m/Aran agentliyi
Ağcabədi sakini Ramiz Səfərovu bıçaqlamaqda ittiham olunan Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədova qarşı cinayət işi başlanıb. Bu haqda gunxeber.com məlumat yayıb. Qeyd edək ki, iyulun 26-da Ağcabədinin icra başçısı əvəzi Rövşən Əhmədov və onun qardaşı Əliş Əhmədov rayonda “qızılsatan Fiqurə” kimi tanınan xanımın oğlu Ramiz Səfərovu döymüşdülər. Hadisədən sonra “Yeni Müsavat”a daxil olan xəbərdə deyilirdi ki, R.Səfərova bıçaq xəsarəti də yetiriblər.
Rayondakı qaynağımız hadisənin motivi haqda bunları demişdi: “Ramiz xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb. Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb. Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər. Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib”.
Qaynağımız qeyd etmişdi ki, R.Əhmədov camaatın gözü qarşısında törədilən hadisəyə görə özünün və qardaşının hərəkətlərinə haqq qazandırmağa çalışıb. Deyib ki, sürücünü maşını yüksək sürətlə idarə etdiyi üçün döyüb.
Son məlumatlara görə zərərçəkən tərəf cinayət işinin Ağcəbədi Rayon Prokurorluğunda araşdırılmasına etiraz edib. Respublika Prokurorluğuna müraciət etdikdən sonra iş Bərdə Rayon Prokurorluğuna verilib.
Məlumata görə, bıçaqlanan R.Səfərov və anası sentyabrın 1-də Bərdə Rayon Prokurorluğuna çağırılaraq orada təzyiqə məruz qalıblar və buna görə də, Fiqurənin halı pisləşib, onlar bununla bağlı müxtəlif qurumlara şikayət ediblər. Artıq konkret olaraq Bərdə Rayon Prokurorluğunda Rövşən Əhmədov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərin aşma) və 221-ci (xuliqanıq) maddələri ilə cinayət işi başlanıb.
Məlumata görə, başçı müavini bu hadisənin üstünün ört-basdır edilməsinə çalışsa da, buna nail ola bilməyib və hazırda onun vəziyyəti ağırdır. R.Əhmədovun həbs edilməsi belə mümkün görünür.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.(musavat)