Tarix : 2012 Sep 10
Kod 32620

Elşən Mustafaoğlu: “Hicab qadağası dindarlarla hökumət arasında uçurum yaratmaqdan başqa heç nəyə...

Bu il may ayının 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olan Elşad İsgəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gündən artıq vaxt ötür
/Aran Agentliyi

Bu il may ayının 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olan Elşad İsgəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gündən artıq vaxt ötür. "Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin rəhbəri, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu Elşad İsgəndərovun ötən 100 gün ərzindəki fəaliyyətini “Deyerler.org”a açıqlamasında dəyərləndirib.

 

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gün keçib. Elşad İsgəndərovun ötən 100 günlük fəaliyyətini necə dəyərləndirirsiz?

 

- Hələ bu vəzifəyə yeni təyin olunan zaman söyləmişdik ki, hörmətli Elşad müəllimin komitəyə sədr təyin edilməsi təqdirəlayiq haldır. Hesab edirəm ki, ötən 100 gün bu ümidləri doğrultdu. Azərbaycanımızda dövlət-din münasibətləri ilə bilikli və bacarıqlı olmaqla bərabər, azad, demokratik, sağlam düşüncəyə malik olan bir şəxsin məşğul olması, bu sahəyə rəhbərlik etməsi, əlbəttə, bizi sevindirir. Elşad müəllim komitəyə sədr seçilən kimi biz şahidi olduq ki, qurumun fəaliyyət istiqamətlərində, məsələlərə yanaşmasında nəzərəçarpacaq islahatlar aparıldı. Ramazan ayı boyu komitənin gerçəkləşdirdiyi layihələr də uğurlu addımlardan oldu. Amma bütün bunlar başlanğıcdır. Uzun illər ərzində üst-üstə yığılıb qalmış problemləri şübhəsiz ki, 100 günə düzəltmək mümkün deyil. Ən əsası budur ki, bu sahədə artıq iş gedir. Əvvəlki kimi problemlərə göz yumulmur, ört-basdır edilmir, əksinə, bu sahədə olan problemlər diqqətlə öyrənilir və onun həlli yolları haqda düşünülür, müvafiq addımlar atılır. Şübhəsiz ki, söhbət mövcud imkanlar çərçivəsindən gedir. Mən Elşad müəllimin fəaliyyətini müsbət dəyərləndirir, Uca Allahdan uğurlar diləyirəm.

 

- Sizcə, bütün inanclı mühiti narahat edən məktəblərdə hicab problemində yaxın müddətdə irəliləyiş olacaqmı?

 

- Təəssüflər olsun ki, bu məsələ hələ də öz həllini tapmayıb. Problemin həlli istiqamətində müəyyən işlər görülür. Amma hələ də gözlənilən nəticə yoxdur. Yəni qismən irəliyə doğru addımlar atılıb, amma problem birdəfəlik, İlahi dəyərlərə dərin ehtiramla, millətimizin milli-mənəvi dəyərlərinə, eləcə də dövlət qanunvericiliyinə sədaqətlə çözülməlidir. Bu gün dünyanın bütün mütərəqqi dövlətlərində - Avropada da, Amerikada da hicablı şagirdlər sərbəst məktəbə gedib dərslərini oxuyurlar. Bu qadağa dindarlarla hökumət arasında uçurum yaratmaqdan, inanclı vətəndaşlarımızı qıcıqlandırmaqdan başqa heç nəyə xidmət etmir. Ümid edək ki, hicablı qızlarımızın - bacılarımızın konstitusion təhsil haqları bərpa ediləcək və problem öz müsbət həllini tapacaq. Amma bunun yaxın müddətdə baş verəcəyini dəməkdə çətinlik çəkirəm. Fürsətdən istifadə edib, müvafiq instansiyaları yeni təhsil ilindən bu yersiz qadağanı ləğv etməyə, 130 min vətəndaşımızın səsinə səs verməyə, minlərlə inanclı ailənin, saf balaların intizarına son qoymağa çağırıram. Əminliklə söyləyirəm ki, bu qadağanın ləğvi Azərbaycanımız üçün, cəmiyyətimizin inkişafı üçün olduqca zəruridir. Hicab – Allahın buyruğu və konstitusiyamızın tanıdığı, qəbul etdiyi bir haqdır. Elə isə cəmiyyətimizin inanclı təbəqəsinin bu haqqını, bundan irəli gələrək də təhsil haqqını belə kobud şəkildə pozmayaq. İnsanların dini heysiyyətinin təhqirinə son qoyaq. Vətəndaşlarımızla aqressiya ilə deyil, mehribanlıqla, xoşluqla, ehtiramla davranaq. Buna olan ümidlərimizlə, inşallah.

Deyerler.Org

  • Yazılıb
  • da (də) 2012 Sep 10