/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, “Quran sevərlər” ictimai birliyinin təşkilatçılığı ilə 6-cı bölgələr üzrə Quran müsabiqə keçirilir. Tədbirdə Quran oxumaq, hifz və təfsir müsabiqələri keçirilir. Artıq müsabiqə 4 bölgədə baş tutmuşdu.
Çox təəssüf olsun ki, 5-ci bölgə - Gəncə və ətraf rayonlar üzrə müsabiqəyə icra orqanları icazə verməyiblər.
İlk öncə etiraz Gəncə şəhər icra hakimiyyətindən gəlib. Məsul nümayəndə bu tədbirin məqsədəuyğun olmadığını bildirib.
Daha sonra etiraz Mingəçevirdən gəlib. Tədbir təşkilatçıları Goranboy rayonunda keçirmək istədikdə yenə də icra hakimiyyətinin maneəsi ilə üz-bəüz qalıblar.
Əvvəlcə icazə versələrdə sonradan Quran tədbirinin keçirilməsinə mane olublar. Sonda ümid Göy-Gölə qalıb.
Bu rayon nümayəndələri ilə əlaqə saxlanılıb. Tədbirin keçirilməsinə icazə verilib. 12 nəfərdən ibarət münsiflər heyəti və təşkilatçılar bu rayona üz tutublar. Amma təşkilatçıların sevinci uzun sürməyib. Səhər saatlarında məscidə daxil olduqda məscidin rəhbərliyi bildirib ki, dünən axşam icra və dini komitə nümayəndələri tapşırıq veriblər ki, Quran müsabiqəsi keçirmək olmaz.
Təşkilat rəsmisi İslamazeri.az-a bununla bağlı münasibət bildirib: "Anlamıram, bütün Azərbaycanı gəzdik, bütün rayonlarda çox yüksək səviyyədə tədbirlər keçirildi, niyə Gəncə və ətraf rayonlarda bu mümkün deyil. Məgər bizə Dini komitə və Müsəlmanlar İdarəsindən icazə verildikdə bu tədbirləri bütün Azərbaycanda keçirməyə icazə verməyiblər?! Əgər icazə veriblərsə, niyə maneə yaradırlar. Müəmmalı məsələdir. Quran müsabiqəsinə bu qədər laqeydlik nədən yaranır. Biz ümid edirik ki.gələcəkdə bu cür maneələrlə yox, Qurana sevgi və məhəbbətlə qarşılaşacağıq. Çünki, Qurani-Kərim müqəddəs və ilahi bir kitabdir.Və həm də sevgili peygəmbərimizin bizə əmanətidir. Gəlin bu əmanəti birlikdə sevək, birlikdə qoruyaq".(islam-azeri)