Yəhudi dövlətinin xarici işlər naziri “Mavi Mərmərə” insidentinə görə Ankaradan üzr istəməyə hazır olduğunu bildirdi, tərəflər arasında vasitəçiliyi rəsmi Bakı aparıb
/Aran Agentliyi
Yəhudi dövlətinin xarici işlər naziri “Mavi Mərmərə” insidentinə görə Ankaradan üzr istəməyə hazır olduğunu bildirdi, tərəflər arasında vasitəçiliyi rəsmi Bakı aparıb
İsrail xarici işlər naziri Aviqdor Liberman 2010-cu ildə Qəzzaya yardım aparan Türkiyə gəmisi “Mavi Mərmərə”yə edilmiş basqın zamanı 9 türk vətəndaşının həlak olmasına görə Ankaradan rəsmi üzr istəməyə hazır olduğunu bildirib. İndiyədək məhz Liberman İsrailin Türkiyədən üzr istəməsinə sərt şəkildə qarşı çıxırdı və bəyan edirdi ki, əgər baş nazir Benyamin Netanyahu üzr istəməyə qərar versə, o, hakim koalisiyanı tərk edəcək.
İzRus portalının xəbərinə görə, Liberman Yerusəlimdə lideri olduğu partiyanın toplantısında çıxışı zamanı deyib ki, o, Türkiyədən üzr istəyə bilər, ancaq ABŞ-ın ötən il Pakistanda 24 hərbçinin öldürülməsi ilə bağlı bu ölkəyə təqdim etdiyi üzrxahlıq bəyanatında yer alan ifadələrdən istifadə etməklə. “Mən Türkiyə ilə İsrail arasında əvvəlki münasibətləri bərpa etmək istiqamətində yeni cəhdlərin şahidi oluram. Mənə izah edirlər ki, biz üzr istəməliyik. Deyirlər ki, hətta Birləşmiş Ştatlar Pakistan qarşısında üzr istəyə bilirsə, o zaman İsrailin Türkiyədən üzr istəməməsi üçün heç bir səbəb yoxdur” deyə, Liberman bildirib.
İsrail xarici işlər naziri deyib ki, ona bu təklifi edənlərə dərhal Amerikanın Pakistana təqdim etdiyi mətni gətirmələrini istəyib: “Sizi əmin edirəm ki, əgər türklər bu mətni qəbul etməyə hazır olsalar, o zaman mən buna razılaşacağam. Mən buna hazıram. Oradakı hər sözü oxudum, lakin onları üzr istəmək kimi qiymətləndirmək olmaz, söhbət günahsız insanların həlak olmasına görə təəssüflənməkdən gedir. Ona görə də kimlərsə münasibətləri düzəltmək istəyirsə mən deyirəm: yeganə imkan Amerikanın Pakistana təqdim etdiyi mətndəki ifadələrdir. Bir söz də artıq ola bilməz”.
Saytın digər xəbərinə görə, İsrailin Türkiyədən üzr istəməsi üçün hər iki tərəf üçün məqbul formulun tapılmasında neçə vaxtdır rəsmi Bakı təmsilçiləri vasitəçilik edir. Bildirilir ki, Azərbaycan rəsmiləri İsrail hökumətindəki və Türkiyə baş nazirinin yaxın çevrəsindəki əlaqələrindən istifadə edərək tərəfləri barışdırmağa çalışır. Belə ki, həm İsrail, həm Türkiyə Azərbaycanın strateji tərəfdaşlarıdır. İsraillə Türkiyə arasında böhran dərinləşəndə Azərbaycan olduqca çətin vəziyyətdə qalıb. Ona görə də rəsmi Bakı bütün imkanları ilə qarşıduran tərəfləri barışdırmağa çalışır. Təl-Əvivdəki diplomatik qaynağın İzRus portalına bildirdiyinə görə, Azərbaycan tərəfi son vaxtlar İsrailin Türkiyədən üzr istəməsi üçün münasib formulun tapılması üçün cəhdlər göstərib.
Lakin rəsmi Bakı nəzərə alır ki, üzr istəmək hər iki tərəf üçün milli qürur məsələsidir. Prosesdə vasitəçilik edən rəsmilərin Türkiyə tərəfinə çatdırdığına görə, İsrail tərəfi “Mavi Mərmərə” gəmisində türk vətəndaşlarının olduğunu bilməyib. Bildirilir ki, əgər İsrail tərəfi bunu bilsəydi, o zaman Türkiyə vətəndaşları arasında itki olmaması üçün mümkün qədər səy göstərərdi. Türkiyə tərəfinə çatdırılıb ki, İsrail tərəfi ümumiyyətlə Türkiyə vətəndaşlarının bu insidentdə həlak olmasından “dərin təəssüf hissi” keçirir. Məlumata görə, Azərbaycan tərəfi vasitəçilik missiyasının nəticə verəcəyinə o qədər də ümidli deyil, lakin əlindən gələni edir.