Tarix : 2012 Sep 11
Kod 32645

MƏHBUSLAR TÜRMƏDƏ QİYAM QALDIRDI

14 saylı “zon”da saxlanılan dustaqlar saxlanma şəraitinə etiraz edib; Penitensiar Xidmət isə “orada sakitlikdir” deyir...
m/Aran Agentliyi

Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinin bir qrup məhbusu saxlanma şəraitlərinə etiraz olaraq sentyabrın 9-da həbsxananın həyətinə çıxıblar. Ancaq rəhbərlik onları sakitləşdirə bilib. Bu haqda “Azadlıq” radiosunun müxbirinə şahidlər məlumat verib.

Dustaqlardan birinin qohumunun dediyinə görə, sentyabrın 9-da həbsxanaya baş çəkəndə onları yaxına buraxmayıblar, həbsxanadan təxminən 150 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər. Bir neçə şahid həbsxana yaxınlığında qara maskalı əməliyyatçıları gördüyünü, hadisə yerinə xüsusi itlər gətirildiyini deyib.

Dustaqların qohumları 20-dən çox məhbusun həbsxanadan aparıldığını bildirib. Həbsxana nəzarətçilərindən biri xəbəri nə təsdiq, nə də təkzib edib.

Penitensiar Xidmətin mətbuat xidmətindən isə bildirdilər ki, 14 saylı müəssisədə sakitlikdir, orada heç bir hadisə baş verməyib.

Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, həmçinin ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Bununla belə, ora ağır şəraitli cəzaçəkmə müəssisəsidir, siyasi məhbusları əksərən orada saxlayır, ikiqat cəzalandırırlar. Hazırda vicdan məhbusları Vidadi İsgəndərli və Şahin Həsənli həmin cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir.

V.İsgəndərlinin qardaşı Oqtay İsgəndərli “Yeni Müsavat”a açıqlamasında bir neçə gün əvvəl 14 saylı müəssisədə olduğunu söyləyib: “Orada olanda qeyri-adi heç bir şeyə rast gəlmədim. Əgər nəsə qeyri-adi bir iş olsaydı, Vidadi bunu mənə mütləq deyərdi”.

O.İsgəndərli qardaşının səhhətində ciddi problemlərin olduğunu da bildirib.(musavat)

  • Yazılıb
  • da (də) 2012 Sep 11