Quba hadisələrinə görə tutulan rayon bələdiyyəsinin sədri Elxan Əliyev, şimal bölgəsində yayımlanan ...
/Aran Agentliyi
Quba hadisələrinə görə tutulan rayon bələdiyyəsinin sədri Elxan Əliyev, şimal bölgəsində yayımlanan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin həbs müddəti dekabrın 1-nə qədər uzadılıb. Məlumatı “Media forum” saytına vəkil Elçin Sadıqov verib. Vəkilin sözlərinə görə, sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında belə qərar çıxarıb.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.
1 mart aksiyasına Rauf Həbibovun 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə səsləndirdiyi bəzi fikirlər rəvac verib. Başçının qubalıları təhqir etdiyi iddia olunub. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının 1 dəqiqə 18 saniyəlik videosu yayılıb. İstintaq Elxan Əliyev, Vüqar Qonaqov və Zaur Quliyevi video materialı montaj edib yaymaqda günahlandırır.