Ailəsinin ictimai fəal, dindar Mehdi Şamilli ilə sentyabrın 4-nə nəzərdə tutulan görüşü baş tutmayıb
/Aran Agentliyi
Ailəsinin ictimai fəal, dindar Mehdi Şamilli ilə sentyabrın 4-nə nəzərdə tutulan görüşü baş tutmayıb
HaqqYolu - Ailəsinin ictimai fəal, dindar Mehdi Şamilli ilə sentyabrın 4-nə nəzərdə tutulan görüşü baş tutmayıb. Səbəb görüş üçün müraciətin Sabunçu Rayon Polis İdarəsi rəisinin adına yazılmaması olub. Mehdi Şamillinin qardaşı Tərlan Şamilli deyib ki, rəisin adına ərizə yazacaqlar.
Tərlan Şamilli qardaşının səhhətində müəyyən problemlər olduğunu və buna görə çox narahatlıq keçidiklərini, görüşmək istədiklərini vurğulayıb: “Həbsdən əvvəl gözündən müalicə almışdı. Bakıda müalicənin heç bir effekti olmadı. Anamın müalicəsinə görə İrana gedəndə müalicə kursu keçdi. Yaxşılaşdı. Daha sonra İranda onu müayinədən keçirəndə başında şiş olduğunu dedilər. Tutulan zaman bu xəstəlikdən müalicə alırdı. Onun dərmanlarını təcridxanaya da yolladıq, hazırda həmin dərmanlar qurtarmaq üzrədir. Bildiyim qədər hazırda Bakı İstintaq Təcridxanasında həkimlərinin nəzarəti altındadır. Çox narahatıq və görüşmək istəyirik”.
Mehdi Şamilli avqustun 6-də Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Mehdi Şamillinin üstündən 6,69 qram marixuana çıxdığı iddia olunur. İstintaqı Sabunçu Rayon Polis İdarəsi aparır.(mediaforum)