Tarix : 2012 Sep 04
Kod 32477

Hacı Abgül Süleymanov kimdir?

/Aran Agentliyi

MMDİB-in həbsdə olan sədri Mehdi Məmmədov Abgül Süleymanovun islami kimliyi barədə qısa araşdırma aparıb

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov Penitensiar xidmətin 16 saylı ümumi cəzaçəkmə müəssisəsindən İslamazeri.az-a məktub göndərib. Məktubda ruhani Hacı Abgül Süleymanovun kimliyindən danışılır. Hacı Mehdi Məmmədovun göndərdiyi məktubun mətnini sizlərə təqdim edirik:

İndiyə qədər çox həbslər gördüm. Bir neçə dostumun, yaxınımın, Hacı Tale kimi ruhani qardaşımın həbsinin acılarını yaşadım. Bu maddi dünyada mənə növbəti zərbə Hacı Abgül qardaşımın 11 il iş almasını eşitməm oldu. Buna həm kədərləndim həmdə sevindim. Kədərlənməmə səbəb zalım qüvvələrin haqqı boğmaq üçün yenə bir araya gəlib cəmiyyətə gərəkli olan dəyərli, mübariz, ruhaninin 11 il toplumdan ayırması oldu. Nə qədər kədərlənsəmdə amma sevincimin həddi, hüdudu yox idi. Buna səbəb yenədə Hacı Abgül Süleymanovun zalım rejimin qarşısında mübarizə əzmi ilə dayanıb İmam Hüseynin (ə) məktəbinin dəyərlərini qətiyyətlə nümayiş etdirməsi oldu. Onun öz amalı uğrunda mübarizə aparıb hədəfinə çatması məni sevindirməyə bilməzdi. Daxili rəşadət və mübarizə əzmi onu haqq uğrunda mübarizə meydanlarında zülmə qarşı cəngavər bir döyüşçüyə çevirdi. Xüsusi olaraq mənəviyyata yönələn irtica qüvvələr müqabilində bəzən vaxt tək, lakin bir orduya bərabər təpki göstərməsi onun yaxşı halda həbsini pis halda isə qətlini qaçılmaz etmişdi.

Dövlətimizə uzanan xarici qüvvələrin anti-islam ünsürləri, daxildən onlara havadar olan hakim dəstəkçilər nəhayət 2011-ci ilin avqustunda tanınmış ruhani, ictimai xadim hacı Abgül Süleymanova bir-birinə zidd maddələrin böhtan dolu sıralamaları ilə onu həbs etdilər. O gənclik çağlarından mübarizə eşqi ilə coşub daşırdı. Hələ cəmiyyət onu Abgül Süleymanov kimi tanımamış ölkə rəhbərliyi onun kimliyi haqqında təsəvvürə malik idilər. 2001-ci ildə yaşadığı ərazinin yaxınlığında bir qrup ərazi uşaqlarına başlatdığı Quran dərsinin tədrisinə qadağa da bu inamı elə beşikdəcə boğmağa atılan addım oldu.

2002-ci ildə o məqsədinə geniş addımlarla yaxınlaşaraq gəncləri dövrün narkomaniya, alkoqolizm və sair qorxunc bəlalarından uzaq qalması üçün milli-mənəvi dəyərlərin təbliğinə başlayır. Gənclər arasında islam dininin dəyərli ayinləri yaymaqla o pak və amallı Azərbaycan gəncliyinin sabahı naminə dəyərli addımlar atmağa başlayır. 2003-cü ildə əzadarlıq və heyyət təfəkkürünün təsisində xüsusi xidmət göstərir. Azərbaycanın müxtəlif bölgələrini dolaşan heyət, inanclı insanlar arasında böyük rəğbət qazanmaqla yanaşı insanları pak fitrətə dəvət edir. Səyyar formada qurulan məclislər Azərbaycanın milli-mənəvi əzadarlıq ruhiyyəsini tarixin qapanmış səhifələrindən qopararaq bu günün Azərbaycan reallığına bir daha nümayiş etdirir. 2005-ci il onun apardığı təbliğat və təşfiq işləri hüquqi müstəvi olaraq “Milli-Mənəvi Dəyərlər” adlı ictimai təşkilatın yaranmasına təkan verir. Adından göründüyü kimi milli-mənəvi dəyərlərin qorunub inkişaf etməsi məqsədi ilə yaranan təşkilat 2005-ci ildə “Binqo” restoranında İslam Peyğəmbərinin (s) və İmam Sadiqin (ə) doğum gecələrinin təntənəli olaraq təşkil edir. Bu mərasim təşkilatın cəmiyyətə çıxış kartı olur. Elə həmən il Danimarkada İslam peyğəmbərinə (s) qarşı olunan karikatura təhqirini mənəviyyata vurulan zərbə kimi dəyərləndirən təşkilat Xarici İşlər Nazirliyinin önündə bir neçə min nəfərin qatıldığı dinc etiraz aksiyasına qoşularaq bu işi tənqid edir.

