoruya bilmişik. Bu kiçik nailiyyət deyil. Bu bağlılıq ədalətli və humanist bir sistem üçün sərmayə ola bilər.

Dünyanın bugünkü vəziyyəti Qoşulmama Hərəkatı üçün təkrarsız bir fürsət ola bilər. Sözümüz budur ki, dünyanın idarə sükanı bir neçə qərb ölkəsi diktatorunun əlində olmamalıdır. Beynəlxalq idarəetmədə demokratik həmkarlıqlara əsaslanan üsul seçilməlidir. İmperialist ölkələrin siyasətlərindən birbaşa və ya dolayısı ilə zərər çəkən ölkələrin ehtiyacı budur.

BMT Təhlükəsizlik Şurasının quruluş və strategiyası qeyri-məntiqi, ədalətsiz və qeyri-demokratikdir. Bu aşkar bir diktaturadır və tarix boyu özünü göstərib. Həmin yanlış strategiyalar sayəsində ABŞ və əlaltıları öz zorakılıqlarını demokratiya libasında dünyaya qəbul etdiriblər. Onlar insan haqları deyir və qərbin mənafeləri üçün çalışır. Demokratiya deyirlər və ölkələrə hərbi təcavüz edirlər. Terrorizmlə mübarizə deyirlər, şəhər və kəndlərin müdafiəsiz mülki əhalisinin başına mərmi yağdırırlar. Onların nəzərində bəşəriyyət birinci, ikinci, üçüncü olmaqla növlərə bölünüb. Asiya, Afrika, Latın Amerikasında insanın qiyməti ucuzdur. Amerika və Qərbdə isə qiymət artır. ABŞ və Avropanın təhlükəsizliyi mühüm sayılır, qalan ölkələrin təhlükəsizliyinə əhəmiyyət verilmir. İşgəncə və terroru həyata keçirən ABŞ və sionizmdirsə bu iş məqbul sayılır. Dünyanın müxtəlif nöqtələrində gizli həbsxanalarda müdafiəsiz, vəkilsiz məhbuslarla ən çirkin şəkildə, mühakimə olunmadan rəftar edilir. Bütün bunlar onların vicdanını narahat etmir. Yaxşı və pis nisbi qiymətləndirilir. Öz mənafelərini beynəlxalq qanunlar adlandırırlar, qeyri-qanuni sözlərini qloballaşma adı altında millətlərə qəbul etdirirlər, çirkin yalanlarını xüsusi informasiya şəbəkələri vasitəsilə həqiqət kimi qələmə verirlər. Hansı söz onların hiyləsini ifşa etsə yalan kimi təqdim olunur.

Əziz dostlar! Bu ağrılı vəziyyət davam edə bilməz. Bu yanlış beynəlxalq sistemdən hamı yorulub. Amerikada “99 % kasıb, 1 % varlı” hərəkatı, Avropanı bürümüş etiraz dalğaları millətlərin səbr kasasının dolduğunu göstərir. Bu dözülməz vəziyyətə son qoyulmalıdır.

Qoşulmama Hərəkatı ölkələrinin möhkəm və məntiqi birliyi bu vəziyyətdən çıxış yolu tapmaqda təsirli ola bilər.

Möhtərəm iştirakçılar!

Beynəlxalq sülh və təhlükəsizlik bugünkü dünyanın əsas problemlərindəndir. Kütləvi qırğın silahlarının ləğvi qaçılmaz zərurət və ümumi tələbdir. Bugünkü dünyada təhlükəsizlik hamının haqqıdır. Öz cəbbəxanalarını kütləvi qırğın silahları ilə dolduranlar özünü dünyada təhlükəsizliyin bayraqdarı kimi təqdim edə bilməz. Şübhəsiz ki, bu vəziyyət onların öz təhlükəsizliyini də şübhə altına alır. Çox təəssüf ki, ən çox nüvə silahına malik olanlar öz hərbi doktrinalarında həmin silahların ləğv olunmasını nəzərdə tutmur. Onlar bu silahları özləri üçün təhlükəsizlik amili sayır. Bu təsəvvür kökündən yanlışdır. Nüvə silahı nə təhlükəsizliyin təminatçısıdır, nə də qüdrət amili. Əksinə hər iki cəhətdən təhlükə yaradır. 20-ci əsrin 90-cı illəri aydın göstərdi ki, həmin silahlar Sovetlər Birliyi kimi bir rejimi qoruya bilmədi. Bu gün də nüvə silahı olan bəzi ölkələrdə sabitlik üçün təhlükə yarandığına şahidik.

