Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 11-də Qəbələyə gələcək
/Aran Agentliyi
Deyerler.Org: Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 11-də Qəbələyə gələcək. Bu toplantıya Azərbaycan tərəfindən dövlət başçısı İlham Əliyev, Türkiyə tərəfdən isə Baş nazir Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. Bəs görəsən, ölkə prezidenti Ərdoğanı paytaxt Bakıda deyil, Qəbələ nə üçün qarşılayacaq?
Mövzuya münasibət bildirən politoloq Elxan Şahinoğlu Deyerler.Org-a açıqlamasında deyib ki, Ərdoğanın Qəbələdə qəbulu və toplantının Qəbələdə keçirilməsi Rusiyaya mesajdır. “Ərdoğanın Qəbələdə qəbulunun çox mühüm əhəmiyyəti var. Azərbaycan hakimiyyətinin Qəbələ ilə bağlı planlarının olduğu görsənir və bu səbəbdən Rusiya ilə Qəbələ RLS barədə olan anlaşmanı uzatmaq istəmir. Ölkə rəsmilərindən biri belə bir açıqlama vermişdi ki, Qəbələdə turizm inkişaf elətdirilir. Belə bir məkanda şüa yayan xarici bazanın olması yolverilməzdir. Ərdoğanın Qəbələdə qəbulu ilə Moskvaya mesaj verilir ki, Qəbələ turistik bir məkandır və burada yüksək səviyyəli qonaqlar qəbul edilir. Düşünürəm ki, burada Türkiyə də Azərbaycana dəstək vermiş olur. Ərdoğanın da Qəbələyə gedib, orada müzakirələr aparması Türkiyənin də mövqeyini ortaya qoyur ki, Türkiyədə bölgədə Rusiyanın bazasının olmasını istəmir. Bu, Azərbaycanla Türkiyənin ortaq mesajıdır”.
Qeyd edək ki, Azərbaycana səfəri dövründə R.T.Ərdoğan Şəkiyə də getməsi gözlənilir. Bakıya səfər isə, nəzərdə tutulmayıb. Baş nazirin Azərbaycan prezidenti və bir sıra digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Azərbaycandan sonra R.T.Ərdoğan sentyabrın 12-də Ukraynaya yola düşəcək və burada Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılacaq. O, Ukraynaya səfəri çərçivəsində sentyabrın 14-də Krımda Yalta Avropa Strateji 9-cu illik toplantısına qatılacaq. Sentyabrın 15-də Bosniya-Herseqovinaya səfər edəcək Türkiyə hökumətinin başçısı burada bir sıra görüşlər keçirəcək və mükafatlandırma mərasiminə qatılacaq.
Deyerler.Org