2006-2009-ci illər qəsbkar İsrailin dinc Fələstin xalqına qarşı apardığı soyqırıma qarşı İsrail səfirliyi önündə etiraz aksiyalarının təşkili və Hacı Abgül Süleymanovun bu aksiyalarda sionizmin məhvi, sionizmə ölüm şüarları səsləndirməsi daxili İsrailpərəst qüvvələrin narahat olmasına səbəb olmuşdur. Elə bu səbəb idi ki, daxili İsrailpərəst qüvvələr və xarici Qərb və onun vəhşi insanlıq qatili olan İsrail, mövcud halları hər bir vəchlə susdurmaq üçün qüvvələrini səfərbər etmişdir. Lakin İmam Hüseyn (ə) eşqi cəsur Abgül Süleymanovları amal uğrunda mübarizədən döndərmək onu tanıyanların dili ilə desək mümkünsüz bir hal idi.

2007-ci ildə böyük imamət və vilayət bayramı olan “Qədir xum” bayramı da onun arzularının təzahürü olaraq Akademik Milli Dram teatrının binasında yüzlərlə inanclını bu ünvana toplayır. Elə həmin il İmam Əlinin (ə) mövludu “Milli Parkın” “Cinema” klubunda çox geniş formada təşkil olunur. 2008-ci ildə Maştağanın 1 saylı internat evində qonaq olan “Milli-Mənəvi Dəyərlər” təşkilatı Xanım Zeynəbin (s.ə) mövlud mərasimini ailə və yaxınlarının mərhəmət və sevgisindən uzaq düşən uşaqların əhatəsində təşkil etdilər. Hacının şəxsən uşaqlara mərhəmət və nəvaziş göstərmək kimi incə duyğuları orada iştirak edən istənilən şəxsi kövrəltməyə bilmirdi. 2008-ci ildə Qüdsdə qətliamların dayandırılması, pozulan insan hüquqlarına seyirci qismində çıxış edən insan hüquq institutlarına etiraz olaraq təşkilat tərəfindən qurulmuş tədbir və konfranslarda o kəskin çıxış edərək Qərbin vəhşi insan qatili olduğunu bir daha təsbit edir. Elə həmin ilə təsadüf edən ölkədəki Azana qoyulan qadağa Hacı Abgülü bütün inanclılara yönələn çıxışları ilə bu hadisədə bir olmağa səsləməsi ilə tarixə həkk olunur.

2009-cu ildə Erməni və İsrail cəlladlarının soyqırımına etiraz əlaməti olaraq “Hayat Regency” otelində “Qan yaddaşı” adlı gecə təşkil olunur və burada da Hacı Abgülün çox iti nitqi yatmış qəlbləri riqqətə gətirir. 2009-cu il elə həmin ünvanda Xanım Zəhranın şəhadəti ilə əlaqəli təşkil olunan “Şam işığında dua” adlı elmi-bədii gecəyə də rəhbərlik etməli olur.

“Qarabağ qan yaddaşımız” adlı Qarabağın işğalına etiraz olaraq 2009-cu ildə B.Ə.M-də təşkilat tərəfindən təşkili və Hacı Abgülün Qarabağın azadlığı uğrunda canlarını qurban verməyə hazır olan mənəvi ruhlu gənclərin bu günü gözləmələrini söyləməsi də bu mərasimin unudulmaz ştrixlərindən idi.

2009-cu ilin yayında “Fatimeyi Zəhra (s.ə)” məscidinin sökülməsinə iqtisad məhkəməsinin çıxardığı qərardan həmən sonra Hacının təşəbbüsü ilə Bakı şəhəri icra hakimiyyəti önündə etiraz aksiyası təşkil olunur. Çox sərt fikirlər səsləndirilən aksiya öz effektini çox qısa zamanda göstərirdə. Bunun ardınca 2009-cu ilin aşura günündə bir çox inanclılar üçün qapısının bağlı qaldığı Yeni Günəşlinin “Fatimeyi Zəhra (s.ə)” adlı məscidinin qapalı baryerləri aşaraq Aşura mərasimi orada keçirməsinə Hacı Abgül Süleymanovun da dəstək və yardımı olur. 2009-2010-cu illər ölkəmizdə “qanunsuz tikili” ittihamı ilə sökülən məscidlərə Hacının çox sərt fikirləri, iti nitqi və kəskin çağırışı bu hərəkətin dayandırılmasında xüsusi rola malik olur.

Bir çoxlarının bilmədiyi, bu gün Azərbaycanın qürur mənbəyi olan Milli Qəhrəman şəhid Seyyid Mübarizin ailəsinə ilk səfəri də məhz Hacı Abgül Süleymanov təşkil edir. Mübariz İbrahimovun şəhadətindən sonra onun ailəsinə qarşı bəzi dövlət strukturlarından kəskin iradlar, dinc, atəşkəs vəziyyətində atdığı addım qınandığı bir şəraitdə Hacı Abgül Süleymanov bütün media və inanclı kütlənin diqqətini Biləsuvarın Əliabad kəndinə yönəldir. Bu ünvanı bir göz qırpımında ziyarətçilərin axın yerinə, inanc məkanına döndərə bilir. Məhz bundan sonra 34 gün qapısı döyülməyən bu ailənin qapısını dövlət strukturlarından döyməyə başlayırlar. Hacının bu addımı Mübariz İbrahimovun Milli qəhrəman statusu almasına səbəb olur. Bu addımlarla yanaşı Hacı Abgül Süleymanovun Beynəlxalq təşkilatlarda çıxışları diqqət çəkicidir.

