Tarix : 2012 Sep 05
Kod 32504

NATO BAŞ KATİBİNİN CƏNUBİ QAFQAZA SƏFƏRİ BAŞLADI

Ermənilər İrəvanda onu etiraz aksiyaları ilə qarşılamağa hazırlaşır
/Aran Agentliyi

Ermənilər İrəvanda onu etiraz aksiyaları ilə qarşılamağa hazırlaşır

Bu gün NATO baş katibi Andres Foq Rasmussenin Cənubi Qafqaz regionuna səfəri başlayır. Rasmussenin səfərinə Gürcüstandan başlayacağı gözlənilir. Daha sonra o, İrəvana, oradan isə Bakıya səfər edəcək. NATO baş katibinin səfər zamanı prezidentlər, müdafiə nazirləri və xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır.

Gürcüstan mənbələri xəbər verir ki, Rasmussenlə eyni vaxtda nüfuzlu ABŞ senatorları Con Makkeyn və Co Liberman da Tiflisə səfər edəcək. Lakin onların səfərlərinin məqsədi və proqramı barədə məlumat yoxdur. Habelə senatorların Tiflisdən sonra İrəvan və Bakıya səfər edib-etməyəcəkləri də bilinmir. Senatorlar Makkeyn və Liberman iki gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, general Devid Petreusun İstanbula səfəri zamanı da bu şəhərdə görünmüşdülər. Türk telekanalları senatorların MKİ direktorunun qaldığı hoteldən çıxarkən görüntülərini çəkmişdi, ancaq onların səfərlərinin məqsədi və keçirdikləri görüşlər barədə heç bir rəsmi məlumat verilməmişdi.

NATO baş katibinin Cənubi Qafqaz regionuna səfərinə gəldikdə isə Rasmussenin region ölkələri ilə alyans arasında tərəfdaşlığa dair məsələləri müzakirə edəcəyi gözlənilir. Onun səfəri Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya edilməsi ilə bağlı erməni tərəfinin qaldırdığı hay-küylə eyni vaxta təsadüf edib. Bu baxımdan Ermənistan rəhbərliyi NATO baş katibi ilə bu məsələni də müzakirə edəcək. Həmçinin İrəvanda Rasmusseni etiraz aksiyaları ilə qarşılamağa hazırlaşırdılar. Belə ki, R.Səfərov erməni zabitini NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Macarıstanda təşkil edilmiş kursları zamanı öldürüb. Ermənistan hesab edir ki, NATO azərbaycanlı zabitin ekstradisiyasına və azadlığa buraxılmasına münasibət bildirməlidir.

Regiona səfəri ərəfəsində Brüsseldə Gürcüstan televiziyasına müsahibə verən Rasmussen Rusiyanın yaxın günlərdə başlamağa hazırlaşdığı “Qafqaz-2012" hərbi təlimlərini də şərh edib. ”Biz Rusiyanı bu təlimlərlə bağlı şəffaflığı maksimum təmin etməyə çağırırıq. NATO Rusiyanın planlaşdırdığı təlimləri diqqətlə izləyir, biz təlimlərin keçirilməsini və keçirilmə haqqını şübhə altına almaq fikrində deyilik, çünki özümüz də təlimlər keçiririk. Lakin olduqca mühümdür ki, Rusiya bu təlimlərin məqsədi barədə inandırıcı informasiyalar versin" deyə, o bildirib.(musavat)

  • Yazılıb
  • da (də) 2012 Sep 05