İran İslam Respublikası nüvə silahı, kimyəvi silah və bu qəbildən kütləvi qırğın silahından istifadəni böyük və bağışlanmaz günah sayır. Biz “Nüvəsiz Yaxın Şərq” şüarını irəli sürmüşük və ona sadiqik. Amma bu nüvə enerjisindən sülhməramlı istifadə və nüvə yanacağının istehsalından imtina etmək deyil. Bu enerjidən beynəlxalq qanunlar əsasında sülhməramlı istifadə bütün ölkələrin haqqıdır. Bu enerjidən bütün ölkələr millətlərinin səadəti yolunda faydalana bilər və bu haqq başqaları tərəfindən verilmir. Nüvə silahına malik olan və ondan qeryi-qanuni faydalanan bir neçə qərb ölkəsi nüvə yanacağı istehsalını öz inhisarında saxlamaq istəyir. Çox müəmmalı proses gedir. Bir neçə qərb ölkəsi beynəlxalq mərkəz adı altında nüvə yanacağı satışını əlində cəmləşdirib.

Dövrümüzün acı komediyası budur ki, ən çox və ən ölümcül kütləvi qırğın silahına malik olan və ondan isifadə edən ABŞ nüvə silahına qarşı müxalifət bayrağını çiyninə almaq istəyir. ABŞ və onun qərb müttəfiqləri qəsbkar sionist rejimi nüvə silahı ilə təchiz edir və bununla da məntəqə üçün böyük təhlükə yaradır. Amma bu hiyləgər qruplaşma nüvə enerjisindən sülhməramlı istifadəni başqa ölkələr üçün mümkün saymır və nüvə yanacağı istehsalına cəhd edənlərlə düşmənçilik aparır. Onların bəhanəsi nüvə silahı istehsalı qorxusudur. İran İslam Respublikası haqqında dedikləri sözün yalan olduğunu özləri də bilirlər. Amma zərrəcə mənəviyyata malik olmayan bir siyasətdə yalan adi haldır. 21-ci əsrdə nüvə təhlükəsindən danışanlar öz yalanlarından xəcalət çəkmirmi?!

Bir daha vurğulayıram ki, İran İslam Respublikası nüvə silahı əldə etmək fikrində deyil, eyni zamanda nüvə enerjisindən sülhməramlı istifadə haqqından vaz keçməyəcək. Bizim şüarımız “Nüvə enerjisi hamı üçün, nüvə silahı heç kimə” şüarıdır. Biz hər iki prinsip üzərində dayanacağıq. Bilirik ki, nüvə yanacağı istehsalını qərb ölkələrinin inhisarından çıxarmaq bütün müstəqil ölkələrin, o cümlədən Qoşulmama Hərəkatı ölkələrinin xeyrinədir.

ABŞ və müttəfiqlərinin zorakılıqları qarşısında 30 il müqavimət təcrübəsi İran İslam Respublikasında bu inamı yaratdı ki, həmrəy bir millət bütün təcavüz və inadkarlıqlara qalib gəlib uca zirvələri aşa bilər. Ölkəmizin hərtərəfli inkişafı dünyanın gözü qarşısında baş verir. Beynəlxalq ekspertlər bunu dəfələrlə etiraf ediblər. Bütün bu addımlar sanksiyalar, embarqolar, ABŞ və sionizmə bağlı şəbəkələrin təbliğat hücumları şəraitində atılır. Onlar bu sanksiyaların İranı iflic edəcəyini düşünür. Amma həmin sanksiyalar bizim addımlarımızı daha da möhkəmləndirir, təlaşımızı artırır, analizlərimizə inamımızı gücləndirir və millətimizi qüdrətləndirir. Biz bu yolda Allahın yardımlarına təkrar-təkrar şahid olmuşuq.

