Ramil Səfərovun Azərbaycana qaytarılaraq əfv olunması Ermənistanda ciddi narazılığa səbəb olub
/Aran Agentliyi
Ramil Səfərovun Azərbaycana qaytarılaraq əfv olunması Ermənistanda ciddi narazılığa səbəb olub. Prezident Serj Sərkisyan Ermənistan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirib və burda əsasən R.Səfərovun ekstradisiya olunması və bununla bağlı Ermənistanın atacağı addımlar müzakirə olunub. Mətbuatın yazdığına görə, Sərkisyan “Biz bu hadisəyə dözə bilmərik və öz sonrakı addımlarımızı müzakirə etməliyik” - deyib. Həmin gün məlum olub ki, hökumət ordunu hazır vəziyyətə gətirib və eyni zamanda toplantı zamanı Sərkisyan kəşfiyyata xüsusi tapşırıq verəcəyini elan edib.
Qeyd edək ki, bir sıra media quruluşlarında ermənilərin Ramil Səfərova qarşı qəsd sifariş edə biləcəyi ilə bağlı rəylər dərc olunub. Müşahidəçilərə görə, İrəvanın cavab olaraq Azərbaycan zabitini aradan götürməyə çalışması mümkündür. “Panaermenian.am”ın xəbərinə görə, ermənilər ABŞ-ın hələ 1980-cı ildə terrorçu təşkilat kimi tanıdığı “ASALA”nı (Armenian Secret Army for the Liberation of Armenia ) yardıma çağırırlar. Yəni gəlin, terror yolu ilə Ramil Səfərovu öldürün.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Deyerler.Org-a açıqlamasında deyib ki, yəqin ki, ermənilər Ramil Səfərovu aradan götürməyə cəhd edəcəklər. “Erməni mətbuatında yazılanlar, həmçinin ermənilərin sosial şəbəkələrdə yazdıqları onların bir millət olaraq, bir dövlət olaraq terrorçu xarakterlərini bir daha təsdiq edir. Ermənistanda hakimiyyətdə olan bir qrupdur ki, onlar da hər zaman terrordan istifadə edirlər. Ermənistan hakimiyyətinin müxtəlif səviyyədə etdikləri açıqlamaları erməni mahiyyətlərindən irəli gəlir. Ermənilərin hay-küy salaraq, NATO üzvlərinə, ABŞ-a və başqa ölkə və təşkilatlara müraciət etmələri özlərinin bir isterik xalq olmalarını göstərir. Hesab edirəm ki, Ermənistanın terrorçu prezidentinin və onun komandasının real üzünü bütün dünya bir daha gördü.
Ramil Səfərov həbsdə olduğu müddətdə də ermənilər ona qarşı sui-qəsd hazırlayırdılar. Lakin o, yüksək səviyyədə qorunduğundan bu istəklərinə nail ola bilməyiblər. Yəqin ki, ermənilər Ramil Səfərovu aradan götürməyə cəhd edəcəklər. Onlar bunun üçün hansısa bir xəfiyyələrini göndərə bilərlər. Ramilin təhlükəsizliyi üçün müəyyən tədbirlər artıq görülməkdədir. Ən azından bir neçə müddət onun təhlükəsizliyi ən yüksək səviyyədə qorunmalıdır”.
Deyerler.Org