Hacı Şahin Həsənli: ''Dünyanın inkişaf etmiş ölkələrində az yaşlı uşaqların orta məktəblərə hicabla getməsi ilə əlaqədar hər hansı problemlər yaşanmır
/Aran Agentliyi
Hacı Şahin Həsənli: "Dünyanın inkişaf etmiş ölkələrində az yaşlı uşaqların orta məktəblərə hicabla getməsi ilə əlaqədar hər hansı problemlər yaşanmır. Belə ki, uşaqların əqidə seçimini onların valideynləri müəyyən edir"
Dünən ASA Jurnalistika Məktəbində hicaba və hicablı qadınlara münasibət mövzusunda debat keçirilib. Debatda jurnalistlərin və gənclərin suallarını Azəri-Türk qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı və ilahiyyatçı alim Hacı Şahin Həsənli cavablandırıb. Debatla bağlı FaktXeber.com-a açıqlama verən ilahiyyatçı alim Hacı Şahin Həsənli diskussiyanın maraqlı müzakirə şəraitində baş tutduğunu bildirdi. İlahiyyatçı onu da bildirdi ki, debatda əsasən gənclər iştirak ediblər: “ Debat zamanı aydın oldu ki, hicab haqqında cəmiyyətin hamısının mövqeyi eynidir. Hətta oponent kimi çıxış edən Tənzilə Rüstəmxanlı da hicabın əleyhinə olmadığını bildirdi. Əsas müzakirə mövzusu məktəblərdə azyaşlı uşaqların hicab bağlaması ilə əlaqədar idi. Biz də bu məsələ ilə bağlı bildirdik ki, dünyanın inkişaf etmiş ölkələrində az yaşlı uşaqların orta məktəblərə hicabla getməsi ilə əlaqədar hər hansı problemlər yaşanmır. Belə ki, uşaqların əqidə seçimini onların valideynləri müəyyən edir. Debat zamanı ortaq bir nəticəyə gəlindi və gənclərin hamısı hicabın tərəfdarı olduqlarını bildirdilər. Yəni debatda iştirak edən gənclərin hamısı hicab qadağasının əleyhinə olduqlarını söylədilər.” ”
“Hicab probleminin həll edilməsi ilə bağlı ümidlər nə yerdədir”, sualını da cavablandıran Hacı Şahin Həsənli, dəqiq nəsə deyə bilməyəcəyini söylədi: “Arzu edirəm ki, bu məsələ qısa bir zaman ərzində öz həllini tapsın. Çünki bu problem cəmiyyətdə yersiz gərginliklər yaradır. Lakin ümid edirik ki, problem qısa bir zaman ərzində öz həllini tapacaq.”