Əziz qonaqlar!

Burada mühüm bir nöqtəni qeyd etmək istəyirəm. Bu məsələ bizim məntəqəyə aid olsa da öz əhəmiyyətinə görə məntəqə hüdudlarını aşıb, neçə on illər boyu dünya siyasətində mühüm rol oynayıb. Bu üzücü Fələstin məsələsidir. Macəranın xülasəsi budur ki, müstəqil, aydın tarixi vəsiqəyə malik olan Fələstin adlı bir ölkə qərb və Britaniya siyasətçilərinin fitnəkarlığı sayəsində 20-ci əsrin 40-cı illərində qəsb olunub, silah və fitnəkarlıq gücünə avropalı mühacirlərin ixtiyarına verilib. Bu böyük qəsbkarlıq başlanğıcda şəhər və kəndlərdə böyük qətliamlarla müşayiət olunub, yerli sakinlər evlərindən çıxarılaraq qonşu ölkələrə qovulub. 60 ildən çoxdur bu cinayət davam edir. Bu problem bugünkü dünyanın ən mühüm problemlərindəndir. Qəsbkar sionist rejimin siyasi və hərbi başçıları ötən müddətdə heç bir cinayətdən çəkinməyib. İnsanlar qətlə yetirilib, evlər uçurulub, kişilər və qadınlar, hətta uşaqlar həbs olunub, onlara işgəncə verilib. Bu milləti haramxor sionist rejimin mədəsində həzm etməyə cəhd göstərilib. Fələstinin özündə və qonşu ölkələrdə qaçqın düşərgələrinə hücum edilib. Səbra, Şətila, Qana, Deyr Yasin və bu kimi başqa adlar məntəqə tarixində Fələstin xalqının qanı ilə yazılıb. 65 il sonra da bu cinayətlər yırtıcı sionist canavarlar tərəfindən işğal olunmuş ərazilərdə davam etdirilir. Onlar yeni cinayətlər sorağındadır və məntəqə üçün yeni böhranlar yaradır. Elə bir gün olmaz ki, öz vətənini, şəxsiyyətini, evini müdafiə edən gənclərin qətlə yetirilməsi, həbs olunması, işgəncəyə məruz qalması barədə xəbər eşitməyək. Sionist rejim faciəli müharibələr, qətliamlar, ərəb torpaqlarının işğalı, planlı terror əməliyyatlarını on illərdir davam etdirir. Əxlaq və mətbuat öhdəçilikləri ayaq altına alınır, vətənini müdafiə edən fələstinlilər terrorist adlandırılır, sionizmə bağlı informasiya şəbəkələrində bu yalanlar həqiqət kimi təqdim edilir. Dünya çapında hüquq müdafiəçisi kimi tanınanlar bu cinayətlərə göz yumur, təcavüzkar sionist rejimi müdafiə edir.

Həqiqət budur ki, Fələstin fələstinlilərə məxsusdur. Bu işğalın davamı böyük zülm, dünyamızın təhlükəsizliyi üçün ciddi hədədir. Qərb dövlətləri və onların əlaltılarının Fələstin probleminin həlli ilə bağlı bütün təklifləri yanlışdır və uğursuzluğa məhkumdur. Bundan sonra da belə olacaq. Biz ədalətli və demokratik həll yolu təklif edirik: Bütün fələstinlilər – hazırda sakin olanlar, başqa ölkələrə qovulub fələstinli kimliyini saxlayanlar – müsəlman, məsihi, yəhudi mənsubiyyətindən asılı olmayaraq ümumi referendumda iştirak edir. Referenduma ciddi nəzarət olunur və ölkənin siyasi üsul-idarəsi seçilir. Uzun illər boyu didərginlik acısı yaşamış fələstinlilər vətənlərinə qayıdır və referenduma qatılır. Sonra konstitusiya hazırlanır, seçkilər keçirilir, əhali seçkilərdə iştirak edir. Yalnız bu zaman sülh yarana bilər.

