Tarix : 2012 Sep 04
Kod 32470

Hacı Mehdiyə narkoloji ekspertiza təyin olunub

Məhkəmə xəstəlikdən əziyyət çəkən din adamını ev dustaqlığına buraxmayıb
/Aran Agentliyi

HaqqYolu - Xəbər verdiyimiz kimi, avqustun 31-də Sabunçu Rayon Məhkəməsində Hacı Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib. Ancaq məhkəmə xəstəlikdən əziyyət çəkən din adamını ev dustaqlığına buraxmayıb.

Vəkil Cavad Cavadov dünən bizimlə söhbətində bildirdi ki, artıq müdafiə tərəfi Sabunçu məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Vəkil bildirdi ki, istintaq Hacı Mehdiyə narkoloji ekspertiza təyin edib: “Hacı Mehdiyə narkoloji ekspertiza təyin olunub. Yəqin ki, bu proses 20 günə qədər vaxt aparacaq. Eyni zamanda müdafiə tərəfi Sabunçu Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bir də sabah (bu gün-red.) ailə üzvləri ilə görüş olacaq. Artıq bununla bağlı müvafiq icazə alınıb”.

Vəkil onu da bildirdi ki, məhkəmə prosesindən bir gün sonra, şənbə günü təcridxanada Hacı Mehdi Şamilli ilə görüşüb. C.Cavadovun sözlərinə görə, Hacı Mehdi saxlanma şəraitindən şikayət etməsə də həbsinin qanunsuz olduğunu bir daha vurğulayıb: “Şənbə günü görüşdüm. Durumu normaldır, mən ona qəzetləri, barəsində KİV-də dərc olunan məqalələri apardım. Mətbuata minnətdarlığını bildirdi, bir daha qeyd elədi ki, günahım yoxdur, ömründə siqaret çəkməyən insanı narkotik maddə ilə ittiham edirlər”.

Hacı Mehdinin qardaşı Tərlan Şamilov bildirdi ki, sentyabrın 4-də hər üç qardaşı ilə birlikdə təcridxanada Hacı Mehdi ilə görüşə gedəcəklər.

Xatırladaq ki, Hacı Mehdi Şamilli avqustun 6-da Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Polis Hacı Mehdinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edildiyini elan edib. Vəkilin bildirdiyinə görə, saxlanılan zaman 3 gün ərzində polis idarəsində ona işgəncə verərək döyüblər.(musavat.com)

  • Yazılıb
  • da (də) 2012 Sep 04