2011-ci ilin martında Türkiyədə “Mavi Marmara” ilə bağlı toplantı Hacı Abgülün “Mavi Marmara” gəmisində şəhid edilən Türkiyə vətəndaşlarına qarşı İsrail qətliamı sərt tənqid olunur. Bununla bərabər Azərbaycandakı İslamofobiya mövzusunda da təşkil olunmuş yığıncaqlarda o islama qarşı ikili standartın yol verilməz olduğunu diqqətə çəkir. Demokratik dəyərlərin rəhbər tutulduğu bu ölkədə İslama qarşı qeyri bərabər davranışın sifarişli xarici təsirlə idarə olunduğunu diqqətə çəkən Hacı Abgül bunun əksəriyyətinin inanclı olduğu Azərbaycan kimi dövlətdə həyata keçirilməsinin mümkünsüzlüyünü xarici ölkə tribunalarından səsləndirir.

Ölkədə hicaba qarşı aparılan qeyri qanuni mübarizədə Abgül Süleymanov həmişəki rəşadəti ilə bunun yol verilməz olduğunu təşkil olunan elmi konfranslar, media orqanlarının vasitəsi ilə bildirərək bu işdə olan qüvvələrə dayanmaq mesajını verir. 2010-cu ilin payızından ölkə daxili qadağa dalğaları ilə orta məktəbə gedən şagirdlərin təhsil müəssisələrinə hicabla gəlişini qadağalayan Təhsil Nazirliyinin qərarını konsitutsion hüquqların pozulması kimi təsbit edən Abgül Süleymanov öncə bu qanunsuzluğu sivil yolla etiraz etsə də sonradan etiraz dalğaları daha kəskin forma alır. Hakimiyyətin yaratdığı süni hicab qadağasına etiraza laqeyidlik, 2010-cu ilin dekabrında iki mindən artıq inanclı Təhsil Nazirliyinin inzibati binasının önünə gətirərək baş verən qanunsuzluğa sərt etiraz etmələri ilə müşahidə olundu.

Hacı Abgül Süleymanovun bu aksiyada fəal iştirakı da bir daha qəlbində cəsarət və rəşadətlə yanaşı hakimiyyətə səhv yoldan qayıtması üçün bir çağırış xarakterli addım idi. Lakin görünür haqqın səsini boğmaqda artıq praktikada özünü doğruldan addımı atmaq bu hakimiyyət üçün insanların haqlı istəklərinə cavab verməkdən önəmli idi.

Elə bu səbəblərə görə də Hacının dayanıqlı mübarizələrinə rəğmən hökumət dözümsüzlük göstərir və 2011-ci ilin avqustu Hacı həbs olunur. MTN-nin “podvalında” saxlanılan ilahiyyatçı ağlagəlməz, utanmaz böhtanlar və ittihamlara məruz qalaraq haqqında iftiralar dolu cinayət işi ilə bir il MTN-nin “podvalında” saxlanılır. Nəhayət Ağır işlər üzrə məhkəmə 2012-ci ilin avqustunda 1 illik həbsdən sonra ruhani, siyasi-ictimai xadim Hacı Abgül Süleymanova hökumətin sifarişi ilə 11 illik həbs qəti imkan tədbirləri ilə həbs olunmasına qərar verir. Hər kəs hacı Abgülün həbsinin əsas motivini bilib anladı.

Özündən böyük olan qardaşını Qarabağın azadlığı uğrunda şəhid verən Hacı Abgül könüllü olaraq vətən uğrunda döyüşmək üçün hərbi komissarlığa yollanır. Lakin bəzi səbəblərə görə Hacı komissarlıqdan geri qaytarılır. Şəhid qardaşı olan, qəlbi vətənpərvərlik hissi ilə döyünən belə bir qeyrətli vətən oğlunun yalançı ittihamlarla, böhtanlarla həbsi bütün Azərbaycanın qeyrətli oğlanlarına qarşı atılan böhtan və onların həbsdir. Üzümü tutub Azərbaycan xalqına səslənirəm: “Məgər Hacı Abgül Süleymanovu həbs etməklə ona olunan hörmətsizlik şəhid ailəsinə olunan hörmətsizlik deyilmi? Məgər şəhid ailəsinə bu hörmətsizlik işğal altında olan torpaqlarımıza qarşı xəyanət deyilmi? Sual cavabsızdır. Çünki bu yazılanlar hamısı həqiqətdir. Bəzən həqiqət acı olduğu üçün batilpərəst qüvvələr həqiqət və həqiqətpəsət inancları beşikdəcə boğmaq istəyirlər. Amma bu mənfur və hiyləgər fikirli qüvvələr unutmasınlar ki, Allahın vədəsi vardır. Haqq gəldi batil aradan gedər, batil aradan getməyə məhkumdur.

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov

 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 04