Tarix : 2012 Sep 10
Kod 32623

Mehdi Şamilli hüquq müdafiəçiləri ilə görüşmək istəyir

Mehdi Şamilli istintaq təcridxanasında həkim nəzarəti altındadır
/Aran Agentliyi

Mehdi Şamilli istintaq təcridxanasında həkim nəzarəti altındadır

HaqqYolu - Bakı İstintaq Təcridxanasında saxlanılan ictimai fəal, dindar Mehdi Şamilli hüquq müdafiəçiləri ilə görüşmək istəyir. Bu istəyini o, sentyabrın 9-da ailə üzvləri ilə görüşündə ifadə edib.

Mehdi Şamillinin qardaşı Tərlan Şamilli “Media forum” saytına açıqlamasında bildirib ki, hüquq müdafiəçiləri qardaşının həbsi ilə bağlı fikirlərini açıqlayıblar: “Amma indiyə qədər onunla görüşən olmayıb. Mehdi bəy həbs olunarkən onun fiziki təzyiqə məruz qalması ilə bağlı İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudova ərizə yazmışdım. O bizə bildirmişdi ki, müəyyən səbəblərdən Bakı İstintaq Təcridxanasında monitorinq keçirə bilmir. Eləcə də hüquq müdafiəçisi Eynulla Fətullayevə müraciət etdim və o, Bakı İstintaq Təcridxanasına getmək üçün müraciət etdiyini bildirdi. Dedi ki, yaxın günlərdə Mehdi bəylə görüşəcək”.

Mehdi Şamilli ailə üzvləri vasitəsilə media nümayəndələrinə təşəkkür çatdırıb: “Hər kəsə əziyyətinə görə minnətdarlığını bildirdi”.

Tərlan Şamilli onu da əlavə edib ki, qardaşının 6 yaşlı qızı da görüşdə olub: “O, sentyabrın 15-də birinci sinfə gedəcək. Elə bu səbəbdən özümüzlə apardıq ki, atası ilə görüşsün”.

Mehdi Şamillinin səhhətinə gəlincə, qardaşı müalicə kursunun davam etdiyini, dərmanları qəbul etdiyini deyib: “İstintaq təcridxanasında həkim nəzarəti altındadır”.

Mehdi Şamilli avqustun 6-də Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Mehdi Şamillinin üstündən 6,69 qram marixuana çıxdığı iddia olunur.

MediaForum

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 10