ABŞ siyasətçilərinə bir xeyirxah tövsiyəm var. Bu günə qədər ardıcıl şəkildə sionist rejimin hamisi ünvanında səhnədə olublar. Bu rejim bu günə qədər sizin üçün saysız problemlər yaradıb. Məntəqə xalqlarının gözündə olduqca mənfur simanız formalaşıb. Siz onların gözündə sionist rejimin cinayətlərinə şərik kimi tanınırsınız. Uzun illər boyu Amerika bu yolda böyük maddi və mənəvi itkilər yaşayıb. Əgər belə davam etsə itkiləriniz daha da ağırlaşacaq. Gəlin, İran İslam Respublikasının referendum təklifi barədə düşünün. Cəsarətli qərar çıxarın və özünüzü bu düyündən xilas edin. Şübhəsiz, məntəqə xalqları və dünyanın azad düşüncəli bütün insanları bu addımınızı alqışlayar.

Möhtərəm qonaqlar!

Sözün əvvəlinə qayıdıram. Dünya həssas bir şəraitdədir və tarixi bir döngədən keçməkdədir. Yeni bir dünya nizamının səhnəyə gəlişi gözlənilir. Qoşulmama Hərəkatı üzvləri dünya birliyinin üçdə ikisini özündə cəmləşdirib. Bu hərəkat dünyanın gələcəyində mühüm rol oynaya bilər. Bu sammitin Tehranda təşkil olunması böyük bir hadisədir və o nəzərə alınmalıdır. Biz hərəkatın imkanlarını artırmaqla dünyanı sabitsizlik, müharibə, işğaldan xilas etməkdə tarixi rolumuzu gücləndirə bilərik.

Bu məqsədə hərtərəfli həmkarlıq, həmrəyliklə nail olmaq mümkündür. Bizim aramızda çox varlı və beynəlxalq nüfuza malik ölkələr var. İqtisadi həmkarlıqlar, informasiya və təcrübə mübadiləsi yolu ilə problemləri həll etmək mümkündür. Təlaşlarımızı artırmalı, məqsədlərə sadiq qalmalıyıq. Dünya zorlularının hədəsindən qorxmayaq, onları təbəssümlə sevindirməyək. Allahın iradəsini və yaranış qanunlarını özümüzə arxa bilək. 20 il öncə kommunist sisteminin dağılması, bu gün qərb liberal-demokratiyasının uğursuzluğa məhkum olması ibrətamizdir. Avropa, Amerika, onların yaşadığı iqtisadi böhran və etiraz dalğaları göz qabağındadır. ABŞ və sionizmin əlaltısı olan diktatorların Şimali Afrikada süqutu, məntəqədə İslam Oyanışını böyük fürsət sayaq. Biz Qoşulmama Hərəkatının dünyaya müdiriyyətdə artan rolu barədə düşünə bilərik.

Bu müdiriyyətdə dəyişiklik üçün tarixi sənəd hazırlaya, icra mexanizmləri tapa bilərik. İqtisadi həmkarlıqlar sahəsində layihələr hazırlmaq, mədəniyyət əlaqələrində meyarlar müəyyənləşdirmək mümkündür. Şübhəsiz, bu təşkilat üçün fəal və stimullu ofis yaradılması nəzərdə tutulan məqsədlərə çatmaq üçün böyük və təsirli kömək ola bilər.

Təşəkkür edirəm.

Dilimizə çevirdi: A.Nəsib

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Sep 03