Tarix : 2012 Sep 05
Kod 32508

“Azərbaycan da İranla bağlı ölçülü-biçili şərhlərə üstünlük verir”

İstənilən halda şairlərin azad olunması jestinin, bu addımın atılmasının mehriban qonşuluq münasibətlərini davam etdirməyə hesablandığını düşünürük
/Aran Agentliyi

“İstənilən halda şairlərin azad olunması jestinin, bu addımın atılmasının mehriban qonşuluq münasibətlərini davam etdirməyə hesablandığını düşünürük”

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunmasına münasibət bildirib.

Sentyabrın 5-də “Media forum” saytına açıqlamasında Əli Həsənov hadisəni İran-Azərbaycan münasibətlərinin normallaşması kimi qiymətləndirib: “İranla Azərbaycan arasındakı münasibətlər normallaşmaya doğru gedir. Bunun əsas əlaməti kimi İranda ruhaniyyətin antiazərbaycan yönlü çıxışların dayandırılmasını göstərmək olar. “Səhər” kanalının Azərbaycana qarşı yürütdüyü total qarayaxma, əhalini zəhərləmə siyasətində müəyyən yumşalma gedir. O cümlədən Azərbaycan tərəfi də İranla bağlı ölçülü-biçili şərhlərə üstünlük verir. Bunlar onu göstərir ki, ilk növbədə İran tərəfinin təşəbbüsü və cəhdləri ilə kəskinləşən münasibətlər normallaşmağa doğru gedir.

Biz həmişə öz prinsiplərimizi demişik, bu gün də o prinsiplərin üzərində qalırıq. Biz bu dövlətlə münasibətlərimizi iki müstəqil, dost, mehriban qonşu dövlətin, müştərək dinə, mədəniyyətə malik xalqların münasibəti kimi yaxşı saxlamaq istəyirik. Amma bu münasibətlər bir-birinin daxili işinə qarışmağa gətirməməlidir. Bu münasibətlər dövlətlərin daxili və xarici siyasətinə müdaxilə, onların daxili və xarici siyasətinin məhdudlaşdırılması, yaxud da bu siyasətlərə etiraz forması almamalıdır. Münasibətlərimiz mehriban dostluq, qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində getməlidir. Bu istiqamət üzərində də davam edəcəyik.

Şairlərin azad olunmasına da bu kontekstdə yanaşırıq. Onlar İranda bir günah törətməmişdilər. Onların heç bir günahı yox idi. Gənclər oraya müxtəlif şeir, sənət adamları tərəfindən dəvət olunmuşdu. Onları tutub müəyyən problem yaratmaq yaxşı hal deyildi. Hər halda bu, İran-Azərbaycan münasibətlərinin ruhuna, İran xalqının qonaqpərvərlik prinsiplərinə də uyğun gəlmirdi. İstənilən halda şairlərin azad olunması jestinin, bu addımın atılmasının mehriban qonşuluq münasibətlərini davam etdirməyə hesablandığını düşünürük. Bunu dəyərləndiririk. Bunun üzərində də gələcək münasibətlərimizi quracağıq”.(qafqazinfo)

  • Yazılıb
  • da (də) 2012 